"Böyük ehtimalla bu, quraşdırma videodur" — Ədalət Verdiyev məlum görüntülərdən danışdı

GÜNDƏM 05 okt 2022, 20:24
Ermənilər bu görüntülərdən istifadə edərək, beynəlxalq aləmdə anti-Azərbaycan təbliğatını gücləndiriblər. Lakin əksər ekspertlər bu görüntülərin saxta olduğunu və indiki məqamda qəsdən yayıldığını bildirirlər.
 
Məsələ ilə bağlı Moderator.az -a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, videonun şübhəli olduğu birmənalıdır:
 
 
"Adı çəkilən videomaterialda hərbçilərin geyimləri, xüsusilə də bəzilərinin dəbilqələri aidiyyatı bölmələrimiz tərəfindən istifadə edilmir. Digər tərəfdən, daşlıq-qayalıq ərazidə bu qədər yaxın məsafədən atəş açmaq peşəkar heyətin davranışlarına uyğun gəlmir. Bu məsafədən atılan mərmilərdən hansısa biri daşa dəyərək geri qayıdıb atəş açanın özünə də ziyan verə bilər. Böyük ehtimalla bu, quraşdırma videodur. Kifayət qədər şübhəli məqamlar mövcuddur. Hazırda bu materail Hərbi Prokurorluq və digər təhlükəsizlik orqanları tərəfindən dərindən araşdırılır".
 
Ə.Verdiyev qeyd edib ki, cəmiyyətdə əsgərlərimizin müsbət addımlarına qarşı böyük laqeyidlik mövcuddur:
 
"Nədənsə bəzi sosial media istifadəçiləri yaralanan erməni əsgərlərinə yardım göstərən, onu hospitala apararaq həyatını xilas edən Azərbaycan əsgərinin videolarını paylaşmaqdansa, belə şübhəli videoları 5-10 layk xatirinə paylaşırlar. Bu tamamilə yanlış addımdır. Ermənistan öz maraqlarına uyğun olaraq zəfər qazanmış Azərbaycanı dünyada fərqli konteksdə təqdim etmək istəyi aşkardır. Bəzilərimiz belə videoları paylaşmaqla Ermənistana əlavə imkanlar yaradırlar və bundan məmnun olanlarımız və buna haqq qazandıranlarımız da tapılır, nəticədə erməni dəyirmanına su tökürük. Lakin başa düşməliyik ki, bunlar düşmən tərəfin əlini gücləndirən materiallardır. Ordumuzu təbliğ etmək üçün "n" qədər müsbət addımlarımızı əks etdirən rəsmi materallar mövcuddur. Dünyada ləyaqətlə mübarizə aparan Azərbaycan əsgərinin nüfuzuna xələl gətirmək üçün düşmən tərəfi, yaxud daxilimizdə olan düşmənlər ortaya belə bir videomaterial atır və insanlarımız da bunu dünyagörüşün azlığından, ya da savadsızlıqdan öz məcralarında dəyərləndirir. Sonda da bu materiallar yalnız düşmənə xeyir verir. Ona görə də öz işini ləyaqətlə yerinə yetirən əsgərlərimizə dəstək olmalıyıq. Belə lazımsız materiallarla onların həyatını, təhlükəsizliyini, hətta azadlığını belə zərbə altına qoymamalıyıq".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top