“Bakı və Şuşa küçələrində gəzəndə hiss edirsən ki, heç bir can əbəs yerə ölməyib” — “The News Blaze”

QARABAĞ 23 iyn 2022, 23:02
ABŞ-ın məşhur “newsblaze.com” informasiya-analitik saytı II Qarabağ müharibəsində Azərbaycanın Ordusunda igidlik göstərmiş iki qazimizin timsalında müharibə və ondan sonrakı vəziyyət dolğun təsvir edilib.

Demokrat.az
-ın xəbərinə görə, “Azərbaycanın Müharibə Qəhrəmanları: şücaət və ümid” başlıqlı və müəllifi Nurit Qrinqer olan məqalədə hərbçilərimiz Arif Hacıyevin və kapitan Vasif  Dilavərzadənin Vətən müharibəsində yaşadıqları, yaralandıqdan sonrakı həyatları təsvir edilir. 

Materialın ilk cümləsi olduqca maraqlıdır: “Azərbaycan – ölkənin sizin üçün edə biləcəyi yox, sizin ölkəniz üçün nə edə biləcəyinizin olduğu yerdir”. 

Ümid, sülh və firavanlıq gətirən Qarabağdan müharibə hekayələri.

İsrail həkimlərinin xoşməramlı humanistliyi ilə azərbaycanlı müharibə veteranı, 24 yaşlı Arif Hacıyevin gözləri sağalıb.

Misgav Ladach Hospitalının oftalmoloqu doktor Yişay Falik könüllü həkimlər qrupu ilə Bakıdakı Zərifə Əliyeva adına Oftalmologiya xəstəxanasında 150 yaralı azərbaycanlı müharibə veteranının pulsuz göz əməliyyatları həyata keçirib.


Vətən Müharibəsi və ya “Dəmir yumruq” əməliyyatı

Birinci Qarabağ müharibəsi 1988-ci ilin fevralından 1994-cü ilin mayına qədər Azərbaycanın Dağlıq Qarabağ anklavı və onun ətrafında Rusiyanın dəstəklədiyi Ermənistanla Azərbaycan arasında baş verib. Müharibənin nəticəsi o oldu ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etdi və bu bölgədə yaşayan 800 min dinc azərbaycanlını məcburi köçkün vəziyyətinə saldı.

Beynəlxalq qurumların, o cümlədən BMT Təhlükəsizlik Şurasının Ermənistana qarşı dörd qətnamə qəbul etməsinə baxmayaraq, işğal olunmuş ərazilər otuz il ərzində qeyri-qanuni erməni işğalı altında qalıb. Xüsusilə, bu işğal bir milyona qədər azərbaycanlı məcburi köçkün üçün ağır olub.

Daha sonra 2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistan Silahlı Qüvvələri Azərbaycana qarşı genişmiqyaslı hücuma keçib. Ermənistan ordusunun hücumunu dayandırmaq və Azərbaycanın mülki əhalisinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatına başlayıb. Qarşıdurma sürətlə böyüyərək, koronavirus pandemiyasının ən qızğın çağında baş verən 44 günlük II Qarabağ müharibəsinə çevrildi.

Müharibə 10 noyabr 2020-ci ildə çoxlu sayda itki və 1245 əsgərin yaralanması ilə başa çatıb. Yaralılar arasında Füzuli şəhəri istiqamətində Yuxarı Əbdürrəhmanlı kəndində yaralanan Arif Hacıyev də olub.

Ermənistanın Azərbaycanın qanuni ərazisinin 20 faizinin qanunsuz işğalı ölkənin üzərinə ağır yük olub və həmin müharibədə yaşanan hədsiz qəddarlıqlar Azərbaycan xalqının yaddaşına dərin iz buraxıb. Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi ilə həmin dəhşətli vəziyyətə son qoydu.

Azərbaycanın qələbəsi haqqında daha çox öyrənmək üçün bu müharibənin iki yaralı veteranı ilə görüşmək qərarına gəldim ki, onların hekayəsini dünyaya çatdırım.

Arif Hacıyev haqqında

Bu yaxınlarda Bakıda olarkən Birinci Qarabağ müharibəsi başa çatdıqdan illər sonra, 1997-ci ildə anadan olmuş 24 yaşlı Arif Hacıyevdən müsahibə almaq şərəfinə nail oldum. Onun Bakının köhnə şəhərindəki qəribə kafedə əyləşdiyimiz vaxt mənə danışdığı zədəsi ilə bağlı hekayəsi mənim üçün çox emosional oldu.

Müharibə başlayanda Azərbaycan Prezidenti İlham Əliyev həmvətənlərini Vətənin müdafiəsi və təhlükəsizliyi uğrunda döyüşlərə qoşulmağa çağırdı. Döyüşməyi bacaran hər bir adam hərbi xidmətə yollandı. 

Arif iki il piyadada xidmət edib, ehtiyatda olarkən oxuyub və sonra qrafik dizayneri işləyib. O, 2020-ci ilin sentyabrında Vətəninin müdafiəsi naminə Qarabağda döyüşmək üçün ehtiyatda olan piyada dəstəsinə qoşulub. 2020-ci ilin oktyabrında onun bölüyünə ermənilərin atdığı minaatan mərmisi düşüb. Partlayış nəticəsində döyüşçülərdən 7-si həlak olub, onların arasında Arifin ən yaxın dostu Vahid də var. Arif isə ağır yaralanıb; sol qolu ağır sınıb, sağ gözü yarılıb və üzü dərindən kəsilib. Partlayışla Arif diri-diri basdırılıb və yaralandıqdan iki saat sonra avtomobillə təxliyə edilib.

Göz zədəsi alan bütün digər yaralı əsgərlər İsrail həkimlər qrupundan protez göz alsa da, donorun buynuz qişasını alan yeganə şəxs Arif olub.

Falik həkim Arifin gözündə keçirdiyi iki saatlıq əməliyyatı belə xatırlayır: 

“Arifə mərmi dəyib, yıxılıb, huşunu itirib, bir gözü açılıb. Hərbi hospitalda onun gözünü, buynuz qişasını, sklerasını yapışdırıb Zərifə Əliyeva adına Oftalmologiya xəstəxanasına göndərdilər. Arif travmatik katarakta keçirdi və onun zədələnmiş gözü yalnız işığı görə bilirdi”. 
Həkim Falik Arifin gözünə üçlü prosedur etdi. Arifin gözünün buynuz qişasını açıb çıxartdı; travmatik katarakta həyata keçirdi, gözdaxili linza daxil etdi. Daha sonra əməliyyat qrupu İsraildən buynuz qişa sifariş edib və buynuz qişa transplantasiyasını həyata keçirdi. Əməliyyatdan dərhal sonra Arif 6.45-i görə bildi. Bütün bunlar o deməkdir ki, Arif oftalmoloqun divar cədvəlini görə bilirdi və zaman keçdikcə görmə qabiliyyəti daha da yaxşılaşa bilər.

Bərpa

Bir il Azərbaycan xəstəxanasında və iki ay Türkiyədə xəstəxanada yatdıqdan sonra Arif uzadılmış sağalma prosesinə başladı. Babası və atası 1993-cü ildə Ermənistan tərəfindən Füzuli şəhərindən məcburi köçkün edilmiş, hazırda erməni işğalından azad edilmiş Arif indiyədək 7 əməliyyat keçirib və aylıq monitorinqi keçirilib.
"Sizin sağalmağınızda hökumətin rolu nədir" deyə maraqlandım və soruşdum.

Arif: “Bizim hökumətimiz ən yaxşısıdır. Aylıq müayinə və lazımi əməliyyatlar üçün nəinki mümkün olan ən yaxşı tibbi yardımı aldım, həm də “YAŞAT” Fondu tərəfindən ev, avtomobil və maddi yardım aldım”. YAŞAT Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Sərəncamı ilə yaradılmış İkinci Qarabağ müharibəsində yaralanan və həlak olan əsgərlərin ailələrinə dəstək olur.

"Valideynlərinizin zədələnməyinizə reaksiyası necə oldu?" Soruşdum.

Arif: “Əvvəlcə valideynlərim kədərləndilər. Halbuki onlar sağ qaldığım üçün sevinirdilər və daha çox fəxr edirdilər ki, mən Vətənimiz üçün döyüşdüm”.

Növbəti sualım isə “Əgər müharibə olsa, yenə döyüşərdiniz?” oldu.

Arif, Azərbaycanın qəhrəmanıdır. Cavabında “əlbəttə ki, mən yenə də Vətənim üçün döyüşəcəyəm” – deyir. 

Arif vurğuladı ki, aldığı zədələrlə yaşamağa fikir vermir. Onun sağalması yalnız 2 barmağının bütöv və yaxşı işlədiyi zədələnmiş qolunun istifadəsinə uyğunlaşmağı tələb edir. Amma bu Azərbaycan qəhrəmanı çətinlikləri aradan qaldırır. O, mini klaviaturadan istifadə edir və yenidən qrafik dizayn işinə qayıdır.

Kapitan Vasif Dilavərzadə

Arifin döyüş hekayəsinə 11 il Azərbaycan ordusunda xidmət etmiş, sonuncu dəfə Azərbaycan Piyada Əlahiddə Ümumqoşun Ordusunda bölmə komandiri kimi xidmət etmiş 31 yaşlı kapitan Vasif Dilavərzadənin döyüş hekayəsi də əlavə olunur.

Səliqəli geyinən və utancaq bir insan olan Vasiflə Media İnkişaf Agentliyinin məşğulluq ofislərində tanış oldum. Bir az axsaq olsa da, heyranedici qamətindən Vasifin bir ayağının ağır zədə aldığını söyləmək olmur.

Vasifin İkinci Qarabağ Müharibəsi əslində 2016-cı il aprelin 1-də Azərbaycanın Ermənistan tərəfindən qeyri-qanuni işğal olunmuş ərazisindəki 20 km strateji mövqelərini geri qaytardığı döyüşdə başlayıb.

Bu döyüş Vasifi dörd ildən sonra olacaqlara hazırladı.

27 sentyabr 2020-ci ildə Vasif ilk dəfə Kiçik Qafqazın ən yüksək dağ silsiləsi olan Murovdağ təmas xəttinə çağırılıb. Onun bölməsinin vəzifəsi yaxınlıqdakı strateji əhəmiyyətli ərazini azad etmək idi. Ermənilər onları ağır artilleriyadan atəşə tuturdular. O, qarşıda duran müharibədən qorxmurdu, yalnız onun bölməsinin azad etmək tapşırılan hədəf ərazini azad etmək tapşırığını yerinə yetirməyəcəyindən narahat idi.

Döyüş şiddətli idi. Vasif ayağından yaralanıb və şiddətli atışma nəticəsində onu təxliyə etmək mümkün olmayıb. Lakin onun bölüyü qalib gəlib, nəhayət əsgərləri arxada qalan erməni maşınına əl ataraq onu Füzuli xəstəxanasına təxliyə ediblər və bir gün sonra Bakı xəstəxanasına köçürülüblər.

Vasif çoxlu qan itirib və ayağını xilas etmək üçün 7 əməliyyat lazım olub. Onun bu ayağında dörd barmağı yoxdur, dizin altındakı əsəblər və damarlar işlək vəziyyətdə olmadığından yaralı nahiyədə hissiyyat yoxdur.

Vasif indi evlidir, müharibədən sonra iki qızı doğulub. O, deyir ki, 14 yaşında hərbi akademiyaya daxil olanda, gənc yaşlarından müharibəyə, döyüşməyə hazır olub.

Vasif, müharibədən əvvəl “10 illik qüsursuz xidmətə görə” medalı və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif edilib. İkinci Qarabağ müharibəsində şücaətlərinə görə “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Qubadlı azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.         

Tam sağalması üçün işlə, təqaüdlə, tibbi sığorta ilə təmin olunsa da, ev-eşiyi, maşınını almağı gözləsə də, əslində Vasif hərbi xidmətini davam etdirmək istərdi, lakin zədəsi onun fəal xidmətə qayıtmasına imkan vermir. 

Vasifdən həmyerlilərinə nə mesaj olduğunu soruşduqda o, dedi: “Gələcək nəslə sülh arzulayıram. Bununla belə, ölkənizi müdafiə etməyə hazır olun”.

Bakının və ya işğaldan azad edilmiş Şuşanın küçələrində gəzəndə hiss edirsən ki, Azərbaycanın suveren ərazisini erməni işğalından azad etmək üçün heç bir can əbəs yerə ölməyib.

Zaur
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top