Bakı Tikiş Evi: "Bütün Bakı məktəblilərini geyindirmək öhdəliyini üzərimizə götürməmişik"

SOSİAL 12 sen 2022, 12:00
"Nazirlər Kabineti məktəbli formaları ilə bağlı qərarı gec çıxardı. Daha sonra da heç bir rəsmi qurum məsələ ilə maraqlanmadı. Buna görə də Bakı Tikiş Evi paltarların tikintisinə gec başladı. Nəticədə, bütün məktəblilər forma ilə təmin oluna bilmir".

Bu sözləri  Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov deyib.

"Forma ilə bağlı Nazirlər Kabineti tərəfindən mart ayının 17-si qərar verildi. Ardınca isə Novruz Bayramı gəldi, iş bir az da yubandı. Bütün qurumların başı qarışıq idi, bizimlə heç bir müqavilə bağlanmadı. Ümumiyyətlə, həmin ərəfədə Bakı Tikiş Evinə planlarla bağlı da məlumat verilmədi. Daha sonra biz lazım olan ləvazimatları ayrı-ayrı ölkələrdən sifariş etdik. Hələ parçalar gəlib Şimal qapısında da gözləməli olurlar. Bunlar da hər biri uzun çəkən prosesdir".

E.Əzimovun sözlərinə görə, hazırda bütün paytaxt məktəblilərini forma ilə təmin etmək mümkünsüzdür:

"Mən dəfələrlə öz açıqlamalarımda bildirmişəm ki, ilk növbədə 1-4 cü siniflər forma ilə təmin olunmalıdır. Məktəb direktorları isə qərarları, tövsiyə xarakterli çıxışları nəzərə almırlar. Axı şagirdlər həm də köhnə formalarını geyinə bilərlər. Direktorlar isə camaatın hamısını Bakı Tikiş Evinə qovurlar. Deyirlər, "gedin haradan tapırsınız, tapın". Bütün Bakını forma ilə təmin etməyimiz isə mümkün deyil".

Şöbə müdiri deyir ki, bu işdə dövlət onlara heç bir əlavə dəstək göstərmir. Özəl müəssisə olan qurum isə bacardığı qədər forma hazırlayaraq satışa çıxarır:

"Biz dövlət müəssisəsi deyilik. Heç nəyi də öhdəliyimizə götürməmişik. Bakı Tikiş Evi özəl müəssisədir. Biz bank krediti ilə işləyirik. Dövlət bizə nə maliyyə ayırır, nə də aşağı faizlə kredit verir. Buna görə də bütün Bakını geyindirməyi üzərimizə götürmürük. Nəyə imkanımız çatsa, onu da edəcəyik. Bakı Tikiş Evi günə 1200-1500 şagird yola salırıq".

Növbəti ilin planlamasına gəldikdə isə, Bakı şəhərinin məktəbliləri milyon nəfərə yaxındır. Onları forma ilə təmin etmək asan iş deyil:

"Bakı Tikiş Evinin əsas məqsədi Ordumuzu, polisi və digər güc strukturlarını forma ilə təmin etməkdir. Sadalanan məsələlər Bakı Tikiş Evi üçün həyatı əhəmiyyət daşıyır. Biz ilk növbədə onların işini təmin etməliyik. Çünki əsgərlərimiz yeni formalarla tam təmin edilməlidir. Digər mövzuya gəldikdə isə, tək fabrik bütün Bakını məktəbli forması ilə təmin edə bilməz. Ona görə Təhsil Nazirliyi bu işi öhdəliyinə götürsə, başqa fabrikləri işə cəlb etsə, daha məqsədəuyğun olar. İndiki halda biz sadəcə əlimizdən gələn qədər forma tikib çatdıra bilərik". (baku.ws)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top