Elman Nəsirov: “Xalqımız gələcəyinə inamla baxır”

GÜNDƏM 29 iyn 2022, 14:25
XALQIMIZ GƏLƏCƏYİNƏ İNAMLA BAXIR. UCA ZİRVƏLƏRƏ APARAN GƏLƏCƏYİNƏ...

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da- Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı müharibəyəqədərki, müharibə və postmüharibə dövrünün bir sıra mühüm məsələlərinə toxunaraq, strateji əhəmiyyətli fikirlər səsləndirmişdir. Bu səfər xüsusilə iki mühüm məqamı baxımından əlahiddə məna və əhəmiyyət kəsb etmişdir. Birincisi, bu səfər 26 İyun-Silahlı Qüvvəllər Günündə baş tutmuşdur. Milli Ordumuzun 104-cü ildönümü günündə gerçəkləşmişdir. İkincisi, Kəlbəcərdə yüksək döyüş qabiliyyətli komando hərbi hissəsinin açılması ilə yadda qalmışdır.

Xatırladaq ki, birinci anoloji komando hərbi hissəsi ötən il dekabrın 24-də Hadrutda açılmışdır. Bu o deməkdir ki, ordu quruculuğu məsələləri postmüharibə dövrü reallığında da özünün prioritetliyini qoruyub saxlamaqdadır. Bu da səbəbsiz deyildir, çünki beynəlxalq hüquq norma və prinsipləri işləmir. “Güclüsən, haqlısan” prinsipi beynəlxalq siyasətdə dominantlıq təşkil edir. Bu baxımdan Prezident İlham Əliyevin “bu gün dünyada güc amili ön plandadır. Beynəlxalq hüququn norma və prinsipləri işləmir, beynəlxalq təşkilatlar faktiki olaraq fəaliyyəti formal şəkildə davam etdirir. Haqq-ədalət bizim tərəfimizdə idi, beynəlxalq hüquq bizim tərəfimizdə idi, bizim torpaqlar işğal altında idi. Ancaq işğalçıya heç kim “Azərbaycan torpaqlarından çıx!” deməmişdir,“-fikirləri gerçəkliyi ifadə edir və real həyatda tam təsdiqini tapır. Bəli, məhz güc faktoru tarixi zəfərin əldə edilməsində müstəsna rol oynadı.

Cənab Prezidentin vurğuladığı kimi, bunun üçün də ilk növbədə iqtisadi güc topladıq. İqtisadi müstəqilliyə nail olduq. Nəticədə güclü ordu formalaşdı. Əgər 2004-cü ildə müdafiə xərclərimiz 135 milyon dollar təşkil edirdisə, 2022-ci ilin büdcəsində bu göstərici 2,7 milyard dollar (4,5 milyard manat) müəyyən edilmişdir. Cari ilin ilk 5 ayının artan iqtisadi göstəriciləri fonunda büdcəyə yenidən baxılması zərurəti yaranmışdır və yeni büdcə zərfində anoloji göstərici 5084759665 manata yüksəlmişdir. Bu reallıq Ermənistandakı revanşist qüvvələrə ciddi ismarıcıdır. İkinci Qarabağ müharibəsindən dərs alsınlar, əks halda tarixi qəlbəmizin rəmzi olan” dəmir yumruq” yerindədir. Bunu heç zaman unutmasınlar. Bu xüsusda cənab Prezident Ermənistan iqtidarına və revanşist qüvvələrə bir daha xəbərdarlıq etdi: “Onlar bəyan edirdilər ki, Azərbaycan öz torpaqlarını heç vaxt silahlı yollarla ala bilməz. Çünki həm qurulmuş istehkamlar, həm 30 il ərzində mühəndislik işlərinin aparılması, həm də ki, bu bölgənin coğrafiyası onlar üçün çox əlverişli idi. Biz bu mifi də dağıtdıq və göstərdik ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, hərbçilərin vətənpərvərliyi olan yerdə heç kim bizim qabağımızda dura bilməz.

Əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir”.Cənab Prezident xüsusi olaraq vurğuladı ki, Vətən müharibəsində qələbənin əldə edilməsi heç bir halda təsadüfi olmayıb, bir sıra vacib amillərin vəhdəti sayəsində əldə edilib: “Biz bütün dünyaya göstərdik ki, həm ruhən, həm fiziki cəhətdən, həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də Vətənə olan sevgi və məhəbbət nöqteyi-nəzərindən böyük xalqıq.. Ona görə vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və əlbəttə ki, Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi-bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi.”

Heç şübhəsiz, belə qəhrəman xalqa məhz zəfər yaraşır. Bu zəfərin müəlliflərindən bəhs edərkən cənab Prezident gənclərin rolunu xüsusi olaraq qeyd etdi: ” Bu gün Azərbaycan gəncləri vətənpərvər gənclərdir, Vətənə bağlıdır və Vətən müharibəsi bunu bütün dünyaya göstərdi. Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər. Əziz şəhidlərimizin xatirəsi daim bizim qəlbimizdə yaşayacaq.” Həqiqətən də, qalib ordunun mütləq əksəriyyətini gənclər təşkil edir və onlar Vətənin azadlığı naminə canlarını fəda etməklə, Ali Baş Komandanın qeyd etdiyi kimi, “həm tarix qarşısında, həm əcdadlarımızın ruhu qarşısında, həm də gələcək nəsillər qarşısında tarixi missiyanı icra etmişdir”.

İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması prosesi sürətlə həyata keçirilməkdədir. Cənab Prezidentin Kəlbəcər və Laçın rayonlarına səfərləri bu həqiqəti bir daha təsdiqlədi.

Bu, bir həqiqətdir ki, postmüharibə dövrünün ən mühüm məsələsi azad edilmiş torpaqlara soydaşlarımızın tarixi qayıdışını təmin etməkdir. Bu istiqamətdə ciddi işlər getməkdədir. Siyasi iradə, iqtisadi güc, maliyyə imkanları, insani resurslar və beynəlxalq tərəfdaşların varlığı bu strateji vəzifənin uğurlu icrasını təmin edə biləcək mühüm amillərdir. Bu komponentlər sırasında maliyyə imkanları məsələsinə xüsusi olaraq toxunaraq qeyd edək ki, son iki il ərzində sözügedən vəzifənin icrası üçün dövlət büdcəsindən 4,4 milyard manat vəsait ayrılmışdır. Yeri gəlmişkən, onu da vurğulayaq ki, cari ilin son beş ayının uğurli iqtisadi nəticələrinin bilavasitə təsiri altında dövlət büdcəsində profisit qeydə alınmışdır və bu reallığa adekvat olaraq işğaldan azad olunan ərazilərin bərpası işinə cari il üçün əlavə olaraq 470 milyon manat (cəmisi 2milyard 670 min manat) vəsaitin ayrılması planlaşdırılır.

Cənab Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfərləri bir daha əyani olaraq sübut etdi ki, qarşıya qoyulan hədəflərə çatmaq yolunda intensiv işlər getməkdədir. Bütün infrastruktur layihələr uğurla icra olunur. Dövlət başçısının qeyd etdiyi kimi, keçən il 4 su elektrik stansiyası istifadəyə verilmişdir. Bu il isə 5 su elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcəkdir. Həmin 4 stansiya artıq işləyir, ümumi enerji gücümüzü artırır və bərpaolunan enerji növlərinin həcminin artırılmasına xidmət göstərir. Cənab Prezident eyni zamanda vurğuladı ki, “Yollar çəkilir. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. Təsəvvür edin, 10-dan çox tunel. Onların arasında ən böyük tunelin uzunluğu təxminən 12 kilometrdir. Biz bu tuneli Murov dağının altından çəkirik ki, buraya gediş-gəliş rahat olsun. Bu, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən lazımdır. Hazırda bütövlükdə 10-dan çox tunel tikilir və gələcəkdə bu tunellərin sayı daha da çox ola bilər. Çünki burada hər tərəf dağlardır, meşələrdir. Qarabağ bölgəsində isə indi 10-dan çox tunel, 9 viaduk, onlarla körpü inşa edilir. Görün, həm Zəngəzurda, həm də Qarabağda ancaq yol təsərrüfatına aid olan nə qədər genişmiqyaslı işlər görülür. Çünki bunlar - elektrik enerjisi və yol əsasdır. Bunlar olmadan heç bir inkişafdan söhbət gedə bilməz.” .

Kəlbəcər şəhərinin Baş planı, habelə Kəlbəcər rayonunun inkişafı ilə bağlı konsepsiya artıq hazırdır. Baş plana əsasən, Zəngilan şəhəri və rayonu təbiətə sıx inteqrasiya olunmalı, park-şəhərə çevrilməlidir.

Eyni məntiqlə Kəlbəcərin bərpası işləri geniş vüsət almışdır. Prezident İlham Əliyev iyunun 26-da Kəlbəcərdə “İstisu” sanatoriyasının,“İstisu” mineral su zavodunun, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, habelə İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoymuşdur.

Laçın rayonunda həyata keçirilən strateji əhəmiyyətli layihə, heç şübhəsiz, eyniadlı beynəlxalq hava limanının tikintisidir. 2024-cü ildə hava limanının istifadəyə verilməsi planlaşdırılır. Nəticədə bölgənin turizm mərkəzinə çevrilməsi reallaşacaqdır.

Görülən işlərin miqyası olduqca genişdir. Cənab Prezident İlham Əliyevin təbirincə desək, “biz hərtərəfli iş görürük - həm infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu onu göstərir ki, biz bu torpaqların sahibləriyik. Bu torpaqlar 30 il ermənilərin əlində idi. Nə qoyub getdilər? Xarabaxana, viran qoyulmuş şəhərlər, kəndlər! Dəfələrlə demişəm, hər dəfə də bu dağıntıları görəndə bir daha deyəcəyəm: Elə bil ki, burada vəhşi qəbilə yaşayıb. Burada ondan da eybəcər işlər görülüb - ancaq dağıtmaq, sökmək, yandırmaq. Bu qədər nifrət, bu qədər qeyri-insani hərəkət, görəsən, haradan qaynaqlanır? Bunu gərək psixoloqlar, yaxud psixiatrlar bizə desinlər. Çünki normal adam bu əməllərə əl atmaz.”

Bir sözlə, Ermənistanın işğalı dövründə tamamilə dağıdılmış və viran qoyulmuş 10 min kvadrat kilometrlik ərazidə yeni həyat qurulur. Bu torpaqların əzəli və əbədi sahibləri böyük şövqlə qurmaq və yaratmaqla məşğuldurlar. Qarabağ və Şərqi Zəngəzur torpaqlarında gedən nəhəng quruculuq işləri xalqımızının böyüklüyünün göstəricidir. O xalqımızın ki, tam etibar etdiyi rəhbəri-Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti sayəsində sabitlik, əmin-amanlıq və təhlükəsizlik şəraitində yaşayır, yaradır və gələcəyinə inamla baxır. Uca zirvələrə aparan gələcəyinə...

Elman Nəsirov
Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü,
Siyasi elmlər doktoru, professor

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 avq 2022, 14:21
Top