Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin İtaliyaya səfəri Azərbaycanın yaratdığı yeni reallıqların qəbulu baxımından xüsusi əhəmiyyət kəsb edir

SİYASƏT 03 sen 2022, 14:44
“Azərbaycanın xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması, yeni prioritetlər üzrə inkişafı xüsusi yer tutur. Ölkəmiz həm region, həm də dünya dövlətləri ilə əlaqələrini xarici siyasətində dəyişməz qəbul etdiyi prinsiplər-bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında uğurla inkişaf etdirir. Bu proses zamanı ədalət və beynəlxaq hüquq hər bir məsələnin həllində öndə saxlanılır. Bugünümüzün əsas müzakirə mövzularından olan Azərbaycan-İtaliya əlaqələrinin yüksələn xətlə inkişafında da tərəflər arasında qarşılıqlı hörmətə əsaslanan etimad mühitinin mövcudluğu öz sözünü deyir. Azərbaycan ilə İtaliyanın çoxəsrlik tarixə əsaslanan oxşar dövlətçilik ənənələri, maddi-mədəniyyət nümunələri, hər iki xalqın adət-ənənələrinə bağlılığı  ölkələrimiz arasındakı münasibətləri vahid məqsəd naminə birləşdirir. Prezident İlham Əliyevin İtaliyaya işgüzar  səfəri çərçivəsində keçirilən görüşlər,  iki ölkə arasında 2020-ci ildə imzalanan  “Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” fonunda əməkdaşlığın ayrı-ayrı sahələr üzrə inkişafına xüsusi diqqətin göstərilməsi,  Azərbaycanın tarixi Zəfərindən sonra  beynəlxalq aləmdə mövqeyinin daha da  möhkəmlənməsi barədə səsləndirilən fikirlər, hər iki dövlət tərəfindən təcrübə mübadiləsini genişləndirəcək təkliflərin irəli sürülməsi və atılan digər addımlar münasibətlərimizin yeni reallıqlara uyğun inkişafını  müəyyənləşdirir. İkitərəfli gündəliyin genişləndirilməsinə yönələn addımlar sırasında təhsil sahəsində əməkdaşlığı xüsusi qeyd etməliyik. Fikrimcə, səfər çərçivəsində İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair Sazişin  imzalanması  bunun bariz nümunəsidir.”

Demokrat.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

 Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan müəllifi olduğu qlobal enerji layihələrini reallaşdırmaqla dünyada etibarlı tərəfdaşlıq formatı yaradıb: “Dövlət başçısı İlham Əliyev İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunun  “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda plenar iclasında çıxışında ölkəmizin  iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrasından, dövlətimizin enerji strategiyasının  mərhələlərindən geniş bəhs edərək gerçəkləşdirilən layihələrlə  dünyanın enerji xəritəsini dəyişdirdiyimizi xüsusu vurğuladı. Dövlət başçısının çıxışında çoxtərəfli əməkdaşlığın başlanğıcı olan Cənub Qaz Dəhlizi layihəsinin uğurla başa çatması, TANAP və TAP qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın enerji siyasətinin beynəlxalq aləmdə uğurları kimi önə çəkildi. Bu fikir bir daha diqqətə çatdırıldı ki, Azərbaycan  dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkədir və  dövlətimizin uğurlu siyasətinin nəticəsi olaraq qısa zamanda  Avropa bazarına,  o cümlədən İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. Neft ölkəsi kimi tanınan Azərbaycan qısa zamanda qaz ixracatçısı kimi də beynəlxalq arenada nüfuz qazandı.”

  Ümumilikdə Forumu Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun və mövqeyinin göstəricisi kimi dəyərləndirən Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin belə beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirakı ilə yanaşı, həmin platformalarda çıxışı  Azərbaycan reallıqlarını, ölkəmizin hazırda dəyişən dünyanın siyasətinə verdiyi töhfələri beynəlxalq  ictimaiyyətə çatdırmaq  imkanları yaradır: “Bu, Azərbaycana, Prezident İlham Əliyevə olan  inamın, göstərilən etimadın, həmçinin ölkəmizin liderinin artan beynəlxalq nüfuzunun, siyasi çəkisinin göstəricisidir. Hər zaman  birlik, həmrəylik, baş verən hadisələrə münasibətdə ədalətə və beynəlxalq hüquqa əsaslanan yanaşmalar ortaya qoymağa çağırışlar edən Prezident İlham Əliyev Forumun panel iclasındakı çıxışında bir daha diqqəti hazırkı dövrdə qlobal problemlərin həllinə Azərbaycanın yanaşmasına yönəltdi. Forumun moderatorunun dünyada və regionda mövcud geosiyasi vəziyyətlə bağlı sualını cavablandıran dövlət başçısı İlham Əliyev qeyd etdi ki, Azərbaycan öz siyasətini milli maraqlar və beynəlxalq hüququn prinsipləri əsasında qurur. Bu gün dövlətlərarası münasibətlərdə, beynəlxalq təşkilatların fəaliyyətində  beynəlxalq hüquq normalarının pozulduğunu bir daha vurğulayan dövlət başçısı torpaqlarımız işğal altında olarkən dünya ictimaiyyətinə fəal şəkildə müraciətimizdən bəhs etdi. Azərbaycan Prezidenti bildirdi ki,  Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri 27 il ərzində yerinə yetirilməmişdi. Hazırda bir çox digər bölgələrdə beynəlxalq hüququn pozulmasının şahidiyik. Bəzi ölkələr düşünür ki, onlar buna məhəl qoymaya bilərlər və buna əhəmiyyət vermirlər. Bu, tamamilə yeni situasiyadır. Dünyanın yeni düzəni necə olacaq? Beynəlxalq institutlar, Birləşmiş Millətlər Təşkilatı necə olacaq? O, yenidən qurulacaq, ya başqa bir təşkilat ortaya çıxacaq? Bunların hamısı dünyada yeni fikirləri təşviq etmə gücünə malik olanların məsuliyyətindədir.”

YAP Xətai rayon təşkilatının sədri bildirib ki,  dövlət başçısı  İlham Əliyevin italiyalı həmkarı Sercio Mattarellanın dəvəti ilə Romaya işgüzar səfəri ümumilikdə  Azərbaycanın tarixi Zəfərdən sonra regionda və dünyada yaratdığı yeni reallıqların qəbulu baxımından xüsusi əhəmiyyət kəsb edir: “Postmünaqişə dövründə reallaşan bu kimi səfərlər Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edərək qalib ölkə kimi nüfuz qazanmasına dəstəyin aydın ifadəsidir. Həmçinin qalib ölkənin  Prezidenti kimi bu səfərləri reallaşdıran dövlət başçısı İlham Əliyev beynəlxalq səviyyəli tədbirlərdə yeni reallıqların müəllifi, yaradıcısı kimi çıxış edir, Azərbaycanın xarici siyasətində dəyişməyən prinsipləri diqqətə çatdırır. Bu, Azərbaycanın böyük diplomatik uğurudur.”

“Dövlət başçısı İlham Əliyev, həmçinin səfər çərçivəsində keçirdiyi görüşlərdə, eyni zamanda, Forumdakı çıxışında  işğaldan azad edilmiş ərazilərimizin malik olduğu potensial imkanlardan bəhs etdi” söyləyən Vüqar Rəhimzadə vurğulayıb ki, enerji strategiyamızın  hazırkı mərhələsi bərpa olunan enerji mənbələrinə sərmayələrin qoyulmasıdır: “Dövlət başçısı Forumdakı çıxışında bu rəqəmi də açıqladı ki, azad etdiyimiz ərazilərdə - Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Artıq bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsindəyik. Səudiyyə Ərəbistanından,  Birləşmiş Ərəb Əmirliyi və  Birləşmiş Krallıqdan üç aparıcı enerji şirkəti artıq Azərbaycana investisiya yatırır. Onlar yenilənə bilən üç enerji stansiyasına yatırım etməyə davam edəcəklər. Bu stansiyaların ümumi gücü 700 meqavatdan çoxdur. Bu,  ixrac üçün əlavə qaz tədarük etməyə kömək edəcək. Bu isə  ixrac potensialımızı gücləndirəcək. Bu gün artıq elektrik enerjisini Avropaya necə nəql edəcəyimizdən danışırıq.”

YAP Xətai rayon təşkilatının sədri  İtaliya şirkətlərinin azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərində iştirakından  bəhs edərək  bu mühüm addımı da postmünaqişə dövrünün reallıqlarının qəbulunun göstəricisi kimi qeyd edib.

“Ümumiyyətlə, Prezident İlham Əliyevin Forumdakı çıxışı  auditoriya tərəfindən böyük maraqla qarşılandı.  Forum çərçivəsində dövlət başçısı  İtaliyanın nüfuzlu KİV nümayəndələrinin suallarını cavablandırdı. Bütövlükdə İtaliya görüşlərinin nəticələrini qiymətləndirməli  olsaq əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin xarici ölkələrə hər bir səfəri münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcıdır. Məhz bu səfərlər zamanı ikitərəfli əlaqələrin gündəliyinin  tərkibinin daha da genişlənməsi üçün yeni imkanlar yaranır. Bu baxımdan Azərbaycan liderinin dost ölkəyə işgüzar səfərinin əsas məqsədini Azərbaycan-İtaliya  qarşılıqlı əlaqələrini daha da genişləndirmək, yeni əməkdaşlıq imkanlarını birgə müəyyənləşdirmək kimi xarakterizə etmək olar”,- deyə Vüqar Rəhimzadə bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top