Xankəndini Ermənistanla birləşdirən yeni yol istifadəyə verildi

İNFRASTRUKTUR 25 avq 2022, 12:47
Xankəndini Ermənistanla birləşdirən və Laçın şəhərindən yan keçən yeni Şuşa-Gorus avtomobil yolu bu gündən hər iki istiqamətdə açıqdır.

Demokrat.az xəbər verir ki, bu barədə Qarabağdakı separatçıların nümayəndəsi Ermənistanın “Nyus.am” agentliyinə bildirib.

O deyib ki, vətəndaşların sərbəst və təhlükəsiz hərəkəti Rusiya sülhməramlıları tərəfindən təmin edilir.

Azərbaycan tərəfi Laçın şəhərinə daxil olmayan yeni avtomobil yolunun tikintisinə 2021-ci ilin iyul ayında başlamışdı.

Rəsmi məlumata görə, yolun ümumi uzunluğu 32 kilometr təşkil edir (onun 10 kilometri Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun layihələndirilib.

Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10,5 metr təşkil edir.

Xatırladaq ki, Qarabağdakı ermənilər indiyə kimi Ermənistanla Laçın şəhərindən keçən "dəhliz" vasitəsilə əlaqə saxlayırdılar. Bu səbbədən də "Laçın dəhlizi" Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində idi. "Laçın dəhlizi" boyunca yerləşən Laçın şəhəri, Zabux və Sus kəndlərində ermənilər qanunsuz məskunlaşma həyata keçirmişdilər.  

"Laçın dəhlizi" 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, bu gündən Azərbaycan tərəfinin nəzarətinə keçib. Nəticədə Laçın şəhəri, Zabux və Sus kəndlərində məskunlaşan ermənilər həmin yerləri tərk etmək məcburiyyətində qalıblar.(modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top