Ağsaqqal və veteranların təmsil olunduğu QHT-lərin əməkdaşlıq forumu keçirildi — FOTOLAR

SOSİAL 08 iyl 2022, 15:30
Bu gün Beynəlxalq Muğam Mərkəzində ağsaqqalların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumu keçirilib.

Demokrat.az xəbər verir ki, toplantıda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova, Milli Məclisin deputatları, ağsaqqalların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra açılış nitqi ilə çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev ağsaqqallara, veteranlara dövlət tərəfindən çox böyük diqqət və qayğının göstərildiyini qeyd edib.

O, regionlarda qeyri-hökumət təşkilatlarının fəaliyyətinin gücləndirilməsinin zəruri olduğunu bildirib: “Bu gün cəmiyyətimizi narahat edən bəzi problemlər var. Qızların təhsili, narkomaniya ilə bağlı problemlər bizi narahat edir. Bu məsələlərlə bağlı da bu təşkilatların üzərinə müəyyən vəzifələr düşür".

Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Eldar Quliyev isə deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə həyata keçirilən 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub: “Bu gün həmin ərazilərdə böyük bərpa-quruculuq işləri həyata keçirilir. Əminəm ki, bu il vətəndaşlarımız öz dədə-baba yurduna qayıdacaqlar”.

E.Quliyev bəzi problemlərdən də danışıb. O bildirib ki, bu gün evlənən 100 nəfərdən 35-i boşanır: “Əvvəllər boşanmaların sayı belə deyildi. Ağsaqqallarımız, ağbirçəklərimiz qızlarına deyirdilər ki, ailə qurduğun evdə get xoşbəxt ol, orada da ömrünün sonuna qədər yaşa. Oğlanlara isə deyirdilər ki, ailə qurduğun xanım sənin namusundu, qeyrətindi. Bu gün narkomaniyaya bulaşan gənclərimiz də var. Onların da qarşısı alınmalıdır”.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova qeyd edib ki, Azərbaycan igidlərin çiyinləri üzərində dayanır: “Azərbaycanın çox bərəkətli torpağı var. Ona görə də bəzilərinin gözü burada olub. İndi bizim güclü ordumuz var. Bunu 44 günlük müharibədə də sübut etdik. Prezident, Ali Baş Komandan İlham Əliyev ordunu gücləndirdi və torpaqlarımızı işğaldan azad etdi”.

Tədbir çıxışlarla davam etdirilib.



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top