Dövlət rüsumu ləğv edilir… Ət ucuzlaşacaqmı? — AÇIQLAMA

SOSİAL 23 iyn 2022, 17:17
Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin yeni qərarına əsasən, hər bir heyvana görə baytarlıq pasportunun alınması zərurəti aradan qalxacaq və qanunla nəzərdə tutulmuş dövlət rüsumu (20 AZN) tələb olunmayacaq. Bu isə öz növbəsində heyvan ətinə çəkilən xərcin azalmasına və qiymət ucuzlaşmasına səbəb ola bilər. 

Azərbaycan Qida təhlükəsizliyi Agentliyinin (AQTA) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva Demokrat.az-a bildirdi ki, bu vaxtadək 42 mindən çox iribuynuzlu heyvan identikləşdirilib. 



“Əvvəlki qaydalara əsasən hər heyvanın identifikləşdirmə nəticəsində heyvan sahibinə baytarlıq pasportu və identikləşdirmə haqqında şəhadətnamə verilməli idi. Baytarlıq pasportunun alınmasına görə isə dövlət rüsumu haqqında qanunda 20 manat dövlət rüsumu nəzərdə tutulub. Dəyişiklik nəticəsində isə hər bir heyvana görə baytarlıq pasportunun alınması zərurəti artıq aradan qalxacaq və nəticə olaraq bununla bağlı qanunda nəzərə tutulmuş 20 manat məbləğində dövlət rüsumu tələb olunmayacaq.”

İndi hər kəsi bir sual maraqlandırır. Dövlət rüsumunun ləğv olunması ətin satış qiymətinə təsir edəcəkmi? Kənd təsərrüfatı üzrə ekspert Emin Əliyev bildirdi ki, bu qərarın qiymətlərə təsiri özünü bir neçə ay sonra göstərəcək. 



“Qiymətlərin birdən-birə fantastik endirilməsi ilə bağlı olan təqdimat anlaşılan deyil. Həm də nəzərə alsaq ki, cəmi 20 manat və yaxud da 25 manat rüsumun aradan qaldırılmasından söhbət gedir, bu iribuynuzlu heyvanlarda ümumiyyətlə hər kiloya 10 qəpik, 20 qəpik arası, xırda buynuzlu heyvanlarda isə təxminən bir manat 50 qəpik, iki manat arası bir kilo da fərq edə bilər. Heyvanların ət və ət məhsullarının qiymətlərinin birdən-birə endirilməsi gözlənilmir.”

Əvvəllər iribuynuzlu heyvanlar 4 ay, xırdabuynuzluların 2 ay, damazlıq quşların isə 5 aylıq olduqda identikləşdirilirdi. Yeni qərardan sonra bütün kənd təsərrüfatı heyvanları doğulduqdan sonra 1 ay müddətində identikləşdiriləcək. Heyvanlara pasportlar yalnızca ixrac zamanı, alıcı ölkənin istəyi ilə verilə bilər.

Gülçin Qorxmaz
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top