Azər Həsrət: “Bəzi məmurlar bağlı qapı arxasında Azərbaycan dilində belə danışmaq istəmirlər”

GÜNDƏM 24 avq 2022, 17:10
"Son zamanlar qazilər və bu kateqoriyada olan insanların incidilməsinə tez-tez rast gəlirik. Bu cür  neqativ hadisələrin baş verməsi əslində təsadüfi deyil. Hesab edirəm ki, özəlliklə də qaziləri və bu kateqoriyada olan insanları incidən məmurlar bunu məqsədli şəkildə edirlər".

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi-şərhçi Azər Həsrət deyib. O bildirib ki, bu gün Prezident İlham Əliyev şəffaflaşdırma, sağlaşdırma siyasəti yürüdür:

"Yəni, dövlət idarəetməsinin sağlamlaşdırılması həyata keçirilir. Sağlamlaşdırma isə o deməkdir ki, boğaza kimi çirkab içində olan uzun illər rüşvət və korrupsiya hesabına varlanan məmurlar bundan sonra işləyə bilməzlər. Bunların meydanı daralır. Daraldığına görə də, bunlar çırpınırlar ki, köhnə vəziyyəti davam etdirsinlər. Ona görə də,  özəlliklə də yerlərdə bu kateqoriyada olan insanları incidirlər və süni narazılıq yaradırlar. Elə bir şərait yaratmaq istəyirlər ki, yəni görünsün bizin ölkədə özbaşınalıqdır, dərəbəylikdir. Qanunlar işləmir, rüşvətxorluqdur. Yəni, bunlar məqsədli şəkildə edilir.Sual oluna bilər ki, bunun birbaşa hidrid müharibəyə dəxli varmı? Əlbəttə ki, var. Çünki dövlət qurumlarında vəzifə başında oturanların  heç də hamısı Azərbaycanı sevən, sadiq olan insanlar deyil". 

"Hətta, onların arasında elə bir kəsim var ki, cəmiyyət içinə çıxanda özünü milli, vətənpərvər kimi təqdim edir. Amma, bağlı qapı arxasında Azərbaycan dilində belə danışmaq istəmirlər, rus dilinə üstünlük verirlər. Həmin  adamlar ailələrinin içində mütləq rus dilində danışırlar. Azərbaycan dilində danışmağa üstünlük vermirlər. Təbii ki, belə adamlar bizim zəif yerimizdir, Azərbaycan dövlətinin və dövlətçiliyinin zəif yeridir. Həmin adamlar da qazilər və bu kateqoriyada olan insanlara qarşı bu cür münasibət sərgiləməklə vətəndaşla dövlət arasında uçurum yaratmağa çalışırlar. Ona görə də, biz düşünürük ki, ağılı başında olan, prosesləri təhlil  edib, doğru və sağlam nəticə çıxarmağı bacaran  adamlar bu prosesləri düzgün dəyərləndirməli , həmin o parazitləri aşkar edib, cəmiyyətin qınağına tuş gətirməlidir. Çünki onlar qınandıqca, faş edildikcə aramızdan təmizlənəcəklər".

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top