Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası ötən otuz il ərzində çətin, keşməkeşli və uğurlu yol qət edib

SİYASƏT 21 noy 2022, 11:43
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təsis olunmasından 30 il keçir. Bu müddət ərzində YAP çətin, keşməkeşli və uğurlu yol qət edib. Nəhayət, bu gün Cənubi Qafqazın ən güclü siyasi təşkilatına çevrilib. 1993-cü ildən başlayaraq, ölkədə bütün seçkilərdə rəqiblərinə asanlıqla üstün gələrək qələbə qazanan Yeni Azərbaycan Partiyası bu gün də liderliyini qoruyub saxlayır. Bu uğurların əsas səbəbi, ilk növbədə, xalqın YAP-ın yaradıcısı ulu öndər Heydər Əliyevə və dahi şəxsiyyətin siyasi kursunu layiqincə davam etdirən, bu gün Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşmuş, respublikamızı dünya birliyində qalib ölkə kimi tanıdan Prezident, YAP-ın Sədri İlham Əliyevə olan inamının və etimadının göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, 1988-ci ildə ölkədə başlayan Milli Azadlıq Hərəkatı, keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun millətlər arasında ayrı-seçkilik toxumu səpməsi, açıq şəkildə Ermənistana havadarlıq etməsi 1990-cı ildə özünün pik nöqtəsinə çatdı. “Torpaqdan pay olmaz” - deyib etiraz səsini qaldıran xalqımızın harayı Kremli vahiməyə saldı və Mixail Qorbaçov xalqın haqq səsini boğmaq üçün Azərbaycana qoşun yeritdi. Nəticədə 1990-cı ildə 20 Yanvar qətliamı baş verdi. Bu qətliamdan sonra da ölkə rəhbərliyi susdu, Kremlə itaətkarlığını davam etdirdi. Həmin vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi, bu qətliama etirazını bildirdi, təşkilatçıları və icraçıları kəskin tənqid etdi.

“Azərbaycanda vəziyyət getdikcə ağırlaşırdı. Hətta SSRİ-nin süqutundan sonra da ölkədə siyasi proseslər daha da gərginləşdi. Ölkədə baş verən hakimiyyət davası siyasi və iqtisadi böhranı daha da dərinləşdirirdi. Ziyalılar, dövlət idarəçiliyində təcrübəsi olanlar hakimiyyətə yaxın buraxılmırdı. Belə bir vaxtda ulu öndər Heydər Əliyevin də dövlət idarəçiliyindəki zəngin təcrübəsindən yararlanmaq istənilmirdi. Xalq, ziyalılar, ictimai-siyasi xadimlər müstəqilliyimizin uçuruma yaxınlaşdığını, Azərbaycanın bölündüyünü görüb Heydər Əliyevə müraciət etdilər. Xalq yaxşı bilirdi ki, ölkəni düçar olduğu bu ağır vəziyyətdən yalnız ulu öndər Heydər Əliyev xilas edə bilər. Çünki onun xalq arasında, eləcə də, dünya birliyində böyük nüfuzu, dövlət idarəçiliyində zəngin təcrübəsi var idi. Həmin dövrdə xalqın inandığı, ölkəni idarə etmək gücündə olan liderə böyük ehtiyac yaranmışdı. Əhalinin etimad etdiyi, güvəndiyi lider yalnız ulu öndər Heydər Əliyev idi”, - deyə Ç.Qənizadə qeyd edib.

Komitə sədri diqqətə çatdırıb ki, 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalı ulu öndər Heydər Əliyevə müraciət ünvanladı. Ç.Qənizadə müraciətdən bəzi məqamları xatırladıb. “Müraciətdə deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.

Çingiz Qənizadə qeyd edib ki, ulu öndər Heydər Əliyevin ziyalılara göndərdiyi cavab çox gecikmədi. Ümummilli Lider 1992-ci il 24 oktyabr tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdiyini bildirdi. Ulu Öndər bu müraciətə belə cavab vermişdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.

Həmin vaxtdan başlayaraq, insanların axın-axın YAP-a üzv olduğunu, ümummilli lider Heydər Əliyevin ətrafında sıx birləşdiyini deyən Ç.Qənizadə bu həmrəyliyin və birliyin 1993-cü ildə Ulu Öndərin Prezident seçilməsi ilə pik nöqtəsinə çatdığını bildirib. Deyib ki, Yeni Azərbaycan Partiyasının sıraları ziyalılarla, tanınmış ictimai-siyasi xadimlərlə getdikcə genişlənirdi. Ölkənin həyatında baş verən ictimai-siyasi proseslərdə, siyasi və iqtisadi sahələrdə qazanılan uğurlarda və ölkəmizin beynəlxalq aləmə inteqrasiyasında YAP-ın mühüm rolu var idi. Xalqın bu partiyaya olan inamının və etimadının nəticəsi ölkədə keçirilən seçkilərdə özünü açıq şəkildə göstərdi. Son 29 ildə YAP ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində bütün rəqiblərinə qalib gəlib. Partiyanın beynəlxalq əlaqələri daha da genişlənib.

“Prezident İlham Əliyevin YAP-a sədrliyi dövründə daha çox gənclərimiz bu siyasi təşkilata üzv olub. Bu, Vətən müharibəsində bir daha özünü büruzə verdi. On minlərlə gənc könüllü olaraq cəbhəyə getmək üçün müraciət etdi, əsgər və zabitlərimiz Vətənin müdafiəsi yolunda sinələrini sipər etdilər. Bu, həm möhtərəm Prezidentimizə, həm də YAP-a olan inam və etimaddan irəli gəlirdi”, - deyə Ç.Qənizadə qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top