Azər Niftiyev: “Rusiya artıq əvvəlki Rusiya deyil”

GÜNDƏM 24 iyn 2022, 14:04
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana iki günlük işgüzar səfərə gəlib. İranın paytaxt Tehran şəhərindən Bakıya yola düşən Rusiya Xarici Siyasət İdarəsinin başçısını Prezident İlham Əliyev qəbul edib.

Görüşdə Azərbaycan-Rusiya münasibətlərinin perspektivləri, regionda vəziyyət, münaqişədən sonrakı durum, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupun fəaliyyəti barədə fikir mübadiləsi aparılıb. Bu gün isə azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşən Sergey Lavrov Şəhidlər Xiyabanını ziyarət edib, ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsini anıb və “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Qeyd edək ki, son ay ərzində Qərb, xüsusən də ABŞ rəsmilərinin Cənubi Qafqaza intensiv səfərləri fonunda Lavrovun ölkəmizə səfəri ciddi müzakirələrə səbəb olub. 

Mövzu ilə bağlı Demokrat.az-a danışan siyasi şərhçi Azər Niftiyev bildirib ki, Rusiyanın Ukraynaya qarşı hərbi müqaviməti və Moskvaya yönəlik embarqolar regionda yeni reallıqlar yaradıb: 

“Hesab edirəm ki, Lavrovun növbəti Bakı səfərini Azərbaycan-Rusiya münasibətləri çərçivəsində deyil, daha geniş spektrdə dəyərləndirmək lazımdır. Bundan öncə rusiyalı nazir Ankaraya, İrəvana və son olaraq isə Tehrana səfər edib. Bütün bunlar göstərir ki, Moskva regionda sıxışdırılması ilə barışmaq niyyətində deyil. Bu xüsusda Cənubi Qafqaz dövlətlərinin Rusiya ilə həmrəylik nümayiş etdirməsi və gələcək seçimi, o cümlədən Qərb üçün enerji dəhlizi kimi qiymətləndirilən Azərbaycanın mövqeyi Kreml üçün həlledici əhəmiyyətə malikdir. Bu səfər Moskvanın “yumşaq diplomatiya” siyasətinə söykənir və Azərbaycanla münasibətləri qoruyub saxlamağa və inkişaf etdirməyə yönəlib”.
 
Şərhçinin sözlərinə görə, regionda baş verən hadisələr ölkəmizin qarşısında geniş imkanlar açır: 

“Nəzərə almaq lazımdır ki, artıq Rusiya əvvəlki Rusiya deyil. Şimal qonşumuzun beynəlxalq siyasətdə olduğu kimi, regional məsələlərdə də mövqeləri əhəmiyyətli dərəcədə zəifləyib. Belə bir şəraitdə Azərbaycanın imkanı var ki, 44 günlük Vətən müharibəsində əldə etdiyi mövqeyini gücləndirsin. Türkiyə ilə müttəfiqlik və birgə diplomatik fəaliyyət də üstün tərəfimizdir. Təsəvvür edin ki, Qazaxıstan Rusiyaya arxa çevirir, Qərbə yaxınlaşmaq kursunu götürür. Açıq şəkildə bəyan edir ki, sanksiyalardan yayınmaqla özlərini təhlükə altına atmaq niyyətində deyillər”. 

“Azərbaycan isə rasional və balanslı siyasətini davam etdirir və bu bir-birinə düşmən kəsilən hər iki tərəfin, həm Qərbin, həm də Rusiyanın maraqlarına cavab verir” – deyən müsahibimiz əlavə edib ki, Bakı səfərindən sonra Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası istiqamətində mühüm irəliləyiş gözlənilir:

“Çünki Azərbaycan artıq diqtə edən tərəfdir və Azərbaycanla Ermənistan arasında sərhədlərin açılması, Türkiyədən məhsulların Rusiyaya çatması Moskva üçün çox vacibdir. Bu səbəbdən Rusiyanın Azərbaycanla Ermənistan arasında münasibətlərin bərpasında maraqlı olduğunu düşünürəm” – deyə Niftiyev fikrini yekunlaşdırır. 

Aynurə Pənahqızı 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top