Daha bir məktəbdə “Şuşanın 270 anı” filmi nümayiş olundu — FOTOLAR

SOSİAL 24 noy 2022, 14:21
Bakının 46 nömrəli tam orta məktəbində “Cəmiyyətin və Medianın inkişafı” İctimai Birliyinin sədri, layihə rəhbəri Lalə Azərtaşın “Şuşanın 270 anı” adlı bədii-sənədli filminin təqdimatı keçirildi. 

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. 

Əvvəlcə məktəbin direktoru Sevinc Budaqova Lalə Azərtaşı təhsil ocağının şagird və müəllim kollektivinə təqdim edib. Ardından L.Azərtaş filmin ərsəyə gəlməsi proseslərindən danışdı və filmdə əməyi keçən hər kəsə təşəkkürünü bildirdi. Onu da qeyd etdi ki, film “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində çəkilib. 

Filmin nümayişi sırasında bəzi şagird və müəllimlər göz yaşlarına hakim ola bilmədilər. Həm sevinc, həm kədər hissinin hökm sürdüyü dəqiqələrdə hər kəs filmin sonunun necə bitəcəyini səbrsizliklə gözləyirdi.

Film bitdikdən sonra L.Azərtaş uşaqların film haqqındakı düşüncələrini, onlarda filmin yaratdığı hissləri öyrəndi. Şagirdlər hisslərini tam anlamları ilə digər iştirakçılara çatdıra bildilər. 

Nümayişdən sonra musiqi müəllimi Kəmalə Qədimovanın köməkliyi ilə 4C sinif şagirdləri xorla “Sən qalibləsən” mahnısını ifa etdilər. 
Şagirdlərdən Çingiz Parlanov isə “Şəhid anası” şeirini səsləndirərək hər kəsi yenidən kövrəltdi.

Sonra məktəbin direktoru çıxış edərək şagirdlərə şanlı zəfərimiz barədə geniş məlumat verdi.

Məktəbdə 27 ildir pedoqoji fəaliyyətini davam etdirən, 1-ci Qarabağ şəhidi Namiq Zalovun həyat yoldaşı Nəzirə Zalovaya söz verildi. Əslən Şuşadan olan Nəzirə xanım film və Şuşaya sonuncu dəfə 4 günlük səfəri haqda təəssüratlarını bölüşdü. Qeyd edək ki, Nəzirə xanımın nəvəsi, şəhid Namiq Zalovun adını daşıyan balaca Namiq Zalov adıçəkilən 3-cü sinfində təhsil alır.

Bundan başqa, məktəbin məzunu olan şəhid Ceyhun Useynovun anası Kəmalə xanım, əslən Şuşadan olan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin nümayəndəsi Xədicə Məmmədova və "Xəzər" televiziyasının əməkdaşı, filmin redaktoru Kərəm Ələsgərov da iştirak edənlər arasında idi.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top