Təhsil proqramlarının hazırlanmasında hansı yeniliklər lazımdır? — RƏYLƏR

SOSİAL 13 avq 2022, 17:30
Cəmiyyətin bütün sahələr üzrə inkişafını təmin etmək üçün elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının  inkişaf etdirilməsi çox əhəmiyyətlidir. Bu gün ölkəmizdə təhsil sistemində bir sıra yeniliklər edilməkdədir. Təhsilin inkişafı  dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu üçün bu istiqamətdə qəbul olunan proqramlar nəticəsində Azərbaycan təhsil sektorunun inkişafı üçün bu gün əhəmiyyətli addımlar atılır. Lakin yaşadığımız müasir cəmiyyətdə təhsil proqramlarının da daim yenilənməsinə ehtiyac var. 

Bu yaxınlarda elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, universitetlərdə tədrislə bağlı məzmunda daim dəyişikliklər olur, ali təhsil proqramları yenilənir və təkmilləşir. 

Nazir qeyd edib ki, dövr dəyişdikcə həm yeni ixtisaslar, həm ixtisasların proqramları yaranır, həm də mövcud ixtisasların proqramları təkmilləşir və ona görə də, bəzi proqramlar həqiqətən də əsaslı dəyişikliklərə məruz qalmalıdır. 



Bəs, təhsil proqramlarının hazırlanmasında hansı yeniliklər lazımdır?

Sualımızı cavablandıran Milli Məclisin deputatı Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında vurğulayıb ki, bu gün dünyada dərsliklərin hazırlanmasında bir sıra yeniliklər tətbiq olunur. 

Deputat hesab edir ki, bizim dərsliklərin hazırlanmasında da bu kimi yeniliklər tətbiq olunmalı və nəzərə alınmalıdır:

“Bu gün Qərbdə dərsliklərlə bağlı yanaşma fərqlidir. Ancaq hesab edirəm ki, bizdə bu doğru yoldur. Çünki mütləq şəkildə universitetlərdə dərsliklərin olması vacibdir və bir də hesab edirəm ki, dərsliklər mütəxəssislər qrupu tərəfindən hazırlanmaldıır. Yəni, hansısa tenderdə udmuş bir şəxsin bunu etməsi yox, bu konkret olaraq qrup şəklində bir iş olmalıdır və həyata keçirilməlidir. Elə olduğu halda, biz dərsliklərdəki səhvlərdən və dərsliklərdəki problemlərdən qaça bilərik. Çünki, bilirsiniz ki, zaman-zaman dərsliklərlə bağlı belə məsələlər olur. Onun da qarşısının alınmasının yolu budur ki, qrup halında bunu ekspertlər etsin. Əvvəlki dövrlərdə nəşriyyatlar tenderlərdə iştirak edərək bunu edirdilər. İndi isə hesab edirəm ki, bu yanaşmanı biz dəyişməliyik. Bu gün də Elm və Təhsil Nazirliyi artıq bununla bağlı işlər aparır, yəni söhbət ictimai müzakirələrdən gedir. Hesab edirəm ki, biz bu istiqamətdə davamlı təkmilləşməni etməliyik”. 



Təhsil eksperti Elçin Əfəndi isə Demokrat.az-a açıqlamasında qeyd edib ki, ölkəmizdə kurikulum təhsil proqramı ilə paralel olaraq digər təhsil proqramlarının da tətbiq edilməsinə ehtiyac var.

Ekspertin sözlərinə görə, təhsil proqramlarının hazırlanması zamanı müvafiq olaraq şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmalıdır:

“Bizim ölkəmizdə konkret olaraq orta təhsil proqramları kurikulum sisteminə uyğun götürülür. Ali təhsil müəssisələrində isə balonya sisteminə keçid aldığımız üçün sırf bu cür təhsil proqramlarına daha çox üstünlük verilir. Təbii ki, müəyyən təhsil proqramların hazırlanmasında müvafiq olaraq onların daha əlçatan olması arzuolunandır. Yəni,  istər müəllimlər tərəfindən, istərsə də, şagirdlər, yaxud da tələbələr tərəfindən dərsliklərin daha asan mənimsənilməsi və akademik göstəricilərə təsir edəcək proqramların tətbiq olunması vacibdir. Ümumiyyətlə, biz dünyada gedən prosesləri izləsək rəqəmsal formada, eyni zamanda daha əlverişli öyrənmək imkanlarının olduğu proqramların təhsil sistemində tətbiq olunduğunu görərik. Fikrimcə, bu proqramların ölkəmizdə tətbiq olunması daha münasib olardı”. 



“Biz çalışmalıyıq ki, ölkəmizdə kurikulum təhsil proqramı ilə paralel olaraq digər daha əlverişli təhsil proqramlarını da tətbiq edək. Məsələn beynəlxalq sistemdə bu barədə Təhsil İnstitutu tərəfindən müvafiq araşdırmalar aparılmalı, hansı ölkələrin təhsil proqramı həmin ölkənin istər müəllimləri tərəfindən, eyni zamanda şagirdlər və tələbələri tərəfindən daha asan mənimsənilirsə, məhz o proqramların tədricən ölkəmizdə tətbiq olunmasına çalışmalıyıq. Qaldı ki, proqramların hazırlanması məsələsinə, əlbəttə ki, burada müvafiq olaraq şagirdlərin yaş xüsusiyyətləri, ümumiyyətlə, müəllimlərin bunu necə tədris etmələri mütləq şəkildə nəzərə alınmalıdır. Bu kimi amillərə diqqət ayrılsa, fikrimcə, daha yaxşı olar”, - deyə sonda ekspert fikirlərini yekunlaşdırıb.  

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması  


Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top