Tural Abbaslı və həyat yoldaşının FOTOLARI

GÜNDƏM 18 avq 2022, 17:49
"Turalın geyimlərini özüm seçirəm…”
 
Tanınmış siyasətçi, AĞ partiyanın başqanı Tural Abbaslının xanımı, sabiq deputat, Müsavat Partiyası funksionerlərindən olan İkram İsrafilin qızı Nərmin Abbaslı (İsrafil) Musavat.com-un suallarını cavablandırıb.

Həmin müsahibəni oxucularına təqdim edirik:

- Artıq 1 ilə yaxındır ki, AĞ Partiya sədrinin (və yaxud, başqanının) xanımı, həyat yoldaşı statusunu daşıyırsınız. Siz özünüzü daha çox Tural bəyin xanımı hesab edirsiniz, yoxsa silahdaşı, əqidə yoldaşı?

- 1 ilə yaxındır evliyik, amma uzun illərdir ki, bir-birimizin həyatındayıq. Bu müddət ərzində o məni, mən də onu həm sevgili, həm dost, həm yoldaş, bir sözlə - hər şey hesab etmişik. Sualınıza konkret cavab istəyirsinizsə, ilk növbədə özümü Turalın xanımı hesab edirəm. Bu elə bir statusdur ki, onun içində hər şey var.

- Həyat sizin üçün hər zaman narahat keçib. Atanız siyasətçi olub. İndi isə kifayət qədər sərt danışan siyasətçi ilə evlisiniz. Heç düşünürsünüzmü ki, bəlkə, daha rahat həyat seçərdim?

- Daha rahat həyat anlayışı, deyərdim ki, yoxdur. İşin içində insan faktoru varsa, o həyatın mütləq çətinlikləri olur. Tural ilə tanışlığıma, onu sevməyimə peşman deyiləm, yenə olsa, yenə onunla olan həyatı seçərdim. Tural işinin və siyasi statusunun gətirdiyi çətinlikləri mənim gündəlik həyatıma yansıtmamağa, maneələri məndən maksimum uzaq saxlamağa çalışır.

- AĞ Partiyanın rəsmi üzvüsünüzmü və gələcəkdə partiyanın ikinci şəxsi (partiya sədrinin birinci müavini) olmağı düşünürsünüzmü?

- Bəli, rəsmi olaraq AĞ Partiyanın və idarə heyətinin üzvüyəm. Amma gələcəkdə necə olacağı haqqında indidən bir fikir bildirmək istəmirəm. İndiki prioritetlərim akademik karyeramla bağlıdır. Siyasətdə iddialı olacağamsa, düşünürəm ki, ilk növbədə insanlarımız üçün faydalı olmalıyam. Bu faydalılığı yaratmağın yolu isə mənə görə 1-ci, 2-ci və s müavinlikdən, pozisiyadan keçmir.

- Tural bəyi sosial şəbəkələrdə dəstəkləyənlər çoxdur. Amma onu fikirlərinə görə tənqid edənlər də az deyil. Siz sosial şəbəkələrdə həyat yoldaşınızın çıxışları ilə bağlı yazılan tənqidi rəylərə necə reaksiya verirsiniz? Dözümsüzlük göstərirsiniz, yoxsa rasional tənqidi rəyləri nəzərə alırsınız?


- Əvvəllər atam siyasətlə aktiv məşğul olduğu vaxtlarda onun da haqqında sosial şəbəkələrdə tənqidi fikirlər yazırdılar. O zamanlar yaşım və təcrübəm az olduğu üçün aqressivləşirdim, haqsız yazılan şərhlərə davam gətirə bilmirdim və cavab yazırdım. Atam onlara cavab verdiyimi bilib mənimlə söhbət etmişdi. Sonralar anladım ki, atam haqlıdır. Həyatda hər kəsi razı sala, hamının xoşuna gələ bilmərik. Belə olsa, o zaman özün olmaqdan çıxarsan. Öz fikirlərin, prinsiplərin, dəyərlərin olmaz. Həm də siyasət elə bir sahədir ki, orada rəqiblər çoxdur və onlar qaralama kampaniyası üçün hər şeyi edirlər. Belə insanlara, bu cür mövzulara cavab vermək mənasızdır.
 
- Bəzi blogerlər hesab edirlər ki, Tural bəy bütün günü peşəkar siyasətlə məşğul olur. Lakin kitab oxumağa, kitab sərgilərinə, kitab təqdimatlarına getməyə vaxt ayırmır. Bu həqiqətən də belədir?

- Qətiyyən razılaşmıram. Tural çox intellektlidir. Kifayət qədər kitab oxuyur, kitab sərgilərinə də gedir, lazım olanda kitab təqdimatlarında da iştirak edir. Özüm də mütaliəni çox sevirəm. Atamın hədiyyə etdiyi kitabxanam var, buna rəğmən dünya ədəbiyyatından elə yazarlar olub ki, onları Turalın sayəsində tanımışam. O blogerləri qərəzli olmamağa dəvət edirəm.
 
- Atanız da siyasətçidir, həyat yoldaşınız da. Nə vaxtsa (ola bilsin ki, lap yaxın gələcəkdə) özünüz də siyasətlə məşğul olmağa başlayacaqsınız. Bunu bir ailə ənənəsinə çevirməyi və gələcəkdə övladlarınızın da siyasi həyata atılmasını istəyirsinizmi?


- Suala cavab vermədən əvvəl öz uşaqlığımdan qısa bir şey danışmaq istəyirəm. Müsavat partiyasının ölkədə xalq tərəfindən güclü dəstək gördüyü vaxtlarda hakimiyyət daha radikal, daha aqressiv idi. Atamı mitinqlərdə sutkalıq həbs edirdilər. Qohum, dost, tanış - hamı həmişə atamı bu yoldan çəkindirməyə çalışırdı. Atam isə hər dəfə tək bir şey deyirdi: "Bizim çəkdiyimizi uşaqlarımız çəkməsin deyə mübarizə aparıram”. Sualınız mənə həmin anları xatırlatdı. İnşallah, ölkəmizdə elə bir dəyişiklik, elə bir inkişaf olar ki, övladlarımıza siyasi mübarizə aparmaq yükü düşməz.

- Qadın və siyasət. Bu sizin üçün nə deməkdir və Azərbaycan qadınlarının siyasətdə, ölkə idarəetməsində təmsilçiliyini yetərli hesab edirsinizmi? Azərbaycan qadınlarının (xüsusən də gənc xanımların) siyasi fəallıq səviyyəsi sizi qane edirmi?

- Bu sual özlüyündə ayrıca bir mövzudur deyərdim. Mənim üçün təkcə siyasətdə yox, həyatın bütün sahələrində qadının olması inkişaf deməkdir. Türk dünyasının böyük mütəfəkkiri hesab edilən Hüseyn Cavid "Qadın” şeirində yazırdı ki, sürüklənən bəşəriyyət qadınla yüksələcək! Qadınların siyasi fəallığına gəldikdə isə, 2021-ci ilin dataları göstərir ki, təkcə Azərbaycanda yox, dünya üzrə qərar qəbul etmə pozisiyalarında qadınlar kifayət qədər təmsil olunmur. Məsələn, Avropa Parlamentinin 63% -i, Avropa üzrə bələdiyyə başqanlarının isə 85%-i kişilərdir. Aİ üzrə əsas siyasi partiyaların hər 4 liderindən yalnız 1-i qadındır. Bizim parlamentin, hardasa, 18 faizini qadınlar təşkil edir. 117 deputatın cəmi 21-i qadındır. Ölkədə fəaliyyət göstərən 50-dən çox siyasi partiyanın isə heç birinin sədri qadın deyil. Sosial mühitdə qadınların say azlığı, diskriminasiyaya uğraması təkcə Azərbaycanın, bizə məxsus olan dəyərlərin yaratdığı problemlər deyil. Bunu belə qələmə verməyə çalışanlar arada müqəddəsləşdirdikləri Avropa və Amerika üzrə olan statistikalara baxsınlar.

- Qayınananız da aktiv siyasətçidir, hərəkatçı olub. Belə qadınlar olduqca azad və iddialı olurlar. Siz də hərəkatçı övladı kimi, azad ruhda böyümüzsünüz. Bu, qayınana-gəlin münasibətlərində birləşdirici rol oynayırmı?


- Məsəl var, deyirlər, gəlin ocağa çəkər. Tural deyir ki, xarakter olaraq qayınanama oxşadığım tərəflərim çoxdur. Yəqin ki, iddialı, sosial aktiv və sözünü deyə bilmək baxımından eyniyik.

- Bizim feministlərin aksiyalarındakı şüarların tərtib olunmasında, təbliğat formalarında bəzən ifrata varır, milli-mənəvi dəyərlərin "qırmızı cizgi”lərindən kənara çıxırlar. Əsl feminizm beləmi olmalıdır? Siz Avropada olmusunuz. Avropadan baxanda Azərbaycan feministləri necə görünür?

- Feminizmi bizim ölkədə elə təqdim ediblər ki, sadə camaat onun çox qorxulu və əxlaqsız bir cərəyan olduğunu düşünür. Tarixinə baxsaq, əslində, heç də belə deyil. Bizim ölkədə feminizm adı çəkiləndə ancaq xaos və intiriqalar yada düşür. Heç bir feminist dərnəyi bu ölkənin qadınları üçün, qadın hüquqlarının inkişafı və onların daha da istifadə olunan vəziyyətə gətirilməsi üçün heç bir iş görməyib. Nə bir "workshop”, nə bir seminar, nə bir yeni qanun layihəsi təklifi var. Dediyim kimi, ancaq xaos var. Əsl məqsəd həqiqətənmi bu ölkədə yaşayan qadınların həyatını yaxşılaşdırmaqdır? Bunun üzərinə düşünmək lazımdır.


Feminizm "kişi ilə qadın bərabərdir” deyəndə onların eyni olduğunu nəzərdə tutmur. Qadın ilə qadının, kişi ilə kişinin belə toplumda bərabər olmadığı bir dünyada "kişi ilə qadın bərabərdir” demək məntiqsizdir. Məncə, bərabərlik yox, ədalət istəmək lazımdır. Yalnız hüquq və imkanlar baxımından kişi ilə qadını bərabər hesab edirəm. "Kişi ilə qadın bərabədir” demək o demək deyil ki, onların arasında fərq yoxdur. Bu, sadəcə o mənaya gəlir ki, bu fərqlər cəmiyyətdəki fayda və imkanlara çıxışda (əl çatımlı olması baxımından) fərqli səviyyəyə çevrilməməlidir. Onsuz da mənim inandığım din qadınların hüquqlarını yetəri qədər müdafiə etdiyi üçün başqa cərəyanlara qoşulub haqqımı axtarma ehtiyacı duymamışam. Əslində, bütün bu məsələlərə insanın özündən, yaradılış qayəsindən ayrı düşdüyü üçün ehtiyac yaranır. İnsan özünə dönsə, sözün hər mənasında öz qibləsini bilsə, kişi və ya qadın fərq etməz, sevgi dili ilə yaşamağı bacarsa, onda heç bir izmə ehtiyac qalmayacağını düşünürəm.
 
- Siz ölkə gündəmini, siyasi prosesləri hər gün davamlı şəkildə izləyirsiniz? İzləyirsinizsə, siyasi proseslərlə bağlı ərinizə nə kimi məsləhətlər verirsiniz? Daha doğrusu, onun ən yaxın, ən etibarlı siyasi məsləhətçisi kimdir?


- Çalışıram ki, izləyim, gündəmdən, ölkədə və dünyada baş verənlərdən xəbərdar olum. Məsləhət məsələsinə gəldikdə isə, doğru hesab etmədiyim mövzuları yoldaşımla bölüşürəm. O da nəzərə alır. Gündəmi, baş verənləri, siyasi məsələləri aramızda müzakirə etdikdə fikirlərimiz əksər hallarda üst-üstə düşür. Turalın ən yaxın siyasi məsləhətçisi konkret bir adamdır deməzdim. Öz çevrəsi və dostları ilə müzakirələr aparır, hər kəsi dinləyir, vəziyyəti dəyərləndirir və özü ən doğru bildiyi qərarları verir.

- Tural bəyin imicmeykeri kimdir, geyimlərini kim seçir?

- Əsasən, özüm seçirəm. Nəsə almaq lazım olanda deyir, seç, sifariş et. Bəzən nə seçdiyimə, ümumiyyətlə, baxmır. Deyir, sənin zövqünə güvənirəm.

- Ailənizdə ev və məişət işləri necə həll edilir? Evin büdcəsini kim idarə edir?

- Evdə hər kəs bacardığı nədirsə, onu da edir. Xüsusi iş bölgümüz yoxdur. Yorğun olduğum zamanlarda və ya görməkdə çətinlik çəkdiyim bütün işlərdə Tural yardım edir. Büdcə məsələsində isə mən də işləyirəm, işləmədiyim zamanlarda da həmişə aldığım təqaüdlərə görə pulum olurdu. Amma, ümumiyyətlə, evin büdcəsini Tural idarə edir.
 
- Tural bəy çox məşhur və sevilən siyasətçidir. Bu sizdə diskomfort hissi yaratmır? Məsələn, küçədə gənc qızlar yaxınlaşıb onunla foto çəkdirmək istəyirlər. Bu necə hissdir? Qısqanırsınız, yoxsa qürurlanırsınız?


- Öncə onu deyim ki, Tural ilə qürur duyuram. İnsanların ona bu qədər etimad göstərməsi, onu sevməsi Turalı xoşbəxt edirsə, məni də edir. Qısqanmağa gəldikdə isə, əlbəttə, qısqanıram. İnsan sevdiyi, aşiq olduğu adamı necə qısqanmaya bilər?
 
-Siz tip olaraq azad qadınsınız. Siyasi aktiv həyatınız olub. Bu ailədə hər hansı problem yaratmır?

- Xeyr, yaratmır. Əksinə, bu azadlığımı Turalın yanında daha çox hiss edirəm. O, mənə atam kimi güvən, inam, "get, arxanda dayanmışam” hissini verir. Həmişə çatmaq istədiyim, əldə etmək istədiyim hər şeydə motivasiya edib. Düzdür, hər münasibətdə olduğu kimi bizdə də mübahisələr, fikir ayrılıqları olur. Oxuyucularımız düşünməsin ki, ideal və mükəmməlik. "İnstagram”dan çox sayda "kaş mənim də belə həyatım olardı” kimi mesajlar alıram. Onlara demək istəyirəm ki, həyatda heç nə, heç kim ideal və mükəmməl deyil. Heç bir şey rahatlıqla əldə edilmir. Toz pəmbə xəyallara dalıb reallıq hissini itirməsinlər. Gerçək həyatın üzü daha fərqlidir.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top