“Abşeron küləkləri” — Bütünay Haqverdiyevin fərdi sərgisi (FOTOLAR)

İNCƏSƏNƏT 22 iyl 2022, 17:36
Mənzərə janrı heç də ilk baxışdan göründüyü qədər sadə və asan deyil. Bu janr çərçivəsində rəssam təbiəti və onun yaratdığı əsrarəngiz gözəlliyi insana daha yaxından hiss etdirməyi bacarmalıdır. Bu baxımdan tanınmış gənc rəssam Bütünay Haqverdiyevin müşahidələri əsasında yaratdığı əsərləri nümunə kimi göstərmək olar. 

O, bu əsərlərini “Abşeron küləkləri” adlı fərdi sərgisində nümayiş etdirdi. Təəssüratları və sevincini isə Demokrat.az-a söylədi:

“Bu sərgi Abşerona aiddir. Özüm 2019-cu ildən pandemiya düşəndən Abşeronda qalıram. Köçdüm şəhərdən kənara və orada tərk edilmiş çimərlikləri çox gəzmişəm, təbii ki, o mənə çox təsir edib. Bu sərgini mən köhnə Abşeron mənzərələrinə aid etmişəm. Həm də ətrafımda olan adamlara göstərmək istəyirdim. Günümün cədvəli ondan ibarətdir ki, səhər tezdən çıxıb, dəniz kənarını gəzirəm, ya da axşamlar günün gözəl işığı olanda rəsm də çəkirəm, foto da çəkirəm, günü  axırında isə gəlib o təsvirləri kətana çevirirəm.”

Mahir təsvir savadına və rəsm texnikasına sahib olan Bütünay Haqverdiyevi digərlərindən fərqləndirən xüsusiyyət hamıya tanış olan obrazda başqalarının gözündən qaçan məqamı göstərmək bacarığıdır. Onun əsərlərində hər şey harmoniya içərisindədir. Sakit və mülayim təbiətə malik doğma Abşerona sanki sevgi etirafı edilir. Bütünay Haqverdiyev Əzim Əzimzadə adına İncəsənət kollecinin rəssamlıq fakültəsində oxuduqdan sonra, təhsilini Moskvadakı Britaniya İncəsənət və Dizayn Ali Məktəbində davam etdirir. Gənc rəssamın əsərləri indiyədək dünyanın bir çox qalereyalarında da nümayiş olunub. 

Xalq rəssamı Səlhab Məmmədov qeyd etdi ki, Bütünay incəsənət mühitində böyüyüb:
 
“Qız qalası qalereyasında bizim gənc rəssamımız Bütünay Haqverdiyevin gözəl bir sərgisi açılır. Bu rəssamın kökü var, onun babası, anası, atası, bütün nəsil hamısı rəssamdırlar, hamısı incəsənət xadimləridir. Bu o mühitdə böyüyüb. Onu da deyək ki, “Abşeron küləkləri” sərgisi iyulun 27-dək nümayiş  etdiriləcək”. 



Gülçin Qorxmaz
Demokrat.az









 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top