“Şuşaya getmək istəyirəm, amma...“ — Elmira Rəhimova

İNCƏSƏNƏT 08 noy 2022, 09:19
“Möhtəşəm zəfərimizin ikinci ildönümünü qeyd edirik. Bu günlər, bu möhtəşəm zəfər xəbəri, zəfər sevinci bizim heç vaxt yadımızdan çıxmayacaq. 44 günlük müharibə zamanı biz daim cənab prezidentin, Ali Baş Komandan İlham Əliyevin televiziya vasitəsilə çatdırdığı xəbərləri böyük həyəcanla  izləyirdik. Prezidentimiz işğaldan azad olunan ərazilərin adlarını efir vasitəsilə bildirəndə çox sevinirdik.

Bununla belə təəssüfləndiyimiz, kədərləndiyimiz anlar da olurdu. Bu da şəhid xəbərləri ilə bağlı idi. Qəhrəman igidlərimizin, müzəffər ordumuzun şücayəti sayəsində biz bu gün torpaqlarımıza qovuşmuşuq. Qoy bu gün, bu möhtəşəm zəfəri bizə yaşadan şəhidlərimizin ruhu şad olsun”

Bunu Moderator.az-a özəl açıqlamasında xalq artisti, sevilən sənətkar Elmira Rəhimova deyib. O daha sonra əlavə edib.

“Biz bu gün bütün bayramları böyük sevinclə, fərəh və qürur hissi ilə qeyd edirik. Bu gün Şuşada böyük zəfər qeyd olunur, Azərbaycanın bayraqları Şuşanı və digər torpaqlarımızı bəzəyir. Ən hündür yüksəkliklərdə bayrağımız dalğalanır. Həyatımda eşitdiyim ən gözəl xəbərlərdən biri Şuşanın işğaldan azad edilməsi, ən gözəl sözlərdən biri isə “Şuşa sən azadsan” sözü, kəlməsi oldu. Şuşa bu gün həm də bütün dünyada qüdrətimizin, ölkəmizin haqq səsinin rəmzinə çevrilib. Bütün dünyada bizim alnımız açıqdır. Şuşa öz əzəmətini yenidən bərpa edir. Bu gün Şuşada yenidənqurma, təmir-tikinti, bərpa işləri gedir. İnsanlar 30 ildən sonra öz torpaqlarına qayıdır, öz həyət-bacalarında, əkin işləri ilə məşğul olurlar. Bütün bunları müşahidə edib, necə sevinməmək olar? Ölkəmizin gözəl günləri hələ qarşıdadır. Bütün bu gözəllikləri görəndə xəstəliyim də yadımdan çıxır” deyə böyük sənətkar bildirib.

Xalq artisti Elmira Rəhimova bildirib ki, bütün dünyanı gəzsə də, öz ölkəsinin insanlarından görməyib.

“Xalqımızı, millətimizi çox istəyirəm, onları hər zaman bir görmək mənim arzumdur. Bizim bu haqq savaşında da qalibiyyətimiz elə birliyimizə görə baş tutdu. Bütün xalqın, millətin, şəhid analarının, vətənpərvər oğulların qarşısında baş əyirəm. Sənət fəaliyyətim dövründə bir çox dünya ölkələrini gəzmişəm, çox millətlər görmüşəm, amma öz xalqımın insanları qədər istiqanlı millət görməmişəm” deyə sənətkar bildirib.

Elmira Rəhimova Şuşada olduğu illəri də xatırlayıb.

“İşğaldan əvvəl 4-5 dəfə Şuşada olub, konsert proqramları ilə tamaşaçıların qarşısında çıxış etmişəm. Şuşanın qışı da, yayı da cənnətdir. İsa bulağı bir aləmdir. Bu gün də Şuşaya getmək istərdim, amma xəstəliyimlə bağlı olaraq gedə bilmirəm. Ölkəmizlə fərəhlənirəm, qürur duyuram” deyə Elmira Rəhimova bildirib.

Sənətkar səhhətindən də danışıb.

“2005-ci ildən sənət şou-biznesə keçəndən sonra televiziyalardan imtina etdim, sənətdən getdim. Mənə elə gəlir ki, düz etmişəm. Mən şou insanı deyiləm. Hər zaman istəmişəm ki, insanlar məni o illərdəki kimi xatırlasın. Evdən çıxmağı xoşlamıram, bütün günü evdə oluram, nəvələrim, oğlumla birlikdə yaşayıram. Oğlum Anandı, nəvələrim Elmira və Tofiqi Allah mənə çox görməsin. Tamaşaçılarıma sizin vasitənizlə böyük sevgilərimi göndərirəm” deyə sənətkar bildirib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top