“Qanasusayan”: dünyanın növbəti “Dəmir ledi”yə ehtiyacı var

GÜNDƏM 12 iyl 2022, 13:00
Sən demə, şəkildə gördüyünüz bu qadın "qanasusayan və destruktiv şəxs” imiş. Qanasusayan - yəni ki, hannibal, vampir və s. Rusca isə "kровожадный", "kровожадная" deməkdir.

Bu sözü Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Böyük Britaniyanın hazırkı xarici işlər naziri Liz Trass haqqında deyib. Niyə deyib?

Çünki Liz Trass Mühafizəkarlar Partiyasının sədri və İngiltərənin baş naziri postuna seçilmək üçün bu gün seçki kampaniyasına qoşulduğunu bəyan edib və ilk açıqlamasında seçkidə qalib gələcəyi təqdirdə Rusiya ilə Ukrayna arasında davam edən müharibədə Kremlin məğlubiyətini təmin edəcəyinə söz verib.

Liz Trassdan sitat:

“Mən lider ola, nəticələr əldə edə bilərəm. Çünki qərar qəbul edə bilirəm. Hara getməli olduğumuza və oraya çatmaq üçün təcrübə və qətiyyətə dair aydın təsəvvürüm var. Mən Putinin Ukraynadakı məğlubiyyətini təmin etmək üçün seçkilərə qatılacağam".

L.Trassın bu sözləri necə deyərlər, Lavrovun və Zaxarovanın lap cızdağını çıxarıb. Zaxarova hirsindən özünə yer tapa bilməyib və götürüb öz “Teleqram” kanalında yazıb ki, bəs, Liz Trass qanasusayan və destruktiv şəxsdir.

Sözün düzü, L.Trassın vampirliyini, qaniçənliyini indiyə qədər hələ heç kim görməyib. Amma sərt olmağına, həqiqətən də sərt xarakterə malik siyasətçidir. Lakin onun sərtliyi özünü yalnız Rusiyaya münasibətdə göstərir. Bunun da günahkarı Rusiyanın özüdür. Çünki Rusiyanın Ukraynaya qarşı işğalçı siyasəti dünya liderlərinin bir çoxunda, o cümlədən Liz Trassda da tamamilə təbii olaraq əks reaksiya doğurur.

Nəzərə alsaq ki, Liz Trass Rusiyanın Ukraynaya təcavüzünə qarşı barışmaz mövqe sərgiləyən baş nazir Boris Consonun hökumətində nazir postunu tutub, onun Rusiyanın ünvanına tənqidi fikirlər səsləndirməsi anlaşılandır.

L.Trassın Rusiyaya qarşı barışmaz münasibəti hətta bəzi hallarda B.Consonu da kölgədə qoyurdu. Liz Trass Rusiyanın ünvanına Boris Consondan daha sərt ifadələr işlədirdi.

O, XİN başçısı kimi Rusiyaya qarşı beynəlxalq təzyiqlərin gücləndirilməsinə dəstək verib, sanksiyaların qəbul edilməsində xüsusi fəallıq göstərib.

Xanım nazir qarşıdakı seçkilərdə qalib gəlsə və Böyük Britaniyanın növbəti baş naziri olsa, o zaman ruslar Boris Consonun atasına da, dədəsinə də rəhmət oxuyacaqlar ))

Bu mənada, "Boris Consondan sonra onun yerinə gələn növbəti baş nazir Rusiyaya qarşı daha sərt mövqe tutacaq" proqnozunu səsləndirən ekspertlər haqlıdırlar.

Düzdür, bu seçkilərdə qalib gəlmək Liz Trass üçün elə də asan olmayacaq. Çünki çox güclü rəqiblərlə qarşılaşmalı olacaq. Amma hər halda ümid edək ki, L.Trass qalib gəlməyi bacaracaq. İndi həm İngiltərənin, həm də dünyanın növbəti "Dəmir ledi"yə ehtiyacı var.(visiontv.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top