“Kişilərin evlənmə prosesi uzanır” — Sosioloqdan AÇIQLAMA

SOSİAL 03 noy 2022, 19:37
“Bu gün biz illərdir ki, müzakirə etdiyimiz vəziyyətə gəlib çatmışıq. Əvvəllər deyirdik ki, ailələr getdikcə minimum uşağa endiriləcək, cırtdan ailə modeli daha üstünlük təşkil edəcək. Bu gün də həmin dediyimiz dövrə gəldik çatdıq. Ailələr minimum uşaqla kifayətlənirlər, boşanma sayları artıq pik həddə çatıb. Ümumiyyətlə, evlənməyən gənclərin sayı da çoxalıb. Ona görə gənclərimiz evlənmir ki, sosial problemlərin çoxluğu onlara icazə vermir. Toy etmək, ailə qurmaq, ev sahibi olmaq indi çox çətindir. Xüsusilə evi olmayan gənclər üçün bu ikiqat çətindir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib. Sosioloq əlavə edib ki, əgər toy xərclərini minimuma endirsək, ailə qurmaq üçün minimum imkanlardan yaralansaq yetərlidir. 

“Amma, gəlin görək hər kəs kirayədə yaşamağa razı olurmu? Buna görə də, evi olmayan gənclərin, xüsusilə də kişilərin evlənməsi prosesi uzanır. Adətən evi olmayan gənclərə qız verənlər də azdır. Mən valideynləri də qınamıram, kirayədə yaşamaq çətindir və bu səbəbdən də, kiməsə niyə övladını evi olmayan gəncə vermirsən demək də olmur. Amma, evləndikdən sonra ev məsələsinə görə, boşananların sayı da kifayət qədərdir. Yəni, əvvəldən bu vəziyyətə alışmaq lazım idi. Bilmək lazım idi ki, vəziyyət belədir. Bu səbəbə görə, boşanmaq hesab edirəm ki, xudbinlikdir”. 
L.Mehralı qeyd edib ki, bu gün ailələr uşaqların gələcəyini təmin edə bilməməkdən çox qorxur.

“Onlar üçün dünyaya uşaq gətirmək əlavə xərcdir, əlavə geyim, təhsil, yemək xərclərinin artması deməkdir. Ona görə də, bir uşaqla kifayətlənən ailələrin sayı getdikcə artır. Bir qism də var ki, biz dediyimiz problemlər onun üçün problem deyil. Nə maddi asılılığı var, nə sosial poblemləri var. Sadəcə evlənmək onun xarakterinə yaddır. O, istəsə evlənər, ailəsini kifayət qədər rifah şəraitdə yaşada bilər. Sadəcə bunu gərəksiz hesab edir vən evliliyin gərəksiz olduğu qənaətindədir. Bu cür insanların da getdikcə çoxalması, təbii ki, demoqrafik göstəricilərə öz təsirini göstərmiş olur”. 

Sosioloqun sözlərinə görə, getdikcə ailə modelinin forması da pozulmaqdadır.


“Ailə modelinin getdikcə formasının pozulması hesab edirəm ki, bir səbəbi də uşaq pulu məsələsindən asılıdır. Əgər dövlətin diqqəti ailələrin üzərində olsa, hesab edirəm ki, boşanmalar, uşaq sayların azalması bu həddə olmaz. İnsanlar dövləti öz ailələrinin başının üstündə görmək istəyirlər. Çətin anda dövlət əlini hiss etmək istəyirlər öz üzərində. Ona görə hesab edirəm ki, bu məsələdə dövlət bir əncam çəkməlidir. Əvvəl-axır bu vəziyyətlə bağlı bir qərara olmalıdır”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top