“ABŞ, Böyük Britaniya, Fransa regionda yeni kürd dövlətinin qurulmasında maraqlıdırlar” – TƏHLİL

SİYASƏT 10 noy 2022, 10:13
“İranın durumu  onsuz da hazırda çox çətindir. Məhz durumun çətin vəziyyətdə olmasının təzahürüdür ki, bu gün İranın küçələri bütün anlamlarda “od tutub“ yanır. İstər sosial, istər siyasi, istər humanitar, yəni hər yöndə yeni sanksiyaların tətbiqi İran üçün növbəti məhdudiyyətlərə gətirib çıxardacaq və bu da daxildə etirazları daha da tətikləyəcək“. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri deyib. Politoloqun sözlərinə görə, paralel olaraq ABŞ-ın İran molla rejiminin devrilməsi üçün etirazçılara yardım etməsi məsələsi də çox önəmlidir. 

“ABŞ prezidenti Baydenin bu yöndə açıq açıqlaması var ki, yaxın zamanlarda İran azad olacaq. Bu da o deməkdir ki, həm İranda molla rejiminə təzyiqlər artacaq. Bütün sahələrdə bilavasitə etirazçılara dəstək veriləcək ki, bu da bir çox mətləblərdən xəbər verir. Çünki artıq hiss edirsinizsə, İran küçələrində sadəcə etirazçılar sivil qaydada etiraz etmir, bəzi şəhərlərdə İranın mühafizə korpusu, SEPAH-ın əsgərlərini, zabitlərini silahla öldürməyə başlayıblar. Əgər İranda etirazçılar tədricən silahlanarsa, bu da molla rejimi üçün açığı 1979-cu il İran İslam İnqilabı vəziyyətinə gətirib çıxardacaq. Yəni, necə gəlmişdilərsə, hayla-küylə o cür də silahlı və üsyan vasitsəilə devrilmə ehtimalı artacaq. Ona görə də, bu məsələlər paralel yürüyəcək, bir tərəfdə İran iqtisadi blokadaya alınacaq, embarqolar qoyulacaq və İranın bütün dünya üzrə demək olar ki, iqtisadi, maliyyə nöqteyi-nəzərdən blokadaya alınacaq. Digər tərəfdən də, etirazçılara dəstək olunarsa, düşünürəm ki, molla rejiminin süqutunu daha yaxınlaşdıracaq“. 

Politoloq güney azərbaycanlıları bəzi məsələlərdə ayıq-sayıq olmağa səsləyib:

“ABŞ, Böyük Britaniya, Fransa kimi ölkələr bu rejimin devrilməsində nə qədər maraqlıdırlarsa, onlar Cənubi Azərbaycanda yeni türk dövlətinin qurulmasını əslində istəmirlər. Onlar bu günləri daha çox yeni kürd dövlətinin regionda yaradılmasında maraqlıdırlar. Bu kürd dövlətinin bir qolu İraqda, Suriyada, İranda və bir qolu da gələcək prespektivdə Türkiyədə olması nəzərdə tutulur. Bu böyük bir plandır və  böyük İsrail planıdır. Ona görə də, bu məsələyə gərək bizim soydaşlarımız  çox həssas yanaşsınlar. Ciddi təşkilatlansınlar və zamanı doğru-dürüst dəyərləndirsinlər və zamanında hərəkətə keçib öz milli hökumətlərini qursunlar. Təbii ki, bu məsələləri təkbaşına deyil, Azərbaycan dövləti və digər Türk Cümhuriyyətləri ilə koordinasiyalı şəkildə həyata keçirilməlidirlər. Düşünürəm ki, bu bir tarixi şansdır və tarixi şansdan mütləq mənada istifadə etmək lazımdır. Çünki növbəti yüz illik Türk əsiri olacaq bir əsrə bənzəyir və düşünürəm ki, burada aparıcı elementlərdən biri də məhz Türk Dövlətləri Birliyi olacaq. Turanı bu gün Cənubi Azərbaycansız təsəvvür etmək mümkün deyil“.

Aynurə
Demokrat.az




 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top