“Şagirdlərə dərman paylanılır və bu heç kəsi narahat etmir”

GÜNDƏM 06 avq 2022, 14:20
Xaçmaz rayonu, Çaykənarı (Alekseyevka) kəndində müəllim işləyən Rəvanə Asiman işlədiyi məktəbdə qanunsuzluq olduğuna, şagirdlərə dərman paylanılmasına və s. səbəblərə görə istefa verdiyini açıqlayıb.

R. Asiman 2 ildir çalışdığı ucqar kənd məktəbi ilə bağlı olduqca ciddi ittihamlar səsləndirib:

“İş müsahibəmdə xanım mənə belə bir sual vermişdi: "Məktəb rəhbərliyindən biri sizi təhqir etsə, reaksiyanız necə olar?" Cavabımı vermişdim, müsahibədən də keçmişdim, ancaq beynimdə bir sual insan kimi oturmuşdu, mənlə danışırdı. Məgər məktəb rəhbərliyində elə səviyyədə insan ola bilərmi?

Gənc müəllimlər ümidlərlə məktəbə təcrübə qazanmağa gedir. Məndə 2 il 20 ilə bərabər oldu. Çox təəssüf ki, mənfilər çox oldu, mən onlardan dərs aldım.

2 il ərzində müəllimlik edə bildimmi, bunu şagirdlərim bilər, mən onu bilirəm ki, təkcə əlimdən gələni deyil, ürəyimdən gələni də etdim və vicdanım rahatdır. Müəllimlikdən ziyadə cahilliklə savaşdım. Ən məyusedici tərəf isə diplomlu cahillərlə. Bir neçə nümunəni yazacağam:

Direktor mənə sual verir: Siz uşaqlara niyə kitab oxudursunuz ki?

Tərbiyə işləri üzrə müavin vulqar və təhqiredici üslubda danışır.

Kitabxana kartları pulla satılır və kitabxana açılmır. Gündə sadəcə 15 dəqiqə açıq olurdu.

Odun sobasını yandıran xala belə vəzifəsini icra etmir.

Müəllim dərsə içkili halda girir.

Şagirdlərə dərman paylanılır və bu heç kəsi narahat etmir.

Əlbət, vəzifəm deyildi, lakin hamısının işinə qarışdım. Reaksiya verdim, lazım gəldi dalaşdım. 10 dəfəyə yaxın Təhsil Nazirliyi və Təhsil Şöbəsinə yazılı və şifahi şikayətimi bildirdim. Demək olar ki, hamısı nəticəsiz qalırdı. Təhsil Nazirliyinə göndərdiyim ərizə çap şəklində çıxarılıb məktəbə gətirildi və son nəticədə mən xəbərçi oldum, yoxlama belə nəticəyə gəldi ki, məktəb ailədir, ailənin sirri kənara çıxmaz.

Bir şikayətimdə Tərbiyə üzrə müavinin vəzifəsini icra etmədiyini qeyd etmişdim, yoxlama isə həmin müəllimdən mənim necə işlədiyimi soruşdu. O isə 9-cu siniflərə dərs keçmədiyimi dedi. Halbuki o mənim dərsimdə bir dəfə belə iştirak etməmişdi. Mən iradımı bildirdikdə isə, vəzifəsini icra edib mənə "tərbiyə" verəcəyini dedi. 2 illik savaşımda bir dəfə də olsa, əzildiyimi hiss etməyən mən sinif otaqlarının birinə girib hönkür-hönkür ağladığımı xatırlayıram, hələ də o stresi yaşayıram.

Bəli, müsahibədəki həmin xanımın subliminal mesajı idi. Təhqir olunmuşdum...

Yenə susmadım, hər dəfə mən səhv olurdum. Və mənə deyirdilər, səndən əvvəl nə qədər müəllim işləyib heç kəs belə problemlər yaşamayıb. Mən də problemsiz işləyə bilərdim, palaza bürünə bilərdim, o zaman Danabaş kəndləri çoxalardı...

Təhqir də olundum, şər də atıldı, mobbinq də. Mənim amalım varkən belə şeylər mənə təsir etməz”, - müəllim R. Asiman qeyd edib.

İttihamlarla bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən Qafqazinfo-ya bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır: “Qeyd edilən hallar təsdiqini tapdığı təqdirdə mövcud qanunvericilik çərçivəsində tədbirlər görüləcək və nəticəsi barədə məlumat veriləcək”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top