"Müavinimi əxlaqsızlıq üstündə qovmuşam, gedib indi partiya sədri olub" — ŞOK AÇIQLAMA

SOSİAL 12 sen 2022, 12:39
“Siyasi partiyalar haqqında” müzakirəyə çıxarılan yeni qanun layihəsində olan bir sıra maddələr təqdirəlayiqdir və xoşagələndir. 

Bunu Demokrat.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədri bildirib ki, bəzi həmkarları yeni qanun layihəsi ilə bağlı təşviş içindədirlər:

“Bizim bəzi həmkarlarımız təşviş içindədir. Bu layihədir və hələ müzakirələrdən keçəcək. Partiyada 10 min üzvün olması tələbi normaldır. Hesab edirəm ki, bu, elə də böyük bir rəqəm deyil. Əgər partiyadırsa, əlbəttə 10 min üzvü olmalıdır və bunu məqbul sayıram. Düzdür. Bu layihə hələ qarşıdakı günlərdə müzakirəyə çıxarılacaq və ola bilər ki, müzakirədə rəqəm 5 min, 10 min və ya 20 min olar. Ümumiyyətlə, qeyd edim ki, ölkəmizdə elə partiyalar var ki, bir özüdür, bir də “papkası”. Bunlardan biri vaxtilə mənim müavinim olub və onu əxlaqsızlıq üstündə qovmuşam, gedib indi partiya sədri olubdur. Onun özü tərbiyəsi olmayan adamdır, onun sədr olması məqbul deyil axı? Partiya sədri elə-belə xırda məsələ deyil”.

Partiya sədrinin sözlərinə görə, bəziləri partiyanın adından istifadə edərək xarici dövlətlərə müraciət edirlər:

“Xarici səfirlərlə görüş təşkil edirlər, ölkəmizdə müəyyən məsələləri çıxartmaqdan ötrü növbəyə düzülürlər. Bunu görən səfir də deyir ki, filan partiya filan məsələyə öz etirazını bildiribdir. Mən buna görə deyirəm kİ, bir “papkası”  və bir də özü olan insanların partiyasının olması məqbul deyil. Bu baxımdan əlbəttə ki, 10 min rəqəm normal rəqəmdir. Bəziləri çıxıb, bu məsələdən narahatlıqlarını bildirirlər. Niyə narahatsınız? Demirsiniz ki, biz güclü partiyayıq? Düzdür, əslində orada bəzi maddələrin olması düzgün deyil. Bu barədə biz də etirazımızı edirik və Milli Məclisdə fikirlərimizi deyəcəyik. Amma partiyalardan siyahı istəyirlər, məsələn Əli, Vəlinin və s. telefon nömrələri, ünvanları olsun. Fikrimcə, buna heç bir ehtiyac yoxdur. İnsanlar qorxularından aparıb özlərinin adreslərini verərlər ki, filan partiyanın üzvüyəm? Bu maddələrə biz etirazımızı bildirəcəyik, amma bəri başdan qanuna kölgə salmaq düzgün deyil. Orada yaxşı maddələr də var, on min üzvü olan partiyalar parlament, prezident seçkilərində iştirak etməsi, partiyaların gələcəkdə dövlət tərəfindən maliyyələşmə məsələsi var. Bu, təqdirəlayiqdir, amma orada bəzi maddələr xoşagələn deyil. Düşünürəm ki, müzakirələr zamanı onlar da çıxarılacaq”.


Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top