“İranın hakim dairələri öz əməllərindən utanmalıdır” — Deputat

SİYASƏT 17 noy 2022, 13:55
“İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsinin ifşa olunması, əlbəttə ki, təqdirəlayiqdir və bu Azərbaycanın xüsusi xidmət orqanlarının uğuru hesab olunmalıdır. Bu şəbəkə üzvləri indi ifşa olunurlar, ancaq bununla bağlı əldə xeyli faktlar var. Bu şəbəkənin Azərbaycanda həyata keçirdiyi məkrli niyyətlər məlumdur. Bir neçə il bundan əvvəl Nardaranda baş verən hadisələr, digər tərəfdən din və islam pərdəsi adı altında İran xüsusi xidmət orqanlarının Azərbaycana göndərdiyi bəzi insanlar tərəfindən antiazərbaycan təbliğatının aparılması, bir çox hallarda insanlar tərəfindən dəyərləndirilib və nəinki xüsusi xidmət orqanlarımız, eləcə də Azərbaycan vətəndaşları onlara qarşı həmişə kəskin mövqedə olublar”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. Deputat qeyd edib ki, son dövrlərdə İranın antiazərbaycan təbliğatı daha da genişlənib

“Təbii ki, bu da Azərbaycanın möhkəmlənən mövqeyindən, Azərbaycanın güclənməsindən, Azərbaycanın öz haqlı, ədalətli mövqeyini dünya miqyasına çıxarmasından və eləcə də, İranın tutduğu mövqeyə ciddi münasibətini bildirməsindən irəli gəlir. İran İslam Respublikası tarixən Azərbaycanı güclü və müstəqil dövlət kimi görmək istəməyib.  İstər işğal dövründə, istər işğaldan əvvəl, hazırki dövrdə bu amillər, bu məkrli niyyət artıq ortadadır. İranın hakim dairələri, eləcə də bir çox parlament üzvlərinin siyasilərinin yürütdüyü siyasət bugün deməyə əsas verir ki, İran İslam Respublikası Azərbaycana qarşı düşmən mövqeyindədir. Və bu düşmən mövqeyi 1990-cı ilin əvvəlindən ermənilər Azərbaycanın  torpaqlarını işğal etdiyi dövrlərdə də özünü aydın göstərmişdir. O vaxtlar İran erməniləri silahla, yanacaqla, hərbi ləvazimatlarla təchiz edən, onlar Azərbaycan torpaqları işğal etməyə ruhlandıran bir ölkə kimi çıxış edirdi. İşğal dövründə də bu özünü aydın göstərdi və demək olar ki, işğal altında olan torpaqların, şəhər və kəndlərin dağıdılması, tikinti materialların, sərvətlərin talan edilməsi ermənilərlə İran tərəfindən törədilib. Bunu faktlar, əldə olunan materiallar sübut edir. Bu gün də İran öz mövqeyini dəyişməyib. O sərhədlərdə hərbi manevrlər keçirməklə, ermənilərə dəstək verməklə, imzalanmış bəyanatlarda irəli sürülən o tələbləri pozmaqla, Şərqi Zəngəzur dəhlizinin açılmasına mane olmaqla, öz niyyətlərini həyata keçirtmək istəyir. Bütün bunlar onu göstərir ki, İran Azərbaycana qarşı düşmən mövqedədir”.

Millət vəkilinin sözlərinə görə, bu gün casus şəbəkəsinin ifşa olunması, həmin  insanların Azərbaycana göndərilməsi və burada antiazərbaycan təbliğatının aparılması, məhz İranın xarici dairələrinin fəaliyyətindən, onların tutduqları mövqedən qaynaqlanır.

“Azərbaycan Respublikasının rəhbərliyi, eləcə də xalqımız daim İranla sülh şəraitində, qonşuluq şəraitində yaşamağa üstünlük verib. Ancaq çox təəssüflər olsun ki, özlərini islami dəyərləri təbliğ edən, “Quran”a sitayiş edən, özünü müsəlman adlandıran İran hakimiyyəti, onların rəhbərləri Azərbaycanın ağrılarını, Azərbaycanın işğalına həmişə laqeyd yanaşıblar. Əslində düşmənin təchiz olunmasına, onların daha geniş miqyasda hücum etməsinə şərait yaradıblar. İranın hakim dairələri öz əməllərindən utanmalıdırlar, bu hərəkətlərinə son qoymalıdır. Cənab Prezidentimiz həm Şuşada Zəfər bayramı münasibətilə etdiyi çıxışında, həm də Səmərqənddə Türkdilli dövlərin zirvə toplantısındakı çıxışlarında fikirlərini  ortaya qoydu. Bildirdi ki, Ermənistana havadarlıq edən ölkələr öz ağıllarına başlarına yığmalıdırlar. Yoxsa onlar üçün çətin olacaq və Ermənistan da heç bir kənar qüvvəyə arxalanmasın, həm də oyuncaq olmasın”. 

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top