Çingiz Qənizadə: Kəlbəcər yeni inkişaf dövrünə qədəm qoyub

SİYASƏT 25 noy 2022, 13:35
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuz Ermənistanın işğalçılıq siyasətinə son qoyaraq Azərbaycanın dünya birliyindəki nüfuzunu daha da artırdı. İndi respublikamız dünyada qalib ölkə kimi tanınır. İki il əvvəl işğalçı Ermənistan tərəfindən başlanan müharibə elə düşmən ölkənin məğlubiyyəti ilə başa çatdı. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatla Ermənistan məğlubiyyətini rəsmiləşdirdi. Tarixi əhəmiyyətli sənədin 6-cı bəndində qeyd edilirdi ki, Ermənistan respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır...

Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib. Kəlbəcərin işğaldan azad edilməsindən artıq iki il keçir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib. Hüquq müdafiəçisi Kəlbəcər rayonunun 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini xatırladıb. Deyib ki, işğal zamanı 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. İşğal nəticəsində onlarca tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərcə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilib, dağıdılıb və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb.

Komitə sədri rəsmi İrəvanın törətdiyi hərbi cinayətə beynəlxalq təşkilatların laqeyd münasibətindən söhbət açaraq deyib ki, 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılması BMT-nin və ATƏT-in prinsiplərinə tamamilə zidd idi. Lakin beynəlxalq birlik bu özbaşınalığa, ədalətsizliyə göz yumdu: “Hətta BMT Təhlükəsizlik Şurası 1993-cü il 30 aprel tarixli 822 saylı qətnamə də qəbul etmişdi. Qətnamədə işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi. Ermənistan beynəlxalq təşkilatların bu ədalətsiz mövqeyindən daha da azğınlaşdı və işğalçılıq siyasətini davam etdirdi”.

Ç.Qənizadə deyib ki, bu işğal əbədi ola bilməzdi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə icra edə bilmədiyi qətnaməni cəmi 44 gün ərzində həyata keçirdi. Rəşadətli Ordumuz düşməni darmadağın edərək Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. İkinci Qarabağ müharibəsinin ilk günlərində Kəlbəcərin şimal hissəsi yenilməz Silahlı Qüvvələrimiz tərəfindən işğalçılardan azad edildi.

Qəhrəman Ordumuz həmin ərazidəki strateji yüksəklikləri ələ keçirərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə əhəmiyyətli dərəcədə məhdudlaşdırdı.

Komitə sədri tarixi Qələbəmizdən sonra dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərə səfərlərindən də danışdı: “2021-ci il avqustun 16-da, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev azad olunmuş Kəlbəcərə səfəri zamanı Azərbaycan bayrağını həmin ərazidə ucaltdı və Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq 11,6 kilometrlik tunelin təməlini qoydu. 2022–ci il iyunun 26-da reallaşan ikinci səfəri zamanı isə rayon ərazisində görülmüş yenidənqurma, tikinti-bərpa işləri ilə tanış oldu və “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və hərbi hissələrin açılış mərasimləri keçirildi. Həmçinin İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, “İstisu” mineral su zavodunun təməlqoyma mərasimləri keçirildi. Bütün işlər planlı şəkildə həyata keçirilir. Baş plana əsasən, rayon ərazisində yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcək. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Kəlbəcərdə aşıq mərkəzi və digər tikililər də inşa ediləcək”.

Ç.Qənizadə yaxın illərdə Kəlbəcərin turistlərin daha çox gələcəyi və Azərbaycanın ən görməli və gəzməli yerlərdən birinə çevriləcəyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top