"Dünyada qıtlıq olacağı ilə bağlı proqnozlar bizi ehtiyatlı olmağa vadar edir"— RƏSMİ AÇIQLAMA

SOSİAL 24 iyn 2022, 20:17
"Bu il ölkədə 1 milyon 019 min 934 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Bunlardan 606 min 338 hektarını buğda, 413 min 596 hektarını isə arpa sahələri təşkil edir. Hazırda respublikamızın 38 rayonunda biçin işləri aparılır"

Bu məlumatı Demokrat.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov verib. Onun sözlərinə görə,  taxıl sahələrinin 26,4 faizində biçin prosesi başa çatıb: 

“Sahələrdən 713 min tondan artıq məhsul yığılıb.  İlkin olaraq arpa biçini aparılır. Arpa biçini ilə buğda biçini arasında təxminən 20 günə qədər fərq olur. Bu arpanın daha tez yetişməsi ilə əlaqədardır və arpa sahələrinin təxminən yarıdan çoxunda artıq biçin prosesi başa çatıb. Bizim hesablamalarımıza görə iyunun sonu iyulun əvvəllərində artıq arpa sahələrində biçin başa çatacaq. Hazırda biçin 50 hektara yaxın olan sahələrdə aparılır, prosesə 1371 kombayn cəlb edilib. Eyni zamanda fiziki və hüquqi şəxslərin özəl kombaynları da prosesdə iştirak edir.  Bir müddət əvvəl dağlıq rayonlarda davamlı yağıntıların olması arpa sahələrində biçinin aparılmasını bir qədər ləngidib. Sahələrin yaş olması səbəbi ilə kombaynlar sahələrə girə bilmirlər. Amma nəticə etibarilə aldığımız proqnozları nəzərə alaraq yaxın iki-üç gün ərzində həmin rayonlarda da arpa biçinin intensiv xarakter alacağını düşünürük.”

Vüqar Hüseynov əlavə edib ki, builki məhsuldarlıq ötənilki göstəriciləri üstələyə bilər. 


“Orta məhsuldarlıq hazırda 28 sentnerdi. Ümumilikdə taxılda orta məhsuldarlığın rəqəmləri buğda biçini intensiv xarakter aldıqdan sonra məlum olacaq. Buğda sahələrində biçin prosesi ən azı 50%-ə çatdıqdan sonra orta məhsuldarlığın nə səviyyədə olacağını demək mümkündür. Bugünkü biçin onu göstərir ki, biz ən azı ötən ilki məhsuldarlıq göstəricisinə nail olacağıq. Bəlkə də onun üzərində məhsul yığılacaq. Son vaxtlar dünyada qıtlıq olacağı ilə bağlı proqnozlar bizi ehtiyatlı olmağa vadar edir. Məhsuldarlığın artırılması isə bu yöndə görülən ən vacib işlərdəndir. Ölkəmizdə bunun üçün davamlı tədbirlər həyata keçirilir".

Gülçin Qorxmaz
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top