“Elektrik mühərrikli avtomobillərin satışının 2022-ci il 1 yanvar tarixindən ƏDV-dən azad edilməsi onları alıcılar üçün cəlbedici etmişdi, yeni qərara əsasən elektromobillərə tətbiq edilən 15% idxal gömrük rüsumu da ləğv edildi. Ümumiyyətlə bu ilin əvvəlindən ölkədə elektrik mühərrikli avtomobillərin satışlarında artım var idi və onları küçələrdə daha mütəmadi görmək olur”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Fərid Hüseynov deyib. Ekspertin sözlərinə görə, son verilən qərar elektromobillərə olan marağı daha da artıracaq:
“İlin əvvəlindən bu yana ölkədə sırf elektrik mühərrikli avtomobil istehsal edən bir neçə şirkətin satış mərkəzləri fəaliyyətə başlayıb və alıcılara fərqli modellər təklif edirlər. 15%-lik idxal gömrük rüsumunun ləğv edilməsi ölkədə elektromobillərin daha da artmasına səbəb olacaq. Artıq alıcılar da "yaşıl avtomobillər" haqda məlumatlıdırlar və bu qərar bu tip avtomobil almaq istəyənlər üçün lap "göydəndüşmə" oldu. Satışlar mütləq artacaqdır. Qiymətlərin artması ilkin mərhələdə olmamalıdır, amma bir müddət sonra elektromobil qiymətlərində az faizlərlə artım gözləmək olar. Buna səbəb tələbin artması fonunda təklifin limitli sayda olması olacaqdır. Nəzər alsaq ki, hazırda avtosənayedə qlobal olaraq yarımötürücü problemi qalmaqdadır, eyni zamanda qlobal olaraq elektromobillərə tələb artır, onda bizim ölkənin payına düşəcək kvotanın azlığı qiymətlərdə artmaya səbəb olacaq”.
Ekspert hesab edir ki, ölkədə elektromobillərin artması benzinin ucuzlaşmasına səbəb olmayacaq: 
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, elektrik mühərrikli minik avtomobillərinə tətbiq edilən 15 faiz idxal gömrük rüsumu ləğv edilib. Burada məqsəd alıcıların diqqətini ekoloji cəhətdən təmiz avtonəqliyyat vasitələrinə yönəltməkdən ibarətdir. Bildirək ki, 2022-ci il yanvarın 1-də yalnız elektrik mühərriki ilə işləyən nəqliyyat vasitələrinin idxalı ilə bərabər, satışı da əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Eyni tarixdə elektromobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı da üç il müddətinə əlavə dəyər vergisindən azad olunub.
Aynurə Demokrat.az

