Zirədə pomidor istixanasında işləyən qadın niyə döyülüb? – TƏFƏRRÜAT

HADİSƏ 06 iyl 2022, 12:06
Bakının Xəzər rayonunda 1994-cü il təvəllüdlü Bərxudar şəxsi münasibətlər zəminində tanışı Ləmana (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 15-də Xəzər rayonu Zirə qəsəbəsində baş verib. 

Bərxudar pomidor istixanasının qarşısında Ləmanı sinəsindən itələyərək yerə yıxıb, yumruqla bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub. 
İstintaq orqanı tərəfindən Bərxudarın barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddələri ilə ittiham elan edilib. 

Cinayət işi araşdırılması üçün Xəzər rayon Məhkəməsinə göndərilib. İş hakim Hüseyn Hüseynlinin sədrliyi ilə araşdırılıb. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bərxudar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, iyulun 15-də, təxminən saat 15 radələrində Zirə qəsəbəsində pomidor istixanasının qarşısında, küçədə tanışım və uzaq qohumum olan Ləman ilə aramızda heç bir əsaslı səbəb olmadan mübahisə düşdü. Həmin vaxt ətrafda olan tanımadığım şəxslərin gözü qarşısında Ləmanı yumruqla vuraraq xəsarət yetirdim. Həmin vaxt orada olanlar bizi ayırdılar. Mən oradan getdim”.

Zərərçəkmiş Ləmanın sözlərinə görə, Bərxudarla əvvəllər heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmayıb: “İyulun 15-də, təxminən saat 14 radələrində Bərxudar işlədiyim yerə gəldi. Həmin vaxt mənimlə birlikdə işləyən qohumum Xəlil nə üçün gəldiyini soruşdu. Bərxudar Xəlilin dayısı oğlunu axtardığını bildirdi. Bərxudarla Xəlilin arasında sözlə mübahisə yarandı. Bu səbəbdən Bərxudara yaxınlaşaraq öz iradımı bildirdim. Həmin vaxt Bərxudar uca səslə nalayiq söyüşlərlə məni söydü, təhqir etdi. Əlləri ilə sinəmdən itələdi. Bu səbəbdən yerə yıxıldım. Sonra yumruqla bədənimin müxtəlif nahiyyələrinə çoxsaylı zərbələr vuraraq mənə xəsarət yetirdi. Ayağa qalxan zaman Bərxudarla mübahisə etməyə başladım. Mübahisə zəminində Bərxudar yenidən yumruqla sifət nahiyyəmə çoxsaylı zərbələr vurdu”.

Zərərçəkmiş deyib ki, bundan sonra həmin yerdə olan şəxslər, əsasən də Xəyal onu Bərxudarın əlindən alıb: “Bu zaman Bərxudar həmin yerdən uzaqlaşdı. Hadisənin baş verməsinə heç bir səbəb olmayıb. Bərxudar məni səbəbsiz yerə döyərək xəsarət yetirdi. Həmin vaxt orada xeyli sayda adam olub. Lakin onların adlarını bilməmişəm”. 

Bərxudar 1 il 8 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top