“Ərdoğan bu cür fərqli aktorlardan istifadə edərək güclənməyə çalışacaq” — ŞƏRH

GÜNDƏM 12 avq 2022, 14:34
Türkiyədə 2023-cü ilin yayında keçiriləcək seçkilərlə bağlı müxtəlif rəy sorğuları aparılıb. Son olaraq “Areda Survey”in 2023-cü il seçkiləri üçün keçirdiyi son sorğuda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsvermənin ikinci turuna keçəcəyi təqdirdə 4 namizədi (Kamal Kılıçdaroğlu, Maral Akşənər, Əkrəm İmamoğlu, Mənsur Yavaş) xeyli qabaqlayır. Bəs, bundan narahat olan anti-Türkiyə, anti-Ərdoğan dairələri hansı addımları ata bilər?

Mövzu ilə bağlı fikirlərini Demokrat.az-a bölüşən politoloq Turab Rzayev bildirib ki, Ərdoğanın yüksək reytinqi, mükəmməl liderliyi fonunda qardaş ölkənin artan gücündən narahat olan dairələrin anti-Türkiyə, anti-Ərdoğan planlarının olacağı qaçınılmazdır. Politoloqun sözlərinə görə, 2023-cü ildə Ərdoğanı hər vəchlə hakimiyyətdən salma planları işə başlayacaq:

“Həm daxili müxalifət, həm daxili cəmiyyətin geniş çevrələri, həm iqtisadçılar, həm liberal sol çevrələr bunlar hamısı Ərdoğan hakimiyyətini yıxmaq üçün birləşib. Qeyd edim ki, bunlar ölkə xaricində də kifayət qədər  Qərbdən dəstəklənirlər.



Hətta, açıq şəkildə həm Bayden administrasiyası, həm də digər ölkə rəhbərləri Ərdoğanı devirmək planlarını gizlətmirlər. Əlbəttə ki, burada Ərdoğan çalışacaq ki, ilk turda növbəti mərhələyə qalsın. Növbəti mərhələdə isə öz rəqiblərindən hər hansı birini sıxışdırıb sıradan çıxartsın və yenidən prezident seçilsin. Məhz buna görə müxalifət hələ ki, öz namizədini elan etmir. Çünki onlar düşünürlər ki, namizədini indidən elan etsələr, həmin dövr ərzində namizəd yıprana bilər. Böyük ehtimalla seçkilərə az qalmış bunu elan edəcəklər. Ümumiyyətlə, Ərdoğan bütün var gücü ilə seçilməyə çalışacaq”. 

T.Rzayev qeyd edib ki, Ərdoğana qarşı ən böyük təhdid iqtisadiyyatdan gələ bilər:

“Belə ki, Türkiyə iqtisadiyyatında müəyyən problemlər var, həmçinin qiymət artımı və 70 faizə yaxın inflyasiya var. Qiymət artımının böyük ölçüdə olması, inflyasiyanın şiddətli olması, iqtisadiyyatda mənfi problemlərin olması, xüsusilə bəzi qlobal maliyyə sərmayəsinə, eyni zamanda Qərb dövlətlərinə şərait yaradır ki, onlar Türkiyədəki dollar qıtlığından istifadə edib inflyasiyanı daha da şiddətləndirsinlər. Habelə,  ölkədə dollar çatışmamazlığını daha da gücləndirə,  ölkə iqtisadiyyatını daha böyük zərər vura bilərlər. Bu istiqamətdə Ərdoğanı zəiflətməyə çalışacaqlar. Ona görə, Ərdoğan özünə yaxın dövlətlərlə mümkün qədər daha çox iqtisadi əməkdaşlığa gedərək vəziyyəti xilas etməyə çalışır. Burada Azərbaycanın Türkiyədəki yatırımları da mühüm rol oynayır. Əlbəttə ki, Azərbaycan həm siyasi, həm hərbi, həm də iqtisadi cəhətdən Türkiyənin yanında olmalıdır. Burada Qətərlə olan münasibətlər də mühüm rol oynayır, hətta iqtisadiyyatın inkişaf etdirilməsində də. Hesab edirəm ki, Ərdoğan bu cür fərqli aktorlardan istifadə edərək güclənməyə çalışacaq”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top