“Azərişıq” rəhbərliyinin “vətəndaşa xidmət” fəlsəfəsi — İlk dəfə olaraq vətəndaş şikayəti qeydə alınmadı...

SOSİAL 26 dek 2022, 10:55
Prezident İlham Əliyevin siyasi fəlsəfəsinin əsasında vətəndaşa xidmət dayanır. “Hər bir məmur xalqın xidmətçisi olmalıdır” deyən dövlət başçısı daim xalqa xidmət edir, istər dövlət və milli maraqların müdafiəsində, istərsə də sosial qayğının göstərilməsində. Bütün məmurlardan tələb etdiyi də məhz budur.

Lakin etiraf edək ki, xalqın xidmətçisi olan məmur da var, olmayan, bunu etməyən, yaxud etmək istəməyən məmur da. Prezidentin tələbi budur ki, məmur vətəndaşın ayağına getsin, problemləri vətəndaşın özündən dinləsin və həllini də yerində həyata keçirsin...

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun dekabrın 23-də Şamaxıda vətəndaşların qəbulunu keçirməsi dövlət başçısının “vətəndaşa xidmət” fəlsəfəsini yada saldı. Təbii ki, “Azərişıq” ASC-nin sədri öz vəzifəsini yerinə yetirir, amma bunu etməyən məmurların fonunda sədrin fəaliyyəti nümunəyə çevrilib.

Belə ki, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşların qəbulu zamanı onların problemləri birbaşa təmasda dinlənildi, qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırıldı. Həmçinin, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görüldü, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alındı və aidiyyəti şöbələrin icraatına göndərildi. Maraqlı məqam odur ki, Şamaxı və Qobustan sakinləri ilə görüşdə ilk dəfə olaraq, heç bir şikayət qeydə alınmadı. Təkcə bu amil görülən işləri qiymətləndirmək üçün yetərlidir.

Əslində, şikayətin qeydə alınmaması bir o qədər də təəccüblü qarşılanmamalıdır. Çünki bu gün paytaxtın mərkəzində elektrik enerjisinin təminatı necə həyata keçirilirsə, respublikanın ən ucqar nöqtəsində də eyni cür təminat mövcuddur. Təbii ki, zaman-zaman texniki problemlər yarana bilər, iş olan yerdə problemlərin olması da normaldır, lakin məsələ yaranmış problemlərə verilən reaksiya, çevik həll yollarıdır. 



Qurumun nümunəvi fəaliyyəti eyni zamanda, Azərbaycanın Avropaya elektrik enerjisi ixracına hazırlaşması, bu yaxınlarda bununla bağlı sazişin imzalanması baxımından da əhəmiyyətlidir. Əslində belə bir sazişin imzalanması Azərbaycan daxilində elektrik enerjisinin təminatı probleminin olmamasını da özündə ehtiva edir.

Uğurlu fəaliyyəti fonunda ASC sədrinin bölgələrə birbaşa özünün səfər etməsi, fəaliyyətini Prezident İlham Əliyevin tapşırığına uyğun qurması da xüsusi qeyd olunmalıdır. Çünki belə addımlar həm dövlət başçısının “vətəndaşa xidmət” fəlsəfəsinə uyğundur, həm də vətəndaş-dövlət münasibətlərinin dərinləşməsinə xidmət edir. Qəbul zamanı vətəndaşların etdiyi razılıq da əslində hər şeyi ifadə edir.

Göründüyü kimi, “Azərişıq” rəhbərliyi təkcə ölkənin enerji sektorunun inkişafında mühüm uğurlara imza atmaqla işi yekunlaşdırmır, eyni zamanda, vətəndaşın ayağına gedir, problemləri yerində dinləyib həll edir. Bu digər məmurlar üçün də nümunə olmalıdır. Çünki Prezident İlham Əliyevin vətəndaşa xidmət məsələsində aydın proqramı var, bu respublikanın bütün yerlərində əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, sosial rifahının yaxşılaşdırılmasına hesablanıb. Bu prosesdə ikinci mərhələ dövlət başçısının etimad göstərdiyi məmurun öz vəzifəsini layiqincə yerinə yetirməsidir. 

Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top