“İran regionda baş verən geosiyasi hadisələrdən niyə narahatdır?” — ŞƏRH

GÜNDƏM 23 iyn 2022, 15:00
İranın Azərbaycana qarşı destruktiv siyasətini məshəbçi cihad sferasına keçirib. İstər bir müddət öncə bir qrup şəxsin Azərbaycanın Tehrandakı səfirliyi qarşısında keçirdiyi etiraz aksiyası, istərsə də son günlər bir qrup şəxsin paytaxtın fərqli məkanlarında etiraz aksiyası təşkil etmək cəhdi  bunu təsdiqləyir. 

Məsələyə münasibət bildirən politoloq Natiq Miri Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycana qarşı bu siyasət hər zaman gündəmdədir. Politoloq qeyd edib ki, zaman-zaman biraz bunun dozasını artırırlar, zaman-zaman da biraz səngidirlər:

“Əlbəttə ki, bu İranın geosiyasi maraqları kontekstində baş verir. Sadəcə bilirsiniz ki, son zamanlar dünyada təkcə regionda deyil, bir çox yerlərdə qlobal dəyişiliklər baş verir. Ukrayna-Rusiya, Rusiya-Qərb qarşıdurması fonunda yeni güc mərkəzlərinin yaranması kontekstində bir hərəkətlənmə hiss olunur. Bu xüsusda gələcəkdə dünyada öz layiqli yerinə tutmaq üçün Türk dünyası da hərəkətə keçib. Və bu yöndə Türk dövlətlər birliyi kontekstində fəaliyyət açıqca müşahidə olunmaqdadır. Nəzərə almaq lazımdır ki, bu məsələdə əsas iki avanqard ölkə var: qardaş Türkiyə və Azərbaycan. Azərbaycan prezidentinin son Özbəkistan səfəri və yaxud da ki, Türkiyə prezidentinin digər Mərkəzi Asiya ölkələrinə səfərləri də bilavasitə də bunu göstərir. Ayrıca Azərbaycanın bir də bəzi dövlətlərlə münasibətlərində yenidən istilik məcrası hiss olunması görünür İranı narahat etməkdədir. Söhbət son zamanlar Qərb dünyasının, xüsusilə də ABŞ və Avropa ölkələrinin tez-tez Azərbaycana səfərləri və xüsus da əlbəttə ki, Yaxın Şərqdə çox strateji ölkə olan İsrail və Azərbaycan münasibətləri də İranı narahat etməkdədir”. 



Politoloqun sözlərinə görə, son baş verən hadisələr sadəcə süni yaradılmış bir yalan hadisəsindən başqa bir şey deyil:

“Çünki Allahın özünün hörmətinin olmadığı bir məmləkət başqa bir dövlətdə Allahın hüququnun müdafiəsi ilə məşğuldur. Bu yalan olduğu qədər həm də absurddur. Çünki İranda islamın hara qədər olduğunu dünyada heç kim bilməmiş deyil. Ayrıca bunun üçün bir də siyasi təzyiq mexanizmləri düşünüblər. Bu da bir növ həbsdə olan Bağırovun gələcəkdə Azərbaycanda zərərçəkmiş şəxs kimi liderliyini və haqqı müdafiə edəcək bir lider şəxs kimi təqdim etmək istəyirlər. Çünki fikir verdinizsə, bu hadisə Azərbaycan sərhədlərini də aşdı. Hətta, Gürcüstanda İran casus şəbəkələrinə məxsus bəzi Azərbaycan türkləri əllərində Bağırovun şəkillərini, hətta qardaş Türkiyənin özündə belə bu xüsusda  müəyyən hərəkətlər oldu. Bütün bunların hamısı Azərbaycana mesajdır ki, Azərbaycan istənilən bir siyasət yürüdən də mütləq mənada İranın geosiyasi maraqlarını nəzərə almalıdır. Ayrıca bu xüsusda mən hər zaman bildirmişəm ki, Azərbaycan nə qədər də İranla yaxınlaşmaq, səmimi mənada yaxınlaşmaq istəsə də, mütləq mənada İran bu münasibətləri pozacaq yeni fikirlər ortalığa ata bilir. Ayrıca İranda hakimiyyətin bir monolik bir hakimiyyət olduğunu da düşünmək doğru deyil”. 

N.Miri əlavə edib ki, İranda müxtəlif güc mərkəzləri var ki, bu güc mərkəzlərindən Azərbaycanla normal münasibətlər sistemi qurmaq istəyənlər də var:

“Amma, bu münasibətləri hər zaman tormozlayan, əksinə böhran vəziyyətinə gətirmək istəyən şəbəkələr də var ki, bunların başında inqilabi mühafizə qüvvələri, yəni SEPAH dayanır. Ona görə də, bu məsələ ilə danışanda birmənalı olaraq İran dövlətini ittiham etməkdə doğru deyildir. Ancaq hər bir halda Azərbaycan əleyhinə baş verən hadisələr regionda baş verən bilavasitə geosiyasi hadisələrlə bağlıdır ki, bu da İranın maraqlarına xidmət etmir. Çünki İran nə İsraili, nə Qərb dövlətlərini, nə Amerika Birləşmiş Ştatlarını sərhədləri yaxınlığında görmək istəmir. Hətta, mən deyərdim ki, Qarabağın yenidən bərpasında, yenidən inşa olunmasında İranın bu prosesə qatılmasına razılığın verilməsinin özü kökündən yanlışdır. Çünki belə məsələləri anlayan, dəyər verən, qiymət verən deyil. İranın bir strateji xətti var və bu xətt Türk dövlətləri arasında əngəl yaratmaq ibarətdir ki, burada da süni əngəllərdən biri, yaradılmış süni dövlət olan Ermənistandır. Ona görə də, İran hər zaman Azərbaycana və Türk dövlətlərinə qarşı Ermənistan faktorundan istifadə edib və edəcək”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top