Zakir Həsənov pakistanlı admiralla görüşdü — FOTO

HƏRBİ 01 dek 2022, 17:30
Dekabrın 1-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı admiral Muhammad Amcad Xan Niazi ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə pakistanlı qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.

General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın olduğunu, Azərbaycan-Pakistan əlaqələrinin və strateji tərəfdaşlığının yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.

Pakistan İslam Respublikasının müdafiə nazirinin salamlarını çatdıran admiral ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin vacibliyini qeyd edib.

Görüşdə Azərbaycan, Pakistan və Türkiyənin iştirakı ilə ikitərəfli, eləcə də üçtərəfli birgə hərbi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Sonda ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top