Praqada Əliyevin tələbləri bunlar olacaq

SİYASƏT 06 okt 2022, 12:24
Bu gün Praqda keçiriləcək dördtərəfli görüş - Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan – sülh sazişinin imzalanmasına təkan verə biləcəkmi?

Bakı və İrəvanın açıqlamaları müəyyən gözləntiləri artırır və o mənzərəni ortaya çıxarır ki:

- Sərhəd toqquşmasından sonra Qərbin bölgədə ələ aldığı vasitəçilik təşəbbüsündə müəyyən irəliləyişlər var;

- Ukraynada zəifləyən Rusiya Cənubi Qafqazda da arxa planda qalır.

Hərçənd, tərəflərin açıqlamaları və mövqelərində uzlaşma ilə yanaşı, toqquşan məqamların olması açıq suallar da yaranır.

Sülh sazişində əsas prinsip Bakının İrəvana təqdim etdiyi 5 bəndlik təklif paketi götürülür və Ermənistan tərəfinin açıqlamaları təklif paketinin ilk üç bəndində uzlaşmanın olduğunu deməyə əsas verir:

- Ərazi bütövlüyü tanınır;

- Ərazi iddialarından imtina edilir;

- Bir-birinə qarşı hədə və gücdən imtina.

Lakin son iki bəndlə – sərhədin delimitasiya və demarkasiyası, nəqliyyat və kommunikasiyanın açılması – bağlı mövqelər toqquşur.

- Ermənistan kommunikasiyanın açıqlamasında Zəngəzur dəhlizinin “yol məntiqi” ilə olmasını, sərhədlərin SSRİ dağılanda mövcud olan inzibati-təsərrüfat xətləri ilə delimitasiyasını istəyir.

- Azərbaycan üçtərəfli razılaşmalara əsasən dəhliz və SSRİ, hətta daha əvvəlki dövrün xəritələri əsasında delimitasiya tələb edir.

Əliyev və Paşinyanın dünən – görüşdən öncə verdiyi açıqlamalar da mövqelərin fərqliliyini göstərdi.

Bu proseslər fonunda Praqada dördtərəfli görüşün əsas müzakirə mövzularından birinin sülh paketinin son iki bəndi ilə bağlı ola biləcəyini deyə bilərik.

Və burada masada Ermənistan tərəfinin mövqeyinin daha öndə olacağı gözləntisi də var.

Birincisi, Ermənistanla yanaşı, Qərb – Avropa İttifaqı və Fransa kommunikasiyanın açılmasını “ölkələrin suveren hüquqları” əsasında olmasını, Zəngəzurun “yol məntiqi” ilə açılmasını istəyir;

İkincisi, delimitasiyası məsələsini bölgədə təsir rıçaqlarını gücləndirmək üçün vasitə kimi görən Qərbin “müşahidə missiyası” adı ilə qüvvələrini sərhədə gətirməsi gündəmdədir.

Müzakirə ediləcək digər məsələ isə Qarabağdakı “etnik ermənilər” ola bilər.

İrəvan sülh paketində “ərazi bütövlüyü” prinsipini qəbul etsə də, Xankəndidəki separatçıları “tərəfə” çevirmək iddiasını yenidən aktuallaşdırıb. Paşinyan dünənki çıxışında da bəyan etdi ki, Xankəndi ilə Bakı arasında birbaşa danışıqlar aparılmalıdır, bunun üçün müəyyən imkan var və bu məsələ Ermənistanın iki təməl daşından (birincisi sərhədlə bağlıdır) biridir. Və Qərb, xüsusilə Fransa da bu mövqedən çıxış edir.

İlham Əliyevin dünən – görüşdən öncə “Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik” açıqlaması da dördtərəfli görüşdə bu məsələnin olacağını və rəsmi Bakının mövqeyini əvvəlcədən açıqladığını deməyə əsas verir.

Azərbaycan dəhliz amilini sonraya saxlasa belə, sərhəd və Qarabağdakı “etnik ermənilər” məsələsində geri çəkilməyəcəyi bəllidir. Ermənistan isə dəstək gördüyü Qərb masasında maksimum mövqeyini gücləndirməyə çalışacaq.

Və bu məqamlar fonunda baxdıqda Praqa görüşündən nəticələrlə bağlı gözləntilər azalır. (publika.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top