Ermənilərin masasında Azərbaycan bayrağı — Rusiya XƏBƏRDAR ETDİ

GÜNDƏM 05 avq 2022, 14:30
Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməli, bölgədən qanunsuz erməni hərbi birləşmələri çıxarılmalıdır: Bunu Prezident İlham Əliyev az qala hər çıxışında qeyd edir. Lakin ordumuzun əsgərinin şəhid olması bardağı daşıran növbəti son damla oldu. Amma hadisələrin axarı göstərir ki, qanunsuz erməni silahlı birləşmələri və Ermənistan silahlı qüvvələri son anti-terror əmıəliyyatından da dərs çıxarmadılar.

Belə ki, ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 12 dəfə atəşə tutulub. Bunlardan 3-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Nərimanlı və Zərkənd yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqla baş veribsə, digər 9 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində qeydə alınıb.



10 noyabr üçtərəfli bəyanatının artıq 2 ilinin tamam olmağına az bir zaman qalmasına baxmayaraq Rusiya bu sənədin 4-cü bəndində (Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir) sülhməramlılarının üzərinə düşən öhdəliyi hələ də icra etməməsi azmış kimi, absurd qərarları ilə diqqət mərkəzinə düşməyə başlayıblar. 

Üçtərəfli birgə bəyanatın 4-cü bəndini icra etmək əvəzinə isə belə bir vəziyyətdə sülhməramlılar dünəndən etibarən Qarabağda qeyri-qanuni erməni silahlılarının qazdığı səngərlərdə mövqe alıblar. Rusiya tərəfi bununla daha çox separatçı rejim qalıqlarının Qarabağı tərk etməsinə qarşı olduğunu göstərməklə yanaşı, onların Qarabağı tərk etməsinə, Azərbaycanın növbəti anti-terror əməliyyatı icra etməsinə, əsgərimizin bizim olan ərazilərdə daha da irəliləməsinə mane olmağa çalışdığını da gizlədə bilmir. 

Moskva çox yaxşı anlayır ki, Azərbaycan üçün bıçaq artıq sümüyə dirənib, rəsmi Bakının daha gözləmək, təxribatlara imkan vermək fikri yoxdur. Rusiya onu da bilir ki, Azərbaycan yarımçıq qalan işi tamamlamaq üçün büyün imkanlara malikdir, hətta 44 günlük müharibədəkindən də artığına. Amma təəssüf ki, Kreml onu anlamır (anlamaq istəmir) ki, Azərbaycan ərazisində qeyri-qanuni erməni silahlılarının qazdığı səngərdə yer almaq bölgədə gərgin vəziyyəti sabitləşdirmək yox, Azərbaycanın ərazi bütövlüyünə növbəti hörmətsizlikdir. Necə ki, bunu Rusiya müdafiə nazirliyi 3 gün öncə Azərbaycan Ordusunun Qarabağda atəşkəsi pozduğu ilə bağlı həqiqəti əks etdirməyən məlumatı öz rəsmi saytına yerləşdirərkən ərazini növbəti dəfə "Dağlıq Qarabağ" kimi təqdim edərək nümayiş etdirdi. 



Bütün dünya çox yaxşı bilirdi ki, Azərbaycan aylardır Laçına alternativ yolun tikintisini apararır, bunu Qarabağ erməniləri, rusiyalı sülhməramlılar və İrəvan da görürdü. Rəsmi Bakı onu da elan etmişdi ki, yay aylarında alternativ yolun tikintisi başa çatacaq. Hətta İrəvan buna indiyə kimi bir dəfə də olsun etiraz etmirdi. Əvəzində isə radikal müxalifətdən və Qarabağdakı erməni separatçılarının haray-həşirindən qorxan Nikol Paşinyan dəhlizin Ermənistan hissəsinin tikintisinə başlamırdı. 

İş o yerə çatdı ki, alternativ yolun Azərbaycan hissəsində tikintisinin artıq sonlanmaq üzrə olduğunu görən separatçı rejim onlar üçün verilən meydanın da sona çatdığını anlayınca havadarlarının dəstəyi ilə bölgədə vəziyyəti gərginləşdirərək, yenidən danışıqları, üçtərəfli bəyanatlardakı öhdəlikləri icra etmək məsələsini qeyri-müəyyən zamana kimi təxirə salmaq xülyası ilə yaşayırlar. Amma onların bu qərarları həm Ermənistan hakimiyyəti, həm də separatçılar üçün vəziyyəti daha da mürəkkəbləşdirib. Yol hazırdır, Laçını boşaldıb alternativ yoldan istifadə etməlidirlər. Ermənistana uzaqbaşı bir ay güzəşt edilə bilər, yenə məsələni uzatsalar, toqquşma qaçılmaz olacaq.

Bunu elə ötən gün Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volko "Dağlıq Qarabağ" ictimaiyyətinin və müxalifət qüvvələrinin nümayəndələri ilə görüşündə bəyan edib. Görüşdə iştirak edən Qarabağda yaşayan ermənilər bildiriblər ki, sülhməramlı kontingentin komandanı Andrey Volkov Azərbaycan tərəfinin tələblərini çatdırıb. Volkov deyib ki, Azərbaycan Laçın dəhlizinə alternativ yolun tikintisini başa çatdırıb və Ermənistanın da öz hissəsini bir aya təhvil verməsini tələb edir.



Belə görünür ki, Rusiya artıq çox yaxşı dərk edir ki, Azərbaycanı haqq yolundan döndərmək, məqsədindən yayındırmaq üçün lazımı imkanlara malik deyirlər. Bunun üçün də Kremlin göstərişinə əsasən A.Volkov erməniləri xəbərdar edib ki, indiki məqamda bizim əlimizdən bundan artığı gəlmir. 

Bu görüş əsnasında bir detal da xüsusilə diqqət çəkdir. Belə ki, görüş vaxtı masa üzərinə Azərbaycan bayrağı da qoyulub. Bu isə müharibənin bitdiyi gündən bu yana Ruisya və erməni səlahiyyətlilər arasında baş tutan görüşlər zamanı ilk belə haldır. Bəli, vəziyyət çox ciddidir. Hətta iş o yerə çatıb ki,Rusiya Prezidenti Vladimir Putin Qarabağdakı vəziyyətlə bağlı Rusiya Təhlükəsizlik Şurasının daimi üzvlərinin təcili iclasını çağırıb. Kreml üçtərəfli sazişin bütün müddəalarının təcili həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

Çox güman ki, Rusiya bunun ardınca Azərbaycan və Ermənistan liderlərinin Rusiyada görüşünü təşkil etməyə çalışacaq, bununla da özünü vasitəçi tərəf kimi moderatorluq vəzifəsindən əl çəkmədiyini, məsələnin həllinin tərəfdarı olduğu təəssüratı yaratmaöa çalışacaq. Amma rəsmi Bakı artıq çox yaxşı bilir ki, bu heç nəyi dəyişməyəcək. Beləcə, Ermənistan məsələlərin həllini yenidən uzadacaq, vaxtaşırı təxribatlar törədəcək. Azərbaycan isə cavabında ünvanlı hərbi əməliyyatlar keçirəcək. Nəticə etibarı ilə Rusiya isə tərəfləri sakitliyə çağıracaq. Bu minvalla bölgədə gərgion vəziyyət səngiməyəcək və belə olan halda isə hadisələr məhz Kremlin arzuladığı şəkildə cərəyan edəcək - Bölgədə gərgin vəziyyət qaldığı üçün sülhməramlıların Qarabağda qalması məsələsi biraz da uzana bilər.  



Ortaya belə nəticə çıxır ki, hazırki vəziyyət Rusiyanı tam qane edir. Amma bir yanda da Kremlin siyasətindən narazı olan Paşinyan var. O, bu narazılığını ötən gün açıq şəkildə bildirdi. Paşinyan çıxışı zamanı "Qisas" əməliyyatı ilə və ondan qabaq ordumuzun lazım olan məntəqələri tutduğuna görə rus sülhməramlılarını ittiham etməkdən çəkinməyib. O bildirib li, Ermənistan sülhməramlıların bölgəyə gəlişini hüquqi müstəvidə qəbul edib, ancaq Azərbaycan bilərəkdən onların Qarabağdakı fəaliyyətini leqallaşdırmayıb. Paşinyan deyəsən yenə nələrisə səhv salır. Biri Paşinyana başa salmalıdır ki, Qarabağ Azərbaycan ərazisi olduğundan sülhməramlıların missiyasının İrəvan tərəfindən qəbul edilməsinin heç bir hüquqi əsası yoxdur.

Çünki erməni baş nazir bir yandan sülh, delimitasiya, Zəngəzur dəhlizi və Laçına alternativ yolla bağlı bəyanatlar səsləndirməklə dünya ictimaiyyətini inandırmağa çalışır ki, Ermənistan Azərbaycanla sabitlik, qonşuluq prinsipləri əsasında yaşamağa hazırdır, digər yandan da 2023-2025-ci illər ərzində Qarabağdakı qondarma rejimin "müdafiə ordusu" və yaşayışın yüksəldilməsi ilə bağlı maliyyə yardımı ayrılacağı barədə sərəncam imzalayıb. Beləcə, Paşinyan faktiki olaraq Azərbaycan ərazi suverenliyinə təhdid olan növbəti addımı atdı və o, işğalçılıq, revanş ritorikalarından əl çəkmədiyini növbəti dəfə nümayiş etdirmiş oldu. 



Azərbaycanın indiki məqamda əsas istəyi odur ki, Rusiya Azərbaycanın Qarabağda qayda-qanun yaratmasına mane olmasın. Rəsmi Bakı Moskva ilə qarışdirmaya girmək, münasibətləri korlamaq istəmir, eləcə də rəsmi Moskva. Belə olan halda Azərbaycan yarımçıq qalan məsələlərini həll edə bilər. Rusiya bu məsələlərin həllində Azərbaycana müəyyən maneələr yaratmağa çalışacaq (necə ki, yaradıb), amma məqsədimizə çatmaq yolunda bizə tam da mane ola bilməyəcək.(milli.az)

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 avq 2022, 14:21
Top