“İkinci Qarabağ müharibəsi regional münasibətlərdə dəyişiklik yaradıb”

GÜNDƏM 02 iyl 2022, 14:28
Dünən Vyanada Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr - səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında dördüncü görüş keçirilib. Görüş çərçivəsində tərəflər, Türkiyə ilə Ermənistan arasında quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçməsi üçün ən qısa zamanda açılması barədə razılığa gəliblər və bununla bağlı lazımi prosesin başlanmasına qərar verilib.

VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Demokrat.az-a açıqlamasında bildirib ki, İkinci Qarabağ müharibəsinin Azərbaycanın şanlı qələbəsi ilə başa çatması bir çox regional münasibətlərdə dəyişiklik yaradıb. Politoloq qeyd edib ki, bu, Türkiyə-Ermənistan münasibətlərinin bərpasına, iki ölkə arasındakı münasibətlərin normallaşma prosesinə də təkan verib:



“Bildiyimiz kimi, qardaş Türkiyə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və Xocalıda soyqırım törətməsi səbəbilə 1993-cü ildən bəri Ermənistanla sərhədlərini bağlamış və münasibətlərini kəsmişdi. Buna həm də Ermənistanın ”Müstəqillik haqqında Akt" və Konstitusiya kimi rəsmi sənədlərində Türkiyə ilə bağlı “soyqırım” və təzminat iddiasını, həmçinin Türkiyə torpaqlarına “Qərbi Ermənistan” şəklində müraciət edərək ərazi iddiası ortaya atması təsir göstərib. Türkiyə münasibətlərin bərpası üçün Ermənistanın işğal etdiyi torpaqları Azərbaycana geri qaytarmasını, Ermənistan isə Türkiyənin müvafiq iki iddianı qəbul etməsini tələb edirdi. Türkiyənin tələbini Azərbaycan hərbi və diplomatik üsullarla həll etdiyinə görə, hazırda sadəcə Ermənistanın Türkiyəyə qarşı iddiaları ortada qalır. Bu prosesdə daha çox Ermənistanın üzərinə iş düşür. Son anlaşma mühümdür, amma bu hələ başlanğıcdır. Başlanan prosesin davam etməsi regional sülh və sabitliyin təminatı və qlobal iqtisadi layihələrin icrası baxımından mütləqdir. Sadəcə Ermənistanda suların durulmasını gözləmək lazımdır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top