Növbəti hədəf Qərbi Azərbaycana qayıdışdır

SİYASƏT 30 dek 2022, 16:15
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” hər bir soydaşımızın gələcəyə olan ümidlərini daha da artırıb. Artıq hər birimizdə doğma dədə-baba yurdlarımıza qayıdacağımız barədə inam daha da güclənib. Ermənistanın 30 illik işğalına son qoyulduqdan sonra “Qarabağ Azərbaycandır!” həqiqəti artıq bütün dünyada sübut olunur. Növbəti hədəf Qərbi Azərbaycana qayıdışdır. Tarixi faktlar da təsdiqləyir ki , bugünkü Ermənistan dövlətinin ərazisi qədim Azərbaycan torpaqları olub. Uzun müddətdir ermənilər bu ərazilərdəki yaşayış məntəqələrindəki Azərbaycan adlarını, toponimlərimizi dəyişməklə həmin torpaqların , guya, onlara məxsus olması barədə rəy formalaşdırmağa çalışırdılar. Ancaq tarixi saxtalaşdırmaq mümkün deyil. Ermənilərin tərtib etdikləri saxta t xəritələrə onların özləri və ermənipərəst qüvvələr inana bilərlər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Komitə sədri deyib ki, erməni tarixçiləri, başbilənləri nə qədər çalışsalar da, əsl həqiqəti öt- basdır edə bilməzlər. Həmin ərazilərin Azərbaycana məxsus olması barədə kifayət qədər təkzibolunmaz faktlar , tarixi mədəni abidələr var. Kimliyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı, xaricdə yaşayan həmvətənlərimiz, o cümlədən diaspor nümayəndələrimiz əsl reallıqları dünya ictimaiyyətinə çatdırmaq üçün bütün imkanlardan istifadə etməlidirlər. Dövlətimizin başçısı, eləcə də Heydər Əliyev Fondu tərəfindən bu istiqamətdə davamlı şəkildə mühüm əhəmiyyətli tədbirlər həyata keçirilir.

Ç.Qənizadə bir neçə gün əvvəl Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə də onların qarşısında mühüm bir vəzifə qoydu. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında bütün imkanlardan, tarixi faktlardan səmərəli istifadə etmək lazımdır. Hüquq müdafiəçisi bildirib ki, dövlətimizin başçısının Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü siyasi, tarixi, mənəvi tərəfləri özündə birləşdirir və mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin tədbirdəki çıxışı beynəlxalq hüquqa əsaslanan, tarixi ədalətin bərpasını təmin edən sülh və birgə yaşayış konsepsiyasını özündə ehtiva edir. Dövlətimizin başçısı tərəfindən Qərbi Azərbaycan konsepsiyası ilə bağlı ölkəmizin strategiyasının dəqiq, əhatəli və üzaqgörənliklə cəmiyyətə təqdim edilməsi və bu istiqamətdə beynəlxalq platformalarda lazımı işlərin görülməsi prioritet vəzifələrdəndir.

Hüquq müdafiəçisi son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətini xatırladaraq deyib ki, bütün bunlar xalqımızın yaddaşında silinməz iz buraxıb. Başqa dövlətlərin ərazisi hesabına “böyük Ermənistan” imperiyası yaratmaq istəyi millətçi-şovinist siyasətin əsas məqsədini təşkil edib. Azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərini erməniləşdirmək istiqamətində dəridən-qabıqdan çıxan ermənilər milli kimliyimizi əks etdirən bütün tarixi mədəni abidələri dağıtsalar da çirkin niyyətlərinə nail ola bilmədilər.

Ç.Qənizadə deyib ki, 1988-1991-ci illərdə Qərbi Azərbaycandan 300-ə yaxın yaşayış məntəqəsindən qovulan soydaşlarımız qaçqın kimi respublikamızın müxtəlif yerlərində məskunlaşıblar. Onların doğma ata-baba yurdlarına qayıtmağa mənəvi haqları çatır. Dövlətimizin başçısı da çıxışında qəti olaraq bildirdi ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər , tarixi xəritələr, o cümlədən bizim tariximiz təsdiqləyir. Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Azərbaycanın qədim tarixi, arxiv sənədləri , xəritələr buna imkan da verməzdi. XX əsrin əvvəllərinə təsadüf edən xəritə də təsdiqləyir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və dünya azərbaycanlılarına da bəllidir ki, indiki İrəvan ərazisi tarix Azərbaycan ərazisidir. Dövlətimizin başçısı bildirdi ki, indi əsas vəzifələrdən biri də dünya ictimaiyyətinin də bunu bilməsidir. Artıq bu istiqamətdə işlər başlanılıb.

Komitə sədri deyib ki, Qarabağın işğaldan azad edilməsi Azərbaycanın gücünü, diplomatiyamızın qüdrətini dünyaya nümayiş etdirdi. Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir. Əldə edilən hərbi və siyasi uğurlarımız gələcək qələbələrimizə zəmin yaradır. Bizi heç kim və heç bir qüvvə dayandıra bilməz.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top