Sentyabrın 13-də baş verən döyüşlərdə Azərbaycan nəyə nail olub?

GÜNDƏM 13 sen 2022, 23:47
Ötən gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlara Azərbaycan Ordusunun verdiyi tutarlı cavaba müəyyən kölgə salmaq cəhdləri sezilməkdədir. Daha açıq desək, “Nəyə nail olduq?”, “Bu hadisə niyə baş verdi?” tipli suallarla çaşqınlıq yaradılır.

Birincisi, Ermənistan silahlı qüvvələrinin mövqelərimizi mütəmadi olaraq atəşə tutmasında əsas məqsəd sülh sazişinin imzalanmasının, həmçinin azad edilmiş ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işlərinin yubadılmasıdır. Son günlərdə Ermənistan tərəfinin ciddi-cəhdlə revanşa, yeni hərbi əməliyyatlara, hücuma hazırlaşdığı açıq şəkildə görünürdü. Hər gün sərhəddə kiçik təxribatlara əl atan düşmən Azərbaycanın mövqelərini atəşə tuturdu. İstər Qarabağda, istərsə də sərhəddə təxribatların sayı artmışdı. Rəsmi məlumata əsasən, qarşı tərəfin diversiya qrupları sentyabrın 12-də gecə saatlarında bölmələrimizin təminat yollarını və mövqeləri arasındakı əraziləri minalayıb. Ermənistanın məhz bu kimi əməlləri davam etdirməsi, genişmiqyaslı təxribatı Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində döyüş toqquşmasına səbəb olub. Və Azərbaycan Ordusu məhz Ermənistanın ərazisində cəmi 7 saat davam edən unikal əməliyyat gerçəkləşdirməklə bütün bu planları dəf etdi.

İkincisi, Azərbaycan Ordusu bir daha Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha həm ermənilərə, həm də onların havadarlarına nümayiş etdirdi. Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edilib. Ermənistanda yüzlərlə yaralının olduğunu da bura əlavə etsək, düşmənin bütün parametrlərə görə itkilərinin Azərbaycandan qat-qat çox olduğunu görə bilərik.

Üçüncüsü, düşmənin Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan obyektləri məhv edilib. Belə ki, Ermənistanın Azərbaycanla sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu bütün hərbi təyinatlı obyektlər tam sıradan çıxarılıb. Bu obyektləri bərpa etmək üçün Ermənistana normalda ən azı 4-5 il vaxt lazımdır. Ermənistanın indiki acınacaqlı durumunu nəzərə alsaq, həmin obyektlərin bərpasının daha uzun zaman alacağını vurğulamaq mümkündür.

Dördüncüsü, Azərbaycan qeyd olunan bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürüb. Bu isə o deməkdir ki, artıq nə indi, nə də gələcəkdə Ermənistan Azərbaycana heç bir real təhlükə yarada bilməyəcək. Bununla yanaşı, azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə cəlb edilmiş mülki şəxslərin təhlükəsizliyi tam təmin olunacaq.
Beləliklə, qalib tərəf yenə Azərbaycandır. Ermənistan isə nəhayət anlamalıdr ki, kiməsə, hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməz. 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata sadiq olan Azərbaycan sərhədlərin demarkasiya və delimitasiya işinin başlanması, hər iki ölkə arasında sülh müqaviləsinin imzalanması ilə bölgədə əmin-amanlığın bərqərar olunmasını istəyir. Qarşı tərəf ərazilərimizə, bölmələrimizin təminat yollarına minalar basdırmaqla təxribat törətməkdən əl çəkməli, hərbi avantüra və revanşist mövqeyinə son qoymalıdır.

Elman Babayev
Əməkdar jurnalist

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top