Tural Abbaslı şəhid qardaşından DANIŞDI — “Mənim üçün çox ağırdır”

GÜNDƏM 28 sen 2022, 18:51
Şəhidlik ən ali, müqəddəs və şərəfli zirvədir! 27 sentyabr 2020-ci ildə yeni tariximizin şanlı səhifəsi yazıldı. Bəli, Azərbaycan xalqı, Azərbaycan türkləri yarandığı gündən öz azadlığı, öz müstəqilliyi, öz bütövlüyü uğrunda tarix boyu çoxsaylı şəhidlər verib. Vətən torpaqlarımız qanlı göz yaşları, şəhid qanları ilə yoğrulub, suvarılıb. 44 gün davam edən şiddətli döyüşlərdə də igidlərimiz əsl qəhrəmanlıq dastanı yaratdılar. Bu döyüşlərdə mərdliklə vuruşub Şəhidlik zirvəsinə ucalanlarımız, canını Vətənin ərazi bütövlüyü uğrunda fəda etdilər. Öz canın fəda edənlərdən biri də ehtiyatda olan leytenant Teymur Feyruz oğlu Abbasovdur. O, oktyabrın 12-nə keçən gecə Hadrutda düşmənin əks-hücumunu qarşısını alarkən qəhrəmancasına şəhid olub. 

AĞ Partiyanın sədri Tural Abbaslı qardaşı, şəhid zabitimiz Teymur Abbaslı ilə bağlı xatirələrini, onun döyüş yolu ilə bağlı məlumatları Demokrat.az-la bölüşüb.

O, bildirib ki, torpaqlarımızın işğal olunması hər bir Azərbaycan vətəndaşı kimi gənc zabitimizin də ürəyində bir niskil, bir yara olub:

“44 günlük Vətən müharibəsinin başlanmasında iki il keçir. Biz bu müddət ərzində bir çox şeylər edə bildik, dövlət olaraq bir çox şeylər hələ etməmişik. Düşünürəm ki, etməli olduğumuz şeylər hələ qarşıdadır. Biz 44 günü və orada edilən fədakarlığını dövlət olaraq qarşılığını tam ödəməmişik, yəni şəhid ailələrinə, qazilərə, yaxud da müharibə veteranlarına. Demək olar ki, hər nəsilə bir şəhid düşdü. Mənim də böyük qardaşım könüllü olaraq Vətənin müdafiəsinə getdi. Baxmayaraq ki, artıq 40 yaşı var idi, ümumiyyətlə çağırışçı deyildi. Özünün təkidi ilə, iki günə yaxın hərbi komissarlıqla, çağırış idarəsiylə, ailəsindən, iş yerindən, dostlarıyla mübarizə apara-apara döyüşməyə getdi. O dönəmləri xatırlamaq çox ağırdır. Son görüşündə: “Özündən muğayat ol!” dedi. Belə anlar çox çətindir. Qismət olur, alın yazısı olur. Nə deyəcəksən? Özünün seçdiyi yol idi, getdi. Allah bütün şəhidlərimizə rəhmət etsin! Qazilərimizə şəfa versin! Allah bütün müharibə veteranlarımıza can sağlığı versin ki, onlar bizim başımızı uca etdilər. Allah şəhid ailələrinə də səbr versin ki, bu ayrılığa, həsrətə dözə bilsinlər. Üzrlü sayın məni, bu mövzuda danışmaq mənim üçün çox ağırdır”.

Qeyd edək ki, Şəhidimiz müharibə başlayandan bir gün sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon İradəsinə zəng etmiş, hətta bununla yetinməyib idarəyə getmiş və onu aparmadıqları üçün iradını bildirmişdi. Qəhrəmanımız 29 sentyabr tarixində hərbi xidmətə getmişdir.  Onu Füzulidə də arxa cəbhəyə aparıblar. Teymur leytenant idi və onu taqım komandiri təyin ediblər. Lakin o bununla razılaşmayıb, komandanlığa müraciət edərək, ön cəbhədəki taborların tərkibində düşmənə qarşı vuruşmaq istədiyini bildirib. Onlara “Mən arxa cəbhədə oturmağa gəlməmişəm, döyüşməyə gəlmişəm”, - deyib. Hətta bunun üçün məsul şəxslərlə mübahisə edib, inadkarlıq göstərib, nəticədə məcbur qalıb, ön cəbhəyə göndəriblər. Əsgər yoldaşlarının dediklərinə görə, onlar ön cəbhəyə gedəcəkləri xəbərini eşidəndə sevincdən qucaqlaşıb ağlayıblar. Cəbhəyə gülə-gülə gediblər. Şəhidimizin döyüş yolu 12-13 gün çəkib. Oktyabrın 12-nə keçən gecə şəhid olub.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top