Deputat: “Vətəndaş taksini sifariş edir, amma kimin və necə avtomobilin gələcəyi sürpriz olur”

GÜNDƏM 06 iyl 2022, 17:40
“Ölkəmizdə sərnişin daşınma xidməti sahələrində fəaliyyətə nəzarət olmalıdır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat qeyd edib ki, bu sahələrdə xidmət göstərən nəqliyyat vasitələri müntəzəm texniki baxışdan, sürücüləri isə işə başlamazdan əvvəl yoxlanışdan keçirilməlidirlər:

“Avtobuslarla daşınmalar müəyyən şirkətlər tərəfindən idarə olunduğundan bu sahədə reys qabağı yoxlanışlar aparılır. Amma, taksi fəaliyyətində pərakəndəlik hökm sürür və demək olar ki, nəzarətsizlikdir. Vətəndaş taksini sifariş edir, amma kimin və necə avtomobilin gələcəyi sürpriz olur. Çox hallarda avtomobillər səliqəsiz, köhnə və texniki nasaz olduğundan qəzalar tez-tez baş verir. Bəzi hallarda da taksi sürücüsünün hansı əhval-ruhiyyədə olduğu məlum olmur. Ona görə də, xoşagəlməz hərəkətlərin artdığını da müşahidə edirik”. 



Millət vəkilinin sözlərinə görə, taksi xidmətləri əsasən şəxsi avtomobillərlə göstərildiyindən bu avtomobillərə tələblər müəyyənləşməmişdir:

“Taksi xidməti göstərmək istəyən şəxs müəyyən şirkətlə müqavilə bağlayır və ya vergi ödənişi etməklə xidmət göstərir. Şirkət isə ancaq taksidən ödəniş almaqla kifayətlənir. Hesab edirəm ki, taksi şirkətlərinin özlərinin texniki bazası olan qarajları olmalı və müqavilə ilə xidmətə buraxılan avtomobilləri mütəmadi texniki baxışdan keçirilməlidirlər. Yəni, taksi fəaliyyətini həyata keçirən şirkətlər həm hər gün avtomobillərin texniki sazlığını, həm də sürücünün sağlamlığını yoxlamalı və sənəd verilməlidir. Məhz belə yoxlanış haqqında sənədi olan avtomobillər taksi xidmətinə buraxılmalıdır. Beynəlxalq təcrübədə də belə qəbul olunmuşdur. Çünki, taksi fəaliyyəti məsuliyyətli peşədir. Ona görə də, bu xidmət növünə də məsuliyyətlə yanaşılmalıdır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top