Sabiq deputat: “Operativ Qərargah sanki ölkəni həbsxana rejimi ilə idarə etməyə çalışır”

GÜNDƏM 22 iyn 2022, 16:52
“Bir il bundan qabaq əksər ölkələr, həmçinin Avropa Birliyinə daxil olan ölkələr quru sərhədlərini açdı. Azərbaycan yeganə ölkədir ki, hələ də quru sərhədləri bağlıdır. Bilirik ki, Türkmənistan və Şimali Koreya tipli ölkələrdə də sərhədlər bağlıdır, çünki onlarda bu əvvəlcədən belədir. Ölkədən gedib-gəlmək üçün çıxış vizası tələb olunur. Belə çıxır ki, Azərbaycan hökuməti  vətəndaşlarımızdan qeyr-rəsmi viza, icazə tələb edir. Hətta,  ölkə daxili regionlara, Qarabağa səfər etmək üçün də icazələr lazımdır. Yəni, ölkəmizdə analoqu olmayan bir situasiya yaranıb”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq deputat Nazim Baydəmirli deyib. Deputat vurğulayıb ki, xüsusən yay aylarında  Gürcüstan, Rusiya, İranda yaşayan milyonlarla vətəndaşlarmız quru yollarla ölkəmizə səyahət edirdilər:



“Qeyd edim ki, quru yolla Gürcüstana ildə 1 milyon yarım, 2 milyon azərbaycanlı gedirdi. Eyni zamanda, bunu Rusiyaya da, İrana da aid etmək olardı. Yəni, orada yüz minlərlə soydaşlarımız var ki, qohum-əqrəbası Azərbaycanda yaşayır. İran sərhədyanı ticarətlə məşğul olan yüzminlərlə vətəndaşlarımız quru yolla səyahət etməkdən məhrumdurlar. Ən əsas da bu kateqoriyadan olan vətəndaşlarımızın hava nəqliyyatında səyahət etmək, yaxud gedib-gəlmək üçün imkanları məhdduddur. Və belə olan halda dediyim kimi, Azərbaycan hökuməti vətədaşa vətəndaş gözü kimi baxmır. Və kağız üzərində olan Operativ Qəraragah sanki ölkəni viza rejimi ilə, daha doğrusu çıxış-gəliş tətbiq etməklə, həbsxana rejimi ilə idarə etməyə çalışır. Təbii ki, buna çoxlu sayda təpkilər mövcuddur. Sosial şəbəkələrdə bu haqda kifayət qədər məlumatlar dolaşır. İnsanlar, siyasətçilər, qeyri-hökumət təşkilatları, jurnalistlər suallar ünvanlayır. Amma hamısı cavabsız qalır. Pandemiya artıq bitib, vaksinasiya tam qurtarıb, xəstəlik sayı çox ciddi şəkildə sıfırlanıb, yəni artıq ictimai immunitet yaranıb. Ancaq quru yollarını belə qapalı saxlamaq anlaşılan deyil”.

Aynurə Pənahqızı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top