Beynəlxalq Bakı-Şuşa Forumu işə başladı

XARİCİ SİYASƏT 20 dek 2022, 23:57
Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu işə başlayıb.

Demokrat.az xəbər verir ki, Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Türk Dövlətləri Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

İştirakçı qurumların 2023-cü il üçün diaspor üzrə birgə fəaliyyət planının və fəaliyyət strategiyasının müzakirəsi keçirilib.

Qonaqları salamlayan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, Türk Dövlətləri Təşkilatının ərsəyə gəlməsinə gedən yolun məhz 2009-cu il Naxçıvan Zirvə Görüşündən başlaması təsadüfi deyil.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin sədri Abdullah Eren, Türk Dövlətləri Təşkilatı baş katibinin müavini Yerjan Mukaş, Macarıstanın Milli Siyasət üzrə Dövlət Katibi Arpad Yanos Potapi, Qırğız Respublikasının Prezidenti yanında Dövlət dili və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Kanybek Osmonaliev, Özbəkistanın Nazirlər Kabineti yanında Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq münasibətləri Komitəsinin sədri Rustambek Kurbanov, Qazaxıstanın “Otandastar” Fondu prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Kalybek Koblandin, Şimali Kipr Türk Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin Katibliyinin rəisi Kemal Köprülü çıxış edərək, Forumun işini yüksək qiymətləndirib, türk diasporlarının əməkdaşlığının zərurətə çevrildiyini diqqətə çatdırıblar.

Forumda dünyadakı türk diasporlarının inteqrasiyasına yönəlmiş mühüm layihələr, TDT-yə üzv ölkələr arasında mədəni-humanitar əməkdaşlığın dərinləşməsi, diaspor qurumları arasında işbirliyinin vacibliyi, vətəndən kənada yaşayan türk icmalarının ana dilində təhsil almaq imkanlarına malik olması və digər vacib mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

Forum Azərbaycan, Özbəkistan, Türkiyə və Qırğızıstanın müvafiq qurumları arasında anlaşma memorandumlarının imzalanması mərasimi ilə davam edib.

Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu öz işini dekabrın 21-də Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı Şuşada davam etdirəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top