Solovyovun üzrü: Azərbaycan mediası nəyə nail oldu?

TƏHLİL 29 iyn 2022, 15:49
Vladimir Solovyov Azərbaycandan üzr istədi. Səbəb separatçı-terrorçu rejimin qondarma “xin rəhbəri” David Babayandan müsahibə almasıdır. İlk baxışdan, təəccüblüdür, çünki söhbət bütün fəaliyyətini Azərbaycaan qarşı quran Solovyovdan gedir və bu şəxsin indi səhvini etiraf etməsi, üzr istəməsi maraqlı olduğu qədər də Azərbaycanın uğuru hesab oluna bilər.

Birinci uğur diplomatiyamıza məxsusdur.

44 günlük Vətən müharibəsindən sonra Ermənistanın, həm də Qarabağda qalan separatçı-terrorçuların tör-töküntülərinin yeganə platforması informasiya cəbhəsidir. Xüsusilə Rusiya informasiya məkanından Azərbaycana qarşı təbliğatda istifadə edirlər. Rəsmi Bakı məhz bu “qapını” bağlamaq istiqamətində strateji addım atdı. Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalandı. 

Sazişə əsasən tərəflər təhlükəsizlik və sabitliyin qorunub saxlanılması, suverenliyə, ərazi bütövlüyünə, dövlət sərhədlərinin təhlükəsizliyinə və toxunulmazlığına qarşılıqlı hörmət, mübahisə və münaqişələrin sülh yolu ilə tənzimlənməsi, güc və güclə təhdid tətbiq etməmə, daxili işlərə qarışmama, insan hüquq və əsas azadlıqlarına hörmət, həmçinin ikitərəfli əməkdaşlıq və dövlətlərin informasiya resurslarına müdaxilə olunmama prinsipləri də daxil olmaqla, beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına uyğun fəaliyyətin təmin edilməsi istiqamətində işləyəcəklər.

Bu, Saziş Rusiyada Azərbaycanın suverenliyinə qarşı təhdidlərin aradan qaldırılmasına imkan verir. Beləliklə, Rusiya informasiya məkanında Azərbaycana qarşı irəli sürülən təhdidlər bloklanır, Ermənistanın və erməni lobbisinin Rusiya informasiya məkanında Azərbaycana qarşı fəaliyyəti məhdudlaşır, Qarabağdakı separatçıların Rusiya informasiya məkanına çıxışı və bu çıxışla özlərini “tərəf” kimi sırımaq cəhdlərinin qarşısı alınır və s.

Sazişin mürəkkəbi qurumamış Solovyovun üzr istəməsi Bakının strateji addımının nəticəsi hesab oluna bilər.



İkinci uğur Azərbaycan mediasına məxsusdur.

Mediamızın inkişafı istiqamətində həyata keçirilən islahatlar nəticəsində artıq peşəkar fəaliyyət ön plana çıxıb. Təsadüfi deyil ki, Azərbaycan mediasının təsir gücü sərhədləri aşır. Rusiya-Ukrayna müharibəsində bunun şahidi olduq. Lavrovun Bakı səfərində informasiya sahəsində Azərbaycan-Rusiya sazişinin imzalanmasının Moskvanın təşəbbüsü olması bu kontekstdə diqqət çəkir.

Ukrayna müharibəsi başladıqdan sonra Azərbaycan mediasının peşəkar fəaliyyəti Rusiyada narahatlıqla qarşılandı. Mediamız beynəlxalq jurnalistika prinsiplərinə əsasən obyektivlik və qərəzsizlik prinsipindən çıxış edir, müharibənin içindən informasiya təminatını həyata keçirirdi. Məhz bu peşəkar və opoerativ fəaliyyətə görə Rusiyada Azərbaycanın bir sıra media resursu bloklandı. Ardınca informasiya sahəsində belə bir sazişin imzalanması təklifi edildi və təbii ki, rəsmi Bakı bundan istifadə edərək, maraqlarına uyğun sənədin hazırlanmasına nail oldu. Nəticədə Solovyov etdiyi səhvinə görə Azərbaycandan üzr istədi. Bu üzr Rusiya informasiya sektorunda erməni lobbisi üçün presedent yaradacaq.


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top