"Dövlət medianın sağlam inkişafında və peşəkarlaşmasında maraqlıdır" — Baş redaktorlar danışdı

MEDİA 20 dek 2022, 18:11
Xəbər verdiyimiz kimi, Medianın İnkişafı Agentliyi tərəfindən çap və onlayn mediası subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb. Nəticələrə əsasən MEDİA 39 sayta və 16 qəzetə maliyyə yardımı ayırır. Qalib olmuş onlayn media subyektləri arasında ictimai-siyasi və idman məzmunlu saytlar yer alır.

Müsabiqə nəticəsində qalib olan "Demokrat.az” xəbər portalının baş redaktoru Vasif Həsənli AZXEBER.COM-a açıqlamasında müsabiqə haqqında fikirlərini bildirib.

O, qeyd edib ki, müsabiqədə yer tutan saytların əksəriyyəti yeni media hesab olunur:

"Qaliblər siyahısında dost KİV-lər də var, fürsətdən istifadə edib Azxəbər saytını da təbrik edirəm. 

Şəffaf və obyektiv müsabiqəyə görə Medianın İnkişafı Agentliyinə təşəkkür edirəm. Müsabiqədə yer tutan saytların əksəriyyəti yeni medialar hesab olunur. Bu, bir daha göstərdi ki, dövlət Azərbaycanda medianın sağlam inkişafında və peşəkarlaşmasında maraqlıdır. Bu, bizim məsuliyyətimizi daha da artıracaq”.

Vasif Həsənli bildirib ki, bu cür dəstək layihələri mediamızda yeni nailiyyətlərə və uğurlara yol açır:

"Bu cür dəstək layihələri mediamızda yeni nailiyyətlərə və uğurlara yol açır. Əminəm ki, bu müsabiqə qalib olmuş redaksiyaların fəaliyyətinə təsirli stimul yaradacaq. Yeri gəlmişkən, uğur qazanan KİV-lərin kollektivlərini təbrik edirəm! Müsabiqədə yer tuta bilməyən həmkarlarımıza da uğurlar arzu edirəm”.

Müsabiqədə qalib olan onlayn subyektlər arasında "Manşet.az” xəbər portalı da var. 

Saytın rəhbəri Famil Fərhadoğlu AZXEBER.COM-a açıqlamasında Agentliyin müsabiqəsi haqqında fikirlərini bildirib.


O, əvvəlcə qalibiyyətləri haqqında bunları deyib:


"Medianın İnkişafı Agentliyinin onlayn və çap mediasına dəstək layihəsi çərçivəsində biz onlayn media subyeki olaraq sayt yeni yarananda birinci dəfə müraciət etmişdik. O zaman biz müəyyən səbəblərə görə, bizim müraciətimiz müsbət dəyərləndirilmədi. Amma bizə müsabiqənin münsiflər heyəti tərəfindən bəzi tələblər irəli sürüldü, hansı ki, o məsələləri diqqətdən keçirməli və o istiqamətdə yeniliklər etməli idik. Təbii ki, biz keçən 6 ay müddətində həmin o göstərilən məsələlərə diqqət yetirdik və çatışmazlıqları aradan qaldırdıq. Daha sonra yenidən müraciət etdik. İkinci dəfə müraciətimiz müsbət dəyərləndirildi”. 

F.Fərhadoğlu bildirib ki, müsabiqənin nəticələrinin tam ədalətli və şəffafdır:

"Bildiyiniz kimi, müəyyən şərtlər var, onlardan biri günə 20-dən çox özəl xəbərin olmasıdır. Eləcə də müəyyən istiqamətlər olmaıdır. Biz bunları uğurla yerinə yetirdik. Eləcə də "Manşet.az” xəbər portal olaraq yarandığı ilk gündən 1 ildən artıq vaxt ərzində özəl xəbərlərimiz də olur. Bu özəl açıqlamalar, xəbərlər ölkənin ən nüfuzlu media qurumlarında "Manşet.az”a istinadən yayımlanır. Göstərdiyimiz bu uğurların nəticələri bizdə əminlik yaratmışdı ki, biz yenidən müraciət etsək, növbəti dəfə qalib gələcəyik. Müraciət də etdik, şükürlər olsun ki, bu gün müraciətiniz müsbət dəyərləndirildi. 

Ümumilikdə isə, deyə bilərəm ki, müsabiqənin nəticələrinin tam ədalətli və şəffafdır. Ona görə əminliklə deyirəm ki, bu gün sosial şəbəkələrdə də bu məsələ müzakirə predmentidir. Heç bir müdaxilə olamadan, heç bir tapşırıqsız bizim xəbər portal müsabiqədə qalib olursa, demək ki, müsabiqənin nəticələrini sual altına atmaq olmaz. Müsabiqənin münsifləri heyəti tərəfindən bizim də saytın fəaliyyəti araşdırıldı və haqlı da olaraq qaliblər sırasında olduq”.

F.Fərhadoğlu budəfəki müsabiqədə qalib ola bilməyən həmkarlarına da uğurlar arzuladığını bildirib:

”Ümumlikdə, bütün həmkarlarıma uğurlar arzulayıram. İnanıram ki, MEDİA-nın ayırdığı bu dəstək həqiqi mənada istər onlayn media subyeklərinin, istərsə də yazılı mətbuatın inkişafına töhfə verəcək. Çünki burada saytın texniki göstəricilərinin inkişaf etdirilməsi üçün bu yardımdan istifadə olunur. Eləcə də bizim həmkarlarımızın maaşı 600-manatdan aşağı olmamalıdır. Bu da mətbuat nümayəndələrində özünə inam yaradır və daha keyfiyyətli iş görməyə təkan verir. Bir daha qalib olanları təbrik edir, qalib olmayan həmkarlara tövsiyə olaraq demək istəyirəm ki, təmkinli olsunlar və öz üzərlərində çalışsınlar. Qoyulan tələbləri daha da doğrultmağa çalışsınlar”.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top