Zəngəzur dəhlizinin açılması Tehranı niyə qorxuya salır? — İranı qorxuya salan SƏBƏBLƏR

GÜNDƏM 21 iyl 2022, 15:05
Azərbaycan 2020-ci ilin payızında tarixi qələbə qazanaraq Qarabağın 30 illik işğalına son qoydu. Cəmi 44 günə Ermənistan ordusunun darmadağın edilməsi ilə nəticələnən Vətən Müharibəsi Cənubi Qafqaz regionunda tamamilə yeni vəziyyət yaratdı.

Azərbaycan xalqının cəm olduğu “Dəmir yumruq” sayəsində bölgənin geosiyasi mənzərəsi dəyişdi, işğalçılar ağ bayraq qaldıraraq qarşımızda diz çökdü və Ermənisan kapitulyasiyaya imza atdı. İkinci Qarabağ savaşının ən mühüm nəticələrindən biri də Azərbaycan, Ermənistan və Rusiya arasında Zəngəzur dəhlizinin açılması barədə üçtərəfli razılığa gəlinməsi oldu.

Bu, bizim üçün olduqca önəmli, həm də tarixi nailiyyətdir.

Amma Zəngəzur dəhlizinin açılması məsələsi ortaya çıxan kimi, İran rəsmiləri əndişələnməyə başladılar. Biri- birinin ardınca bu dəhlizin onlara problem yaradacağını açıq şəkildə bəyan edirdilər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehranda İranın ali dini rəhbəri Ayətullah Seyid Əli Xamneyi ilə görüşündə səsləndirilən bəzi fikirlər narahatlığa ciddi əsaslar verir. Dini lider bildirir ki, İran-Ermənistan sərhədinin bağlanması siyasəti gündəmdədirsə, İran İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd ermənilərlə minilliklərin kommunikasiya yoludur.

İlk baxışdan belə görünür ki, İran Ermənistanla sərhədin bağlanmasından narahatdır. Ancaq məsələyə daha qlobal müstəvidən baxdıqda aydın görünür ki, cənub qonşumuzu narahat edən digər məqam Türkiyənin Mərkəzi Asiya ilə yeni marşruta sahib olmasıdır. Belə olan halda Türkiyə bu istiqamətdə əsas rəqibi olan İrandan asılılığını azaltmış olur.

Bundan əlavə İranın Ermənistanla planları boşa çıxmış olur və ermənilər müəyyən mənada nəzarətdən çıxmış olurlar.

Bütün bunlara rəğmən İranın ali dini rəhbəri Ayətullah Seyid Əli Xamneyi tarixi saxtalaşdırmaqla yalanı cəmiyyətə sırımaq istəyir.

Zəngəzurun Azərbaycanın tarixi torpağı olması Ayətullaha da bəllidir. Amma Ayətullah tarixi saxtalaşdırmaqla din qardaşı Azərbaycanın yox, terror ölkəsi olan Ermənistana yanında olduğunu açıq şəkildə bəyan etdi.

Ayətullah utanmazcasına Zəngəzurun min illərdir ermənilərlə aralarında kommunikasiya yolu olduğunu bəyan edir. Ayətullah BU AÇIQLAMASI İLƏ HANSI XİSLƏTƏ sahib olduğunu bəyan edir.

Ayətullahın və onun həmfikirlərinin diqqətinə bir daha çatdırırıq ki, Zəngəzur da, Cənubi Azərbaycan bizim ata-baba torpaqlarımızdır. Zamanı gələndə biz öz torpaqlarımıza sahib olacayıq. Zəngəzurun necə ermənilərin əlinə keçməsinə gəlincə isə bu tarixi sizin diqqətinizə çatdırıram.

Zəngəzur torpaqlarının ermənilərə verilməsi

1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra bölgənin böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altında idi. Eləcə də Qarabağın dağlıq hissəsində erməni silahlı dəstələrinin hücumları davam edirdi. Azərbaycan SSR hökuməti (Müvəqqəti İnqilab Komitəsi) 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsini tələb etmişdi.

1920-ci il 10 avqustda Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan olundu.

1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu bəyan edildi.

Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarla mümkün oldu. Həmin qərarda Zəngəzur bölgəsini iki yerə: Qərbi Zəngəzur qəzası və Şərqi – əhalisinin kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına bölmək təklif edilirdi. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmişdi.

Zəngəzurun ermənilərə verilməsi istiqamətində ilk addımlardan biri 1920-ci il dekabrın 1-də atıldı. Həmin gün Bakı Sovetinin Ermənistanda Sovet hakimiyyəti qurulması münasibətilə keçirilən təntənəli “tarixi” iclasında Nəriman Nərimanov bəyanatla çıxış etdi.

Həmin çıxışda deyilirdi:

“Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın-kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan belə heç bir ərazi məsələləri əsrlərdən bəri qonşu olan iki xalqın: ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz; Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanın bölünməz ərazisidir ; Dağlıq Qarabağın əməkçi kəndlərinə isə öz müqəddəratını təyin etmək hüququ verilir, Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır; Sovet Azərbaycanın qoşunları isə buradan çıxarılırlar. Sovet Azərbaycanı malik olduğu tükənməz sərvətlərin-neft, kerosin və digər məhsulların qapılarını Sovet Ermənistanı üçün geniş açır”.

Bakı Sovetinin iclasında yekdilliklə qəbul olunan qətnamədə “Nərimanovun Bəyanatı”nın tamamilə bəyənildiyi bildirilir və onun “…Ermənistanla müsəlman dünyası arasındakı çoxəsrlik düşmənçilik və qanlı müharibələri birdəfəlik aradan qaldırmaqla Güney Qafqaz və bütün Şərq xalqlarının tarixində yeni səhifə açdığı” qeyd edilirdi.

Arxiv sənədlərinin təsdiqlədiyi kimi, torpaqlarımızın parçalanmasında əsas rol oynayanlardan biri olan İosif Stalin bu hadisəni belə izah etmişdi:

“Dekabrın 1-də Sovet Azərbaycanı mübahisəli vilayətlərdən könüllü olaraq əl çəkir və Zəngəzur, Naxçıvan, Dağlıq Qarabağın (Bəyanatın məzmunu Yuxarı Qarabağla bağlı burada da təhrif edilmişdir-Q.S.)Sovet Ermənistanına verilməsini elan edir”.

Qeyd etdiyimiz kimi, tariximizin qara səhifəsi olan Zəngəzurun itirilməsinə 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan KPMK Siyasi və Təşkilat bürolarının birgə iclasında qərar verildi. Qərarın “q” bəndində deyilirdi ki, Zəngəzur və Naxçıvan Sovet Ermənistanının tərkibinə keçir.

İndi gələk Ayətullahın tarixi saxtalaşdırılmasının əsas səbəbinə…

Ayətullah öz çıxışı ilə guya regionda İsrail təhlükəsinin olduğunu önə çəkmək istəyir. Ancaq hər kəsə bəllidir İran Zəngəzurdan tranzit keçməklə Avropaya çıxır. Bu iran narkotacirlərinin ən rahat tranzit yoludur. Ayətullah bu çıxışı ilə tarixi saxtalaşdırmaqla kimlərisə himayə etdiyini bəyan edir.

Qoşqar Salmanlı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top