“Rusiya Azərbaycana öz ərazi bütövlüyünü tam təmin etməsinə niyə imkan vermir?” — AÇIQLAMA

GÜNDƏM 08 dek 2022, 19:43
“Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) vasitəsilə Qarabağa daxil olması versiyası inandırıcı deyil. Ona görə ki, Rusiya bugünə kimi KTMT-də kollektiv qərar anlayışından istifadə etməklə ermənistanlı tərəfdarları qarşısında münaqişəyə müdaxilənin  mümkünsüzlüyünü əsaslandırıb. Başqa sözlə, Rusiyaya KTMT-dəki kollektiv qərar anlayışı bir növ zəmanət verir ki, bu münaqişəyə qoşulmasın. Düzdür, Rusiya KTMT-nin lokomotividir, yəni KTMT - Rusiya deməkdir, ancaq Rusiyaya Azərbaycanla münasibətləri pozmamaq daha vacibdir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib. O qeyd edib ki, KTMT-nin ora daxil olması barədə hər hansı bir qərar veriləcəyini düşünmür.

“İnanmıram ki, bu qərara KTMT üzvləri hə desin. Ancaq bu gün Qarabağda rus sülhməramlılarının atdığı qərarlar ondan irəli gəlir ki, Rusiya tərəfi üçün Qarabağ qondarma rejimi - tərəfdir, Qarabağda yaşayan əhali isə Azərbaycan vətəndaşı  hesab olunmur. Azərbaycan tərəfi isə Qarabağda yaşayanları öz vətəndaşı bilir, qondarma rejimi isə danışıq tərəfi kimi tanımır. Rusiya Qarabağı Azərbaycanın tərkibi kimi tanısa da, ancaq Qarabağın statusunu müzakirə obyekti hesab edir. Başqa sözlə deməyə çalışır ki, Qarabağın statusu məsələsi həllini tapmayınca, Azərbaycanın həmin ərazidə öz ərazi bütövlüyünü tam təmin etməsinə imkan verməyəcək. Deməliyəm ki, Rusiya öz xarici siyasətində sistemlidir, davamldır, ardıcıldır.  Yəni bu gün Azərbaycanla Rusiya arasında yaranan ziddiyyətlər ondan irəli gəlir ki, Rusiya hesab edir ki, status məsələsi həllini tapdıqdan sonra Azərbaycan dövlət instansiyaları artıq statusdan asılı olaraq ya həmin ərazidə fəaliyyət göstərəcək, ya da göstərməyəcək.  Azərbaycan tərəfi  hesab edir ki, status yoxdur, Rusiya isə tam əksini hesab edir”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top