“Ərim məni əxlaqsızlıqda ittiham edirdi” — Şiddət görən qadın danışdı

KRİMİNAL 09 dek 2022, 10:48
Bakının Qaradağ rayonunda 1989-cu il təvəllüdlü Anar şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Nəsibəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyunun 1-də baş verib. 

Anar ailə münaqişəsi zamanı həyat yoldaşı Nəsibəni yumruqla vuraraq, ona xəsarətlər yetirib. 

İstintaq orqanı tərəfindən Anarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Anar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Nəsibə ilə birgə nikahdan iki azyaşlı övladı var: “Əvvəllər münasibətlərimiz yaxşı olub, aramızda heç bir mübahisə baş verməyib. Son zamanlar Nəsibənin məndən icazəsiz hərəkətlər etməsi səbəbindən münasibətlərimiz pozulub”.

Təqsirləndirilən şəxs deyib ki, mayın 2-də, saat 17 radələrində Nəsibə evə gəlib: “Nəsibəni evə buraxmadım. Nəsibə məndən evi tərk etməyimi tələb etdi. Buna görə mübahisəmiz yarandı. Nəsibə məni söyüb, təhqir etdi. Mən  də əsəbiləşərək onu yumruqla vurdum”. 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nəsibənin sözlərinə görə, son zamanlar Anar tüfeyli həyat tərzi yaşayıb, hər gün evə sərxoş vəziyyətdə gəlib, onu əxlaqsızlıqda ittiham edib: “Bu səbəbdən münasibətlərimiz pozuldu. Mayın 2-də, 17 radələrində  evə gəldim. Anar məni evə buraxmadı, evdən qovdu. Zorla evə daxil oldum. Aramızda mübahisə yarandı. Anar məni döyərək bədənimin müxtəlif nahiyələrinə xəsarət yetirdi. Hadisə vaxtı evdə başqa heç kəs olmayıb. Mübahisə ümumilikdə 3-5 dəqiqə davam edib. 

Bu cinayət işinə Qaradağ rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Anar aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğdə pul tutulmaqla 10 ay müddətə islah işləri cəzasına məhkum edilib. 

Hökmə görə, onun cəza çəkməsinin əvvəli qazancından dövlət nəfinə tutulmaların aparıldığı gündən hesablanacaq. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top