Bakıda ibtidai siniflərə dərsliklər verilmir — “Ödənişləri yığırsınız, şagirdləri kitabla təmin edin”

SOSİAL 29 sen 2022, 16:46
Azərbaycanda yeni tədris ilinin başlanmasından artıq xeyli müddət keçib. Amma paytaxtın bəzi məktəblərdə dərsliklərin hələ də çatışmaması ilə bağlı şikayətlər var. Valideynlər saytımıza bildiriblər ki, ibtidai sinif dərslikləri hələ hazır deyil, məktəblərə nə zaman veriləcəyi isə naməlum olaraq qalır. Hətta fənn müəllimləri şagirdlərə nə keçəcəyini də bilmir.  Maraqlıdır, bu problemlər nə zaman həllini tapacaq?

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı Demokrat.az-a bunları dedi:

“Orta ümumtəhsil məktəblərində dərslik çatışmamazlığı təəssüf ki, hər il olur. Təbii ki, bu çatışmamazlığının qarşısını almaq üçün isə vəsaitlər daha tez nəşr olunmalıdır. Bu proses  ən azından avqust ayının 25-dən  sentyabr ayının 10-na qədər həll edilməlidir. Həmçinin, nəşr olunarkən müvafiq olaraq orta ümumtəhsil məktəblərində şagirdlərin sayı nəzərə alınmalı, həmin say uğrunda müvafiq vəsaitlər təhsil ocaqlarına göndərilməlidir. Həmçinin, sentyabrın 10-na qədər məktəbin əməkdaşları hər bir sinif üzrə o vəsaitləri ayırıb qoymalıdırlar. Çox təəssüf ki, bu mexanizmi tətbiq etmirlər. Hər şeyi xaotik formada həyata keçirirlər, sistem yoxdur. Hamısı da sistemsizliyin nəticəsidir ki, bu gün bəzi yerlərdə ibtidai sinif şagirdləri hələ də vəsait almayıblar. Düşünürəm ki, bunun üçün də ən optimal yol ilk növbədə vaxtında bu işləri görməkdir”. 

Ekspertin sözlərinə görə, son illər ümumiyyətlə dərsliklərimizin vəziyyəti bərbaddır:

“Dərsliklərdə elə suallar qoyulur ki, bunlar da ibtidai sinif səviyyəsinə uyğun deyil. Olsa belə, elmi yanaşması yoxdur, demək olar ki. Ümum respublikada 4440-dan çox ümumtəhsil müəssisəsi var. Burada 1 milyon 600 mindən çox şagird təhsil alır. Bu, 1 milyondan çox şagirdin vəsaitlə təmin olunması, o qədər çətinlik törətməməlidir. Bunun qarşılığında onsuz da  şagirdlərin hər birindən müxtəlif məktəblərdə müxtəlif adlar altında nə qədər ödənişlər yığılır. Bu ödənişləri yığırsınız, heç olmasa pulsuz kitablarını vaxtında təmin edin! Hətta, bildiyim qədər bəzi məktəblər rəhbərləri o kitablara görə pul da alırlar. Buna konkret bir nəzarət lazımdır. Bu şəxslər hansı ki, özbaşına qərarlar qəbul edirlər, özbaşına addım atırlar, bunlarla bağlı bir ölçü götürülməlidir”.

Demokrat.az məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb. SoNazirlik bu kimi halların təhsil idarələri tərəfindən araşdırılaraq aradan qaldırıldığını deyir:
 
"Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri Nazirlik tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələrlə yerli təhsili idarəetmə orqanları tərəfindən təqdim olunan proqnoz tələbat əsasında təmin edilirlər. Mütəmadi olaraq dərsliklərin çatışmazlığı və bu kimi hallara dair edilmiş müraciətlər regional təhsil idarələri tərəfindən araşdırılaraq aradan qaldırılır" -deyə nazirlikdən bildirilib.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top