Şagirdlər arasındakı davaya növbəti REAKSİYA : "Həmin şagird islah evinə göndərilsə..."

GÜNDƏM 04 okt 2022, 21:46
 "Gecədən yayılan bu video hər kəs kimi məni də narahat edir. Unutmayaq ki, tərbiyə ailədən başlayır. Bütün günahı olduğu kimi nazirlikdə, müəllim və məktəbdə görmək məsələni həll etmir. Əgər ailədə tərbiyə sistemi düzgün qoyulmayıbsa, məktəb buna necə bir müdaxilə edə bilər? Yəni bir tərəfli olaraq düşünmək düzgün deyil. Burada ən böyük günahkar ailədir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat əlavə edib ki, məktəb isə bu tip davranışları gördüyü andan etibarən reaksiya verib, ailə və uşaqla mütləq şəkildə danışıqlar aparmalı idi:

"Əlbəttə, məktəbin psixoloquna da böyük iş düşür. Mən inanmıram ki, bu uşağın ilk davası məhz bu görüntüdədir. Düşünəndə ki, pandemiya və müharibə bütün təbəqələrə mənfi təsirlər edib. Bu səbəbdən nəinki məktəblərdə, bütün təhsil müəssisələrində şagird və tələbələrə davamlı olaraq nəzarət olunmalıdı. Mən düşünürəm ki, burada hər iki uşağın gələcəyi var, biz bu gün döyülən və döyən arasında fərq yaradaraq, potensial aqressiya ilə dolu gənc yetişdirə bilərik. Təbii ki, videodakı qarşı tərəfin qüruru sınıb və müəyyən psixoloji sarsıntı keçirib. Lakin cəmiyyət olaraq unutmamalıyıq ki, onlar hər ikisi hələ gəncdirlər. Əgər həmin şagird islah evinə göndərilsə bu onun gələcəyinə qarşı edilmiş ən böyük pislik olacaq. Videodan da aydındır ki, şagird sevgi dolu bir mühitdə böyümür, cəmiyyət onu təcrid edib, uzaqlaşdırdıqca daha da aqressivləşib, gələcəyin cinayətkarına çevirilə bilər. Hər iki ailə və şagirdlə söhbətlər aparılıb, hadisəni tərəflər üçün müsbət yöndə həll etmək lazımdır. Əgər şagirdi bu səhvinə görə cəzalandırsaq, o da qarşısındakı insanlara ona qarşı olunan hər kiçik səhvə görə cəzalandırmaq üçün bu videodakından da pis yollara əl atacaqdır. Təəssüf ki, heç kim o vicdansızca yumruq atan uşağa sahib çıxmaq istəmir".


Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top