Ehtiyatda olan mayorun anası: “Range Rover”in sürücüsü tıxacda siqnal verib, sonra oğlumu döyüb”

HADİSƏ 12 dek 2022, 15:09
Bir neçə gün öncə Bakıda yol vermək üstündə sürücülər arasında dava olub.

Sürücülərdən biri Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan mayoru Vurğun Əbilova küt alətlə xəsarət yetirmiş, o, xəstəxanaya yerləşdirilmişdi.

Məsələ ilə bağlı V.Əbilovun anası Kəmalə Yusifova “Qafqazinfo”ya bildirib ki, oğluna xəsarət yetirən şəxs “Range Rover” markalı avtomobili idarə edib:

“Yolda tıxac imiş. “Range Rover” oğlumun arxasındaymış, siqnal verib ki, yol ver. Oğlum da əli ilə işarə edib ki, qarşıda tıxacdır. Həmin sürücü buna əsəbiləşib. Düşüb, gəlib maşına çatan kimi küt alətlə oğlumun burnundan, sonra alnından vurub. Ağır xəsarətlər yetirib. Həmin vaxt maşında Vurğunun həyat yoldaşı və başqa bir qadın da olub. Hazırda Vurğun “Semaşko”da müalicə alır. Sağ gözü tor görür, beyni silkələnib. 

Mənim oğlum qazidir, Vətən müharibəsində iştirak edib. Bu ilin apreldə Zəngilanda olarkən minaya düşüb. Sağ ayağı amputasiya olunub. Amma onu vuran şəxs buna məhəl qoymayıb”. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəsmisi Nurlan Əliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, hazırda araşdırma aparılır:

“Tərəflər arasında yaranan münaqişə ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır. Müvafiq ekspertiza təyin edilib. Polis tərəfindən bütün zəruri prosessual tədbirlər diqqət mərkəzində saxlanılmaqla icra olunur”.
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top