Şəhid qardaşının mənzil məsələsində gerçək nədir?

GÜNDƏM 28 sen 2022, 19:35
Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovla bağlı məsələ ciddi müzakirəyə, eyni zamanda, bundan istifadə edilərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini, ümumilikdə dövlətin şəhid və qazilərlə bağlı siyasətini hədəfə almaq üçün vasitəyə çevrilib.

Sosial şəbəkələrdə müxtəif iddialar, ittihamlar, tənqidlər səsləndirilir. Hərçənd, hər şey çılpaqlığı ilə ortadadır.

ƏƏSM Sənan Əhmədova bir otaqlı mənzil təklif edib, halbuki, qanunvericiliyə görə, bunu etməməli idi. Lakin məsələnin həssaslığını nəzərə alaraq, qanunauyğun olmasa da, belə bir addım atıb. Sənan Əhmədov isə birotaqlı mənzildən imtina edib, ona görə yox ki, mənzil istəmir, səbəb daha çox nəsə əldə etməkdir və bunu gizlətmir də. Bildirib ki, şəhid ailəsi kimi ona ən azı iki otaqlı mənzil verilməlidir.

Burada şəhidin adından sui-istifadə halının olması ayrı bir mövzudur və məsələnin həssaslığını nəzərə alaraq, buna toxunmuruq. Şəhidin qardaşına heç bir şey verilməsəydi, bunu tənqid etmək olardı. Amma nazirlik hər şeyi nəzərə alaraq, birotaqlı mənzil təklif edir, bundan imtina edib daha çox nəsə istəmək isə yumşaq desək qəbuledilməzdir. Çünki qanun var və qanuna görə Sənan Əhmədov şəhid ailəsi statusunda deyil.

ƏƏSM rəsmi açıqlamasına istinad etdiyi qanunu izah edir. Bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə ona imtiyazlı şəxs kimi mənzilin verilməsi üçün bir neçə dəfə əyani, bir neçə dəfə telefonla danışılıb, qanunvericilik izah edilib.

“Sənana qanunvericilikdə şəhid ailəsi statusunun kimlərə şamil edildiyi, bu statusun hansı qurum tərəfindən verildiyi izah edilib. Həmçinin, həssas qruplardan olan internat məzunlarının mənzillə təmin edilməsi üçün meyarlar haqqında da onunla danışılıb. Sənanın təlim və tərbiyə aldığı “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası Nizamnaməsinə görə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda deyil. Buna baxmayaraq, dövlətin qayğısının bir daha təzahürü olaraq Sənan Fuad oğlu Əhmədovun sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün nazirlik hazırda mümkün olan təklifi – sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edib. Sənan bundan imtina edərək 2 otaqlı mənzil istədiyini bildirib. Sənana qanunvericiliyin tələbləri barədə bir daha ətraflı məlumat verilib”, - açıqlamada qeyd olunur.

Burada hər şey izah edilir və Sənan Əhmədovun mənzillə təmin olunması üçün nazirlik mümkün olan hər şeyi etməyə hazırdır. Bu, dövlətin sosial siyasətinə tam uyğun addımdır. Nazirlik də öz üzərində düşən vəzifəni həyata keçirib.

Burada əsas problemlərdən biri müəyyən qrupların bu məsələdən sui-istifadə etməsi, ƏƏSM-ni və dövlətin sosial siyasətini hədəfə çevirməsidir. Bu qruplar üçün vacib olan Sənan Əhmədovun mənzillə təmin olunması, yaxud hansısa probleminin həlli deyil, heç şəhid də deyil. Onlar şəhidimizi də, onun qardaşı ilə bağlı məsələni də öz cılız siyasətlərinin vasitəsinə çevirməyə çalışırlar. Əsas məqam məhz budur. Həmişə olduğu kimi yenə şəhid ailələri və qazilər üzərindən siyasət aparırlar.


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top