“İran Şimali Koreyanın bir növünə çevrilib” — Deputat

SİYASƏT 03 noy 2022, 17:57
“İranın siyasəti fars siyasətidir və bu siyasətin yüzlərlə il tarixi var. Bunların həmişə qeyri-adi, qeyri-standart ancaq öz maraqlarını güdmək üçün siyasətləri olub. Vaxtaşırı elə olub ki, bu siyasət daha güclənib, beynəlxalq vəziyyətdən asılı olaraq bunlar bir balaca bu siyasətin sürətini azaldıblar. Amma Azərbaycana qarşı da İran həmişə ikili, bəlkə də üçlü standartlı siyasət həyata keçirib. Biz buna müstəqllik dövründə də görürdük. Ələlxüsus qeyd etmək istəyirəm ki, mən cənub zonasından seçilmiş deputatam. Cənub zonasında bunların müəyyən siyasəti, insanlar arasında olan təbliğat-təşviqat, bəzi maliyyə yönümlü addımları göstərir ki, bu dövlətin xüsusi özünəməxsus bir siyasəti var. Əfsuslar olsun ki, bunlar həmişə ermənilərlə çox sıx əlaqədə olublar və daima çalışıblar ki, ermənilərə kömək olsunlar. Baxmayaraq ki, islam dini olan bir ölkədir. Baxmayaraq ki, bunlar Qarabağda erməni vəhşiliklərinin şahidi olublar. Bunu diplomatlarımız hər dəfə bütün dünyaya bəyan ediblər, cənab Prezident bunu hər dəfə qeyd edib. Belə bir qənaətə gəlib çıxmaq olar ki, biz artıq İran tərəfindən istənilən başqa bir addımlar da görə bilərik”. 

 Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib. Deputat qeyd edib ki, Azərbaycan 20-25 il bundan qabaqkı Azərbaycan deyil.

“Azərbaycanın iqtisadi qüdrəti, beynəlxalq arenada olan gücü, nüfuzu gündən-günə artmaqdadır. İran bugünədək mühüm heç bir layihə həyata keçirməyib.Baxmayaraq ki, Azərbaycan İrana kifayət qədər maliyyə məsələləri ilə əlaqədar, heç deməzdim ki, bu tək maliyyə idi, bunun arxasında siyasi məqamlar da dururdu. Səhv etmirəmsə, Azərbaycan İrana 500 milyon dollar bir faizli kredit ayırmışdı ki, Rəşt-Astara dəmir yolunun tikilməsi  ilə bağlı və s. bunun kimi bir çox addımlar olub Azərbaycan tərəfdən. Amma görünür ki, fars siyasəti sonda bunlara güc gəlir. Bunlar görürlər ki, Azərbaycan artıq tək regionda yox, dünyada sayılıb, seçilən, nüfuzlu və güclü dövlət olubdur. Bu günləri bunların siyasətinin təməl daşında duran bir faktor da Rusiyanın Ukrayna ilə müharibəsidir, Rusiyanın iqtisadi və beynəlxalq arenada zəifləməsidir. Artıq İran bundan istifadə edir və Rusiya ilə çox sıx əlaqələr qurur. Burada da çox maraqlı bir problemli  nöqtə yaranır”. 

Millət vəkili qeyd edib ki, qardaş Türkiyənin bizim yanımızda olması da İranı qıcıqlandırır:

“Təbii ki, İran bu faktoru da gözünün qabağına gətirir. Bundan başqa, bizim İsrail dövləti ilə münasibətlərimiz çox sıxdır. Bunu da nəzərə almalıdır. Azərbaycanın istər bu regionda, istərsə də  bütün dünyada münasibətləri praktiki hamı ilə çox xoşməramlı xətlə inkişaf edir. Təbii ki, İranda gizli silahı yerə qoymurlar və bu da ilk deyil. Bunların bu formada oyunları 44 günlük Vətən müharibəsində də göründü və faktiki oyunları alınmadı. Bunların siyasətinin qabağını alan əsas faktor ondan ibarətdir ki, rəsmi formada İranda 30 milyondan çox etnik azərbaycanlılar yaşayır ki, İran da bunlarla hesablaşmalıdır. Orada yaşayan insanlar həmişə Azərbaycanı dəstəkləyib. Son neçə illərdir ki, cənab Prezidentin siyasətini dəstəkləyirlər. Ümumiyyətlə, dünyada çox böyük bir problemlər yaranır və kökündə dünyanı idarə edən qüvvələr bunu normal formada idarə etməməkdədir. Bunu dəfələrlə demişəm ki, beynəlxalq qanunların işlək olmalıdır, yəni beynəlxalq qanunlar həyata keçirilmir faktiki. İkili, hətta üçlü standartları var dünya diplomatiyasında.  Düşünürəm ki, bunların siyasəti cənab Prezidentimizin siyasətinin yanında çox cılızdır. İndi İran da dünyada yaranan bu şəraitdən istifadə etməyə, müəyyən qazanc əldə etmək istəyir. Lakin bu da iflasa uğrayacaq. İran onsuz da Şimali Koreyanın bir növünə çevrilib, get-gedə də buna tərəf gedir və bütün dünyadan ayrı düşəcək bu siyasətinin nəticəsində. Biz çalışmalıyıq ki, cənab Prezidentimizin siyasətini dəstəkləyək, hamımız bir olaq,  xalq kimi, millət kimi birləşək. Sonda da qeyd etmək istəyirəm ki dünyada yaşayan 50 milyondan yuxarı  azərbaycanlılar da Azərbaycanı və cənab Prezidentin daxili siyasətini, xarici siyasətini də dəstəkləyir”. 

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top