Londonda Azərbaycan səfirliyinə qarşı təxribatı kim törədib? — Ərəstun Oruclunun ŞƏRHİ

GÜNDƏM 05 avq 2022, 10:53
“Londonda Azərbaycan səfirliyinə qarşı törədilən təxribat sıradan bir hadisə deyil”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında “Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib. 

Politoloq qeyd edib ki, bugünədək  konkret olaraq Azərbaycan səfirliyinə qarşı bu tipli hərəkətin olduğunu xatırlamır:

“Hesab edirəm ki, bu təxribat həm zamanına görə, həm seçilmiş məkana görə sıradan təxribat sayılmamalıdır. Ona görə ki, bu, Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror əməliyyatının ardınca baş verən  təxribatdır. Şübhəsiz ki, özündə müəyyən siyasi, geosiyasi yük daşıyan hadisədir. Amma, ümumillikdə bunun kim tərəfindən, hansı niyyətlə, hansı məqsədlə törəldildiyini söyləmək hələ bir qədər tezdir. Şübhəsiz ki, onun təşkilatçıları bundan sonrakı davranışı ilə özlərini göstərəcəklər. Bu təxribatın məqsədi, niyyəti ilk növbədə mesajdır. Bu ölkəyə və cəmiyyətə verilən mesajdır. Hələlik, cəmiyyətdə gedən müzakirələr daha çox emosional  xarakter daşıyır, impulsiv bəyanatlarla müşahidə olunur. Bəzən düşünülməmiş ittihamlar səsləndirilir, yanlış ünvanlar göstərilir. Ona görə də, mən bunu ümumi dəyərləndirməyə tələsməzdim hələlik.  Amma bunu deyə bilərəm ki, hadisənin baş verməsi zamanı səfirliyin mühafizəsinin burada zəif hərəkət etməsi diqqət çəkir. 

Eyni zamanda, hadisə yerində olan görüntülərdən bu da məlum olur ki, orada polis olub, Britaniya polisi də gəlib və polisin faktiki olaraq  fəaliyyətsizliyi, hadisəni müşahidə etməsi çoxsaylı suallar doğurmaqdadır. Bu hadisənin törədilməsində kimlər maraqlı olub? Nədən məhz belə bir üsul seçiblər? Hansı niyyətlərə, hansı məqsədlərə nail olmaq istəyiblər? Təbii ki, bu kimi suallar var. Qeyd edim ki, məlum dini qruplaşmanın  fəaliyyəti ilə bağlı çoxsaylı məlumatlar var. Onlar özünü hər zaman  İrandakı teokratik rejimin əleyhinə olan qruplaşma kimi təqdim edirlər. Əslində isə məsələnin necə  olduğunu söyləmək hələ tezdir. O qruplaşmanın sahibləri bundan sonrakı davranışları ilə özlərini göstərməlidirlər. Bu, doğurdanmı Tehrandır? Və yaxud başqa ölkədir? Niyyət nədir? Məqsəd nədir?  Hələlik, ümumi olaraq onu demək istəyirəm ki,  bugünkü  müzakirələr, bununla bağlı  elə dünəndən etibarən başlayan müzakirələr, fikrimcə, təkcə emosional deyil,  təkcə impulisiv və rasional deyil, həm də cəmiyyətdə parçalaşma, qütbləşmə yaratmağa  yönəlik müzakirələrdir. Çünki bununla bağlı artıq çağırışlar səslənir”. 

Ə.Oruclu əlavə edib ki, Azərbaycandakı  möminlərin, dindar kəsimlərin az qala cəzalandırılmasına çağırışlar səsləndirilir:

“Bu, kökündən yanlışdır. Dünyada istər müsəlman ölkələrində, istər  xristian ölkələrində mənzillənmiş yüzlərlə müxtəlif dini təmayüllü cərəyanlar, qurumlar və təşkilatlar var ki, onlar kimin istəsə xidmətində ola bilərlər. Və ümumiyyətlə iranyönümlü təşkilatın, İran təmayüllü bir təşkilatın Londonda belə bir hərəkət həyata keçirməsi təəccüblü olardı. Bu mənada əsla demək istəmirəm ki, İranın Azərbaycana yönəlik siyasəti çox  xoşməramlı siyasətdir, bunu heç vaxt deməmişəm, tam əksini deyirəm. Bu  gün də deyirəm, demişəm də.  Amma bu təşkilatı aparıb birbaşa İrana bağlamaq və bununla da, azərbaycanlı dindarlara istər İrana simpatiyası olan, istər İrana bağlı olan deyək istər, iranyönümlü  deyək dindar kəsimə, ölkə vətəndaşlarına qarşı çağırışlar üçün istifadə etmək bu yanlışdır. Biz məsələnin kökünə getməliyik. Məsələnin dərindən araşdırmalıyıq, bilməliyik ki, bu təhlükəli niyyətin arxasında hansı planlar dayanır, hansı məkrli addımlar dayanır. Azərbaycanı bununla nəyə çəkmək istəyirlər? Nə demək istəyirlər? Nədən çəkindirmək istəyirlər? Bax bu sualların cavabını tapanda biz artıq rasional müzakirə apara bilərik. Fikrimcə, hələlik aparılan müzakirələr təkcə irrasional deyil, həm də təhlükəlidir”. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top